"Bu ermənilərə çox etibar eləmək olmaz ey, çörəkləri dizlərinin üstündədi..."

"Bu ermənilərə çox etibar eləmək olmaz ey, çörəkləri dizlərinin üstündədi..."

Deməli, belə. Hörmətli Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri bu günlərdə Moskov şəhərində, dəqiq sayını itirmişəm – 350-cidi, 355-cidi- nədi görüşüblər.


Vaxtilə rəhmətlik Vəfa Quluzadə ermənilərlə hər dəfə görüşdən sonra deyirdi ki, bir addım da irəli getdik. Mən də o vaxt o addımları hesablayırdım, qəzetdə yazdım ki, Vəfa müəllim, hesablamışam, artıq sizin dediklərinizlə biz Ağdam Ət Kombinatının yanındayıq. Hər görüşdə bir addım atsaq, tezliklə Mədəniyyət Evinin yanında olacağıq.


İndi bizdə də hər görüşdən sonra çox müsbət bəyanatlar olur. İçi mən qarışıq millət sevindiyindən bir neçə gün bayram edir.


Hörmətli Elmar müəllim bu görüşü çox müsbət qiymətləndirdi, iyi təkliflər olduğunu söylədi.


Biri lap ürəyimdən oldu. Deməli, Ermənistanın dış işlər bakanı ilə belə razılığa gəliblər ki, jurnalistlərimiz xoş bir təmas qursunlar. Ermənistan jurnalistləri sürü halında Bakıya gəlsinlər, Azərbaycanı gəzsinlər, bizim jurnalistlər də qrup halında İrəvana getsinlər, Dağlıq Qarabağa getsinlər, Xankəndinə getsinlər və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.


Bu da mənə çox ləzzət elədi.


Ayravani, ayravani çandrika,


Çitraxuda, çitraxuda işvara.


Xan demişkən, çox sevindim ki, ay can, ay can İrəvana gedirik.


Bundan əvvəl də bizim jurnalistlər müxtəlif beynəlxalq təşkilatların tərkibində və ya fərdi qaydada İrəvanda, eləcə də Xankəndində olublar, eləcə də erməni jurnalistlərin, bölgələri bilmirəm, amma Bakıda olduqlarından mətbuatdan xəbər tutmuşuq.


Sonra bir sülh platforması qayırdılar, bizimkiləri bilmirəm, amma ermənilər o platformaya minib Bakını su yoluna döndərdilər, hətta gedib Gəncədə keçmiş qonşularıyla qucaqlaşıb ağlaşdılar, bəziləri də qalıb burda işləyir. Amma nədənsə son zaman bu sülh platforması zəiflədi, deyəsən, millət yaxşı qarşılamadı.


İndi bu son görüşdə Allaha şükür, bir addım irəli getdik, yazar-pozarların tez-tez görüşmələri, səfərlərinin təşkili , bir sözlə, yeni sülh göyərçinləri. Yəni yığışıb İrəvana gedəcəyik.


Amma bu ermənilərə çox etibar eləmək olmaz ey, çörəkləri dizlərinin üstündədi. Bax, xarici işlər nazirləri görüşəndə Xankəndində az qala futbol üzrə Avropa çempionatı keçirirdilər. Namərdlər, bax bizi dəvət eləmirlər. Ən azı Xarici İşlər Nazirliyinin diplomat əməkdaşlarından gözəl bir komanda ilə o yarışa gedərdik, bu da jurnalist səfərləri üçün yeni açılmış bir cığır olardı. ("Ədalət" qəzeti)

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər