BSU-nun tələbələri: Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməkdən qürur duyuruq VİDEO

BSU-nun tələbələri: Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməkdən qürur duyuruq VİDEO

Cəbrayıl, 26 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçir.

AZƏRTAC-ın bölgə müxbiri Cocuq Mərcanlı kənd tam orta məktəbinə gedərək, təcrübəçi tələbələrlə həmsöhbət olub. Tələbələrin təcrübə rəhbəri rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib: “Pedaqoji təcrübəyə gələndə tələbələrə dedim ki, biz Cocuq Mərcanlıya həm təcrübəçi müəllim, həm də sıravi əsgər kimi gedirik. Vətənə olan borcumuzun heç olmasa kiçik bir hissəsini bu təcrübə ilə yerinə yetirək. İlk gündən məktəbin direktoru Zamin Həziyev başda olmaqla müəllim-şagird kollektivi bizi mehribanlıqla qarşıladılar. Biz Cocuq Mərcanlıda müəllimlərin, şagirdlərin böyük fədakarlığının, yüksək qonaqpərvərliklərinin şahidi olduq. Pedaqoji təcrübənin gedişindən çox razıyam. Tələbələr dərs zamanı şagirdlər arasında maraqlı müsabiqələr, psixoloji sorğular keçirirlər. Pedaqoji təcrübə həm tələbələr, həm də şagirdlər üçün olduqca maraqlıdır”.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Samir Abdulov təəssüratlarını belə ifadə edib: “Bura Vətənimizin işğaldan azad olunmuş bir hissəsidir. Cəbhə bölgəsində yerləşir. İlk gəldiyimiz gün məktəbin direktoru kənd, məktəb haqqında bizə geniş məlumat verdi. Fotostendlərdə kəndin erməni işğalçıları tərəfindən dağıdılmış görüntüləri ilə tanış olduq. Bu görüntülər bizə pis təsir etsə də, Cocuq Mərcanlının Prezident İlham Əliyevin sərəncamları ilə yenidən qurulması, müasir bir qəsəbəyə çevrilməsi bizi çox sevindirdi. Əhalisi çox mehriban və qonaqpərvərdir. Burada mehribanlıq, isti münasibət gördüm. İşğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə və növbəti illərdə tələbələrin Qarabağımızın digər ərazilərində də pedaqoji təcrübələr keçəcəklərinə əminəm”.

Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ülviyyə Mədətova isə Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməkdən qürur duyduğunu bildirib: “Eşidəndə ki, pedaqoji təcrübəni işğaldan azad edilmiş Cocuq Mərcanlıda keçəcəyəm, düşünmədən qəbul etdim. Qəsəbədə sakinlər üçün lazım olan bütün şərait yaradılıb. Məktəbdə istedadlı şagirdlər çoxdur. Onlar bilik, savad əldə etmək üçün çalışırlar. Fəxr edirəm ki, Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirəm”.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Leyla Hacıyeva isə deyib: “Mən əvvəlcə Bakı məktəblərindən birində pedaqoji təcrübədə olacağımı düşünürdüm. Təcrübə keçəcəyimiz məktəblərin siyahısında Cocuq Mərcanlı kənd məktəbinin də adını gördüm və könüllü olaraq buraya gəlməyə qərar verdim. Kənd cəbhə xəttinə yaxın məsafədədir. Hərbçi ailəsində doğulduğum üçün bu, məni qorxutmur. Əksinə, təcrübəni cəbhə bölgəsində, vətənpərvər insanlarla bir yerdə keçməkdən qürur və şərəf hissi duyuram. Biz dərsləri kurikulum əsasında tədris edirik. Məktəbdə yaradılan şərait yüksək səviyyədədir. Slaydlardan, proyektorlardan istifadə etmək imkanımız var. Çalışırıq ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək”.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin tələbələrinin Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübəsi mayın 5-dək davam edəcək. Bundan əvvəl isə Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi də Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübədə olublar.

Açar sözlər
Ilham Əliyev , Zamin Həziyev , Samir Abdulov , Leyla Hacıyeva , Ülviyyə Mədətova , Azərbaycan Dillər Universiteti , Bakı Slavyan Universiteti , Azərbaycan , Bakı , Cəbrayıl
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər