Bu ağaclar astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir - Köçürülür

Bu ağaclar astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir - Köçürülür


Sumqayıtda Cənubi Qafqaz qovağı kimi tanınan «Turanqa» ağacları şəhərdən köçürülür. Yaz aylarında bu ağacların tozcuqları astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir. Şəhər sakinləri bununla bağlı narahatlığını Sumqayıt şəhər İcra Hakimiyyətinə bildirib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə həmin ağaclar şəhərdən kənara köçürülür. Bu qovaqların əvəzinə isə başqa ağaclar əkiləcək.
Qeyd edək ki, paytaxtda da «Turanqa» ağacları çoxdur. Bir neçə il əvvəl qovaqların Bakı şəhəri ərazisindən də köçürülməsinə başlanmışdı. Həqiqətən də yaz aylarında ağaclarda başlanan tozlanma mərhələsi tozcuqlara həssas olan insanların səhhətinə mənfi təsir edir. Öskürək, gözlərdə qaşınma, qızartı, şişkinlik yaradır. Ekoloqlar bu fikirdədir ki, ümumiyyətlə, küçə və parklarda, xiyabanlarda yaşıllaşdırma işləri aparılarkən əkilən ağacların xüsusiyyətləri nəzərə alınmalıdır. Hər bir bitkinin xüsusiyytəinə uyğun öz münbit məkanı vardır. Hər ağacı, hər yerdə əkmək düzgün deyil. Bunu şəhər təsərrüfatı idarəsi nəzərə almalıdır.
Ekspertlər bildirir ki, «Turanqa» ağacları Bakıya Rusiyadan gətirilib. Bununla şəhərin yaşıllıq problemini qısa zamanda həll etmək istəyiblər, çünki bu qovaqlar tez boy atır, böyüyür. Amma göründüyü kimi, tələskənlik illər sonra mənfi təsirini göstərməyə başlayıb.
Pediatr Vaqif Qarayev də qovaq ağaclarının köçürülməsini alqışlayıb:
- Pambıqlı Qovaq allergendi. Onları köçürürlərsə, əla iş görürlər.
Həkim-allerqoloq Lətifə Allahverdiyeva ağacların tozcuqlarının, hətta ətrinin də insanlarda allergik renit, allergik kannyuktivit kimi xəstəliklər yaratdığını deyib. Həkim bildirib ki, bunun fəsadları bronxial astmaya gətirib çıxara bilir. Qorunmaq üçün həkimə müraciət etmək və həmin mühitdən uzaq olmaq lazımdır. Həkim qeyd edib ki,allergik xəstəliklərə tutulmalar adətən yaz aylarında baş verir. Buna ağacların tozlanması və hava dəyişkənliyi təsir edir. Havadakı tozcuqlar insan orqanizmi, xüsusən də nəfəs yolları üçün çox təhlükəlidir. Ona görə də insanlarımız sağlamlıqlarına fikir vermılidir:
- Allergiya "allergen” adlandırılan bəzi faktorlarının - kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.-nin təsiri ilə əlaqədar orqanizmin qeyri-adi, qabarıq cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən, planetimizin hər yeddi adamından biri allergiyaya düçardır. Başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Ən çox yayılmış təsiredici amillər - qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.
Allergiya simptomları, əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Burnun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, nəfəsalmanın çətinləşməsi, təngnəfəslik allergiyanın əlamətləridir.
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir.
Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.Allergiya elə bir xəstəlikdir ki, allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.
Məlahət

Hadisə xəbərləri
Sherg.az digər xəbərlər