Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Nərimanov rayonunda "28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü" və "Əmək münasibətlərinin rəsmiləşdirilməsinin əsasları və qaydaları" mövzularında maarifləndirici tədbir keçirib. "Olaylar" xəbər verir ki, tədbirdə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2019-cu il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusunun "Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi" kimi müəyyən olunduğu vurğulanıb. Qeyd olunub ki, Konstitusiyamızda hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib və ötən dövrdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramı nəticəsində ölkəmizdə əhalinin məşğulluq imkanları artırılmaqla, işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində dövlət siyasəti də güclənir.
Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli sayılmış 42 bədbəxt hadisənin Xidmət tərəfindən təhqiqatı aparılıb. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılmış təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.