Çinlə əməkdaşlıqda yeni inkişaf mərhələsi- Siyasi ekspert

Çinlə əməkdaşlıqda yeni inkişaf mərhələsi- Siyasi ekspert

"Bir kəmər, bir yol" İkinci Əməkdaşlıq Forumunda Azərbaycanın iştirakı ölkəmizin bu geosiyasi layihəyədə əsas ölkə olduğunun göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Çin Xalq Respublikasında işgüzar səfədə olub. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirən dövlət başçısı eyni zamanda, "Bir kəmər, bir yol" İkinci Əməkdaşlıq Forumunda da iştirak edib.

Həm dünyanın super güclərindən biri sayılan Çinlə əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığı yeni bir mərhələyə çatdırmaq, həm də çoxtərəfli əməkdaşlıq və nəqliyyat sahəsində mühüm əhəmiyyət kəsb edən belə bir forumda iştirak etmək Azərbaycan üçün önəm kəsb edir desək yanılmarıq. Çünki qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın tranzit daşımaları və nəqliyyat sahəsində atdığı addımlar, həyata keçirdiyi layihələr Pekin tərəfindən də maraqla qarşılanır və Çin də öz növbəsində bu sahədə, eləcə də digər istiqamətlərdə Azərbaycanla əməkdaşlığa önəm verir. Elə əksər ekspertlər də Çinlə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsini müsbət dəyərləndirərək dövlət başçısının bu ölkəyə səfərinin də ikitərəfli əməkdaşlıq baxımından önəmli olacağını düşünürlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Çində keçirilən "Bir kəmər, bir yol" İkinci Əməkdaşlıq Forumunda Azərbaycanın iştirakı ölkəmizin bu geosiyasi layihəyədə əsas ölkə olduğunun göstəricisidir. Onun sözlərinə görə, "Bakı-Tiflis-Qars", "Şimal-Cənub Nəqliyyat" dəhlizi dəmir yolları Çinin "Bir kəmər, bir yol" strategiyasına daxildir və Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyasıdır: "Çindən dəmir yolu vasitəsi ilə daşınan yüklər Avropaya Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yola salınıb. Azərbaycanın bu layihə çərçivəsində Çinlə strateji yaxınlaşması nəticəsində Bakı, Çin kimi nəhəng siyasi və hərbi gücə malik olan ölkənin Qarabağ münaqişəsində dəstəyini ala bilər. Bundan əlavə, iqtisadi və hərbi-texniki birgə layihələrin icrasını da reallaşdıra bilər".

Politoloq deyir ki, Çin dünyanın ikinci iqtisadi gücünə malikdir, siyasi-hərbi imkanları genişlənməkdədir: "Çin bu layihə vasitəsilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdə əsas yollara nəzarət mexanizmini əldə etməyə çalışır. Çinin "Bir kəmər-bir yol" adlı idyeası orta əsrlərdə Tan və Yuan xanədanları dövründə Avrasiyadan keçən ticarət yolları üzrə iqtisadi ekspansiyası deməkdir. Bu da Birləşmiş Ştatlarla ciddi rəqabət deməkdir. Azərbaycan bu iki nəhəng ölkələr arasında davam edən rəqabət fonunda öz milli siyasi xəttinə uyğun olaraq faydalanmalıdır".

Məhəmməd Əsədullazadə hesab edir ki, Çinlə Azərbaycanın əməkdaşlığı müxtəlif sahələri əhatə edə bilər: "Bura iqtisadi və hərbi-texniki əməkdaşlıq daxildir. Göründüyü kimi, Çin də bu əməkdaşlıqda maraqlıdır. Çin prezidenti Tsi Sipinin prezident İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ölkəmizin siyasi və regional əhəmiyyətini vurğulaması, rəsmi Pekinin regionda Azərbaycanla strateji əməkdaşlıqda maraqlı olduğunu göstərir. Çin prezidentinin ölkəmizə səfərinin planlaşdırılması artıq iki ölkə arasında yeni inkişaf mərhələsinin başlanması deməkdir. Bu gün Çin dünyanın inkişaf etmiş hərbi texniki imkanlarına malikdir. Azərbaycanın Çinlə hərbi-texniki əməkdaşlıq müqaviləsi bağlaması reallaşa bilər. Çindən yeni artilleriya və raket silahaları, həmçinin qırıcı təyyarələrinin alınması, onların birgə istehsalı mümkündür. Düşnürəm ki, Çin də bunda maraqlıdır, Çünki, yeni silah bazarı uğrunda ölkələr arasında rəqabət gedir. Çin prezidentinin ölkəmizə səfərində yeni hərbi əməkdaşlıq müqavilələri bağlanmasını istisna etmirəm".

Politoloq onu da diqqətə çatdırıb ki, bu gün Ermənistan Çinlə müəyyən dərəcədə hərbi əməkdaşlığa can atır: "Azərbaycan buna imkan verməməli və Çinlə əməkdaşlığı yüksəsk səviyyəyə qaldırmalıdır. Çin Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində rəsmi Bakının mövqeyini dəstəkləyir. Bizim bu ölkə ilə silah müqaviləmiz, Rusiyadan silah alışı aslılığımızı kifayət qədər azaldacaq. Azərbaycanın da silah alışı alternativ imkanlarnın genişlənməsi Ermənistanı pat vəziyyətə salır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər