Büdcədən oğurlanan 23 milyonla bağlı açıqlama

Büdcədən oğurlanan 23 milyonla bağlı açıqlama

Hesablama Palatasının yoxlamaları nəticəsində 22 milyard manatlıq büdcədən 23 milyon manat vəsaitin mənimsənilməsi üzə çıxarılıb.

Bu haqda açıqlama verən deputat Fəzail Ağamalı deyib ki, Palatanın müstəqil fəaliyyəti üçün qanunvericilik bazası var: “Sadəcə olaraq, kənar təsirlər var, palatanın işinə qarışanlar var. Hesablama Palatası müstəqilliyini təmin etməlidir. Kənar təsirlərə fikir verməməli, kimlərinsə sözünə baxmalı, məruz qalmalı deyillər. Milli Məclisə tabe qurum kimi işini davam etdirməli, audit aparmaq hüququndan qanunauyğun şəkildə istifadə etməlidir. Hesablama Palatası 23 milyon manat pulun yayındırılması haqda hesabat verib. Əslində bunun adı yayınma deyil, əslində bu, büdcə vəsaitinin mənimsənilməsi, büdcə vəsaitinin oğurlanmasıdır.

23 milyon manat pulu büdcədən oğurlayıblar. Əgər nöqsan varsa, bu ayrıca göstərilməlidir. Yayınma varsa, bu, ayrıca qeyd olunmalıdır. Hər birinin fərqli təsnifatı və hüquqi qiyməti var. 23 milyon manat vəsaitin büdcədən yayınma kimi göstərilməsi yanlışdır. Hesablama Palatası işini yenidən qurmaq üzərində çox ciddi şəkildə düşünməlidir. Büdcə icrasında müəyyən olunmuş yayınmalar, mənimsəmələrin ayrılıqda təsnifatı aparılaraq hüquqi qiymət verilməsinə nail olunmalıdır. Hesablama Palatası hüquq-mühafizə orqanı deyil. Konkret faktları müəyyən edib Respublika Prokurorluğuna göndərməli, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmalıdır. Heç kimə güzəşt olunmalı deyil. Cinayət Məcəlləsində büdcə oğurluqları ilə bağlı maddələrin sanksiyaları sərtləşdirilməli, büdcədən oğurluq etmiş məmurlara amnistiya, əfv fərmanları şamil edilməli deyil. Təyin olunmuş cəzaların günə-gün çəkmələri təmin edilməlidir. Büdcədən oğurluqların qarşısının alınması üçün bu addımlar atılmalıdır”.

Hesablama Palatasının hesabatlarında “yayınma”, “təyinatı üzrə xərclənməmə” ifadələrinin əvəzinə “büdcə vəsaiti mənimsənilib”, “şəxsi məqsədlər üçün istifadə olunub” ifadələrinin işlədilməsi haqda təkliflər var. Belə təkliflərin müəllifləri düşünürlər ki, büdcədən oğurluq etmiş məmur bu halda oğurluq etdiyinin məsuliyyətini dərk edə bilər və əməlindən əl çəkər.

Fəzail Ağamalı belə təkliflərin də dəyərləndirilməsinin vacib olduğunu deyib: “Razıyam ki, əməl oğurluqdursa, elə oğurluq kimi də göstərilməlidir. Adı nöqsan qoyulmamalıdır. Mənimsəmədirsə, elə mənimsəmə kimi də yazılmalıdır. Külli miqdarda büdcə vəsaiti təyinatdan kənara çıxarılırsa, həmin vəsait mənimsənilirsə, bunun 1 adı var - cinayət!”

Fəzail Ağamalı məmurların biznes qurması ilə bağlı da araşdırmalara ehtiyac olduğunu deyib: “Məmur vəzifədə olanda onun qurduğu bizneslə bağlı araşdırmalar aparılmalıdır. Ancaq bu olmur, məmur vəzifədən çıxarılandan sonra mətbuatda biznesi haqda geniş məlumatlar verilir. Sənədli-sübutlu siyahı təqdim olunur. Məmur həmin siyahılara reaksiya vermir, eyni zamanda KİV-də dərc olunan yazılara hüquq-mühafizə orqanları da reaksiya vermir. Hüquq-mühafizə orqanlarının verdiyi qiymət, ictimai qınaq büdcənin mənimsənilməsinə həvəsli olan məmurların bu yoldan çəkilməsinə böyük təsiri ola bilər”.

Musavat.com

Siyasət xəbərləri
Yenisabah.az digər xəbərlər