"Cenevrədəki Azərbaycan nümayəndəsi ermənilərin son təxribatıyla bağlı daha bir görüş keçirib”

“BMT Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına aid “hesabat” da əlavə olunmuş sənədini niyə qəbul edir?”-XİN Mətbuat Xidməti cavab verir...
Xəbər verildiyi kimi, aprelin 18-də Birləşmiş Millətlər Təşkilatında (BMT) rəsmi sənəd olaraq “Vətəndaşlıq və siyasi hüquqlar barədə” beynəlxalq paktın müddəalarının həyata keçirilməsinə dair qondarma “Artsax Respublikası”nın ilk dövrü "hesabat"ı yayılıb. Azərbaycan ictimaiyyəti tərəfindən kəskin qarşılanan qanunsuz sənədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev (Rəhimoğlu) də münasibət bildirib. Mediaya açıqlamasında Fond rəhbəri Xarici İşlər Nazirliyini sözügedən hesabatı “bir kağız parçası” adlandırmaqla kifayətlənməməyə, daha ciddi tədbirlər görməyə çağırıb. Qeyd edək ki, U.Mirzəyev məsələ ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının 73 sessiyasının prezidenti xanım Maria Fernanda Espinoza Qarsezə, BMT-nin insan haqları üzrə ali komissarı xanım Mişel Baçeletə ciddi bəyanat ünvanlayıb.
Leyla Abdullayeva sualımızı belə cavablandırıb:
“Bu günlərdə KİV-ə bəhs edilən mövzu barədə verdiyimiz rəsmi açıqlamadakı fikirləri bir daha təkrarlamağa məcburuq. Həmin açıqlamada Azərbaycan XİN-in növbəti erməni təxribatıyla bağlı hansı tədbirlər gördüyü sadalanıb. Öncə qeyd etmək istərdim ki, burada qondarma erməni rejiminin BMT-nin İnsan Hüquqları Şurasına təqdim etdiyi illik hesabatından söhbət gedə bilməz. Mətbuatda məlumatı təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir. Ermənistan KİV-lərinin bir çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin kağızlarını əlavə edirlər. Ermənistan tərəfinin BMT, eləcə də ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini əks etdirmədiyini bildirirlər. Sözügedən sənədə diqqətlə baxsanız, burada sənədin əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe bildirməsi demək olmadığı aydın şəkildə yazılır. Qeyd etmək istərdim ki, ATƏT-də də eynilə bu kimi sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi birmənalı şəkildə qeyd olunur.
Ümumiyyətlə, Azərbaycan ərazilərini işğal edərək burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, o cümlədən işğal zamanı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər törədən, yüz minlərlə etnik azərbaycanlının öz doğma evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır. Bu kimi addımlarla Ermənistan, ilk növbədə, öz əhalisini aldadır və işğal etdiyi ərazilərdə yaratdığı qondarma oyuncaq qurumun guya ki, tanınması görüntüsünü yaratmaq istəyir.
BMT-də Ermənistan nümayəndəliyi tərəfindən yayılan sənədə gəldikdə isə qeyd etmək istərdim ki, bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb. Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüşü keçirilib və Ermənistanın Cenevrədəki daimi nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib. Və bu görüşlər davam etdirilir. Dünən də belə bir görüş keçirilib. Görüşlərdə qeyd olunub ki, erməni tərəfinin bu cür təxribatları yolverilməzdir və BMT rəhbərliyi bunlara qarşı ciddi tədbirlər görməlidir. Onu da vurğulayım ki, bu və bundan öncəki erməni təxribatlarıyla bağlı BMT və digər beynəlxalq qurumlara ünvanladığımız məktublar rəsmi sənəd kimi yayımlanıb və həmin sənədlər də bildirilib ki, Ermənistanın öz hesabat sənədlərinə əlavə etdiyi qondarma rejimə aid kağızların heç bir hüquqi əsası yoxdur”.
“Bəs əsas məsələ odur ki, BMT rəhbərliyi niyə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarılmış separatçı rejimin də “hesabat”ını əlavə etdiyi sənədləri niyə qəbul edir?”
sualımıza L.Abdullayeva belə münasibət bildirib:
“Çünki prosedur belədir ki, BMT-yə hər bir üzv ölkə öz hesabatını yaya bilər. Ermənistan da bunu öz məktubu kimi yayır”.
“Axı BMT-də işğalçı ölkənin hesabatını qəbul edənlər görür ki, həmin dövlət öz ərazisinə aid olmayan, bu beynəlxalq təşkilatın digər üzvü Azərbaycanın ərazisində qondarılmış saxta qurumun "hesabat"ını da göndərib. Bəs niyə bu saxtalaşdırılmış sənədi geri qaytarmır?” sualını isə XİN rəsmisi belə cavablandırıb:
“BMT-də bu xarakterli məktubları paylamamaq mexanizmi yoxdur. Yəni Ermənistanın dövlət olaraq BMT-də bunu yaymaq hüququ var. Amma BMT rəhbərliyi də məsələyə etirazlar olduqda və məsələ qondarma, tanınmamış separatçı rejimlərlə bağlı olduqda həmin sənədə əlavə edir ki, belə məktubların paylanması BMT-nin həmin separatçı qurumları tanıması anlamına gəlmir”.
Sultan Laçın