Çörək və kitab


O, yolu ali məktəbdən düşmüş xeyli azərbaycanlı gəncin tanıdığı, hörmətlə adını çəkdiyi şəxs idi.

Kitab bazarında qiymətlərin qalxdığı, kəmiyyətin çoxaldığı, keyfiyyətin isə azaldığı bir dövrdə hər kəsin axtardığı adam idi.

Sovet Azərbaycanında açılan kitab mağazalarının, bəlkə də, sonuncu yadigarı ona məxsusdu. Kitabxanaların marketlərə çevrildiyi dönəmdə maarifçiliyi kapitalizmin cənginə buraxmayaraq kitaba sədaqət göstərmiş nadir insan idi.

Bugün onun vəfat xəbəri yayıldı. Daha öncə də ölümü ilə bağlı məlumat verilsə də, qızı bu xəbəri təkzib etmiş, kitabsevərləri sevindirmişdi.

Təəssüf ki, bu dəfə xəbər doğru çıxdı. Gənclərin sevimlisi kitabçı Elman dayı artıq aramızda yoxdur.
Sovet İttifaqı 25 ildən çoxdur dağılsa da, Elman dayı zaman içində səyahət edərək keçmiş imperiya dönəmində çap olunan kitabları haradansa tapıb satışa çıxarırdı.

Bu “haradansa” qismi mənə həmişə maraqlı gəlib. Çünki onun mağazasındakı Sovet nəşri kitabların əksəriyyəti evlərdən verilən kitablar deyildi, sanki mətbəədən yeni çıxmış kimi təzə idi.

Son illərdə yaşlandığı üçün mağazasında keyfiyyətli kitabların sayı azalsa da, yenə də vaxtlı vaxtında mağazanı açar, axşam saat 18-də qapayardı.

Elman dayı adi bir kitab satıcısı deyildi, geniş bilgiyə sahib mükəmməl bir şəxs idi. Satdığı kitabların əksəriyyətində nədən bəhs edildiyini bilir, gənclərə tövsiyələr verirdi.

Bir sözlə, Elman dayı kitabın ucuz və keyfiyyətli olduğu dönəmin sonuncu təmsilçisi idi.

***
İndi hər kəsi İçərişəhərdəki kitab mağazasının taleyi maraqlandırır.

Bildiyim qədər həmin mağaza Elman dayının özünə məxsus idi, dəfələrlə satmasını istəsələr də, buna qarşı çıxmışdı. Çünki Qız qalası ilə bir restoranın arasında yerləşdiyi üçün ticari baxımdan çox əlverişli yerdi. Ailə üzvlərinin Elman dayının fəaliyyətini davam etdirəcəyi sual altında olduğu üçün, tezliklə bu mağaza haqqında keçmiş zamanda danışası ola bilərik.

Elman dayının yoxluğu həm də əlimizdən canlı bir müqayisəni də almış oldu.

Bugünkü kitab naşirləri kitabın baha satılmasının dəstəkçiləri olduğu üçün min cürə bəhanəyə sahibdirlər. Elman dayının isə hər dəfə dediyi bir söz vardı: Bir ölkədə mütləq şəkildə iki şey ucuz satılmalıdır: kitab və çörək.

Təəssüf ki, ölkəmizdə kitabların qiyməti hər ötən gün qalxmaqdadır. Burada ölkəyə gətirilən kağızın qiymətindən tutmuş bir çox haqlı səbəblər var. Amma bütün hallarda dövlət bu məsələdə dəstəyini göstərməlidir. Məsələn, Türkiyədə kitaba qoyula ƏDV bu yaxınlarda ləğv edildi.

Dövlət kitab, jurnal və qəzetin inkişafı üçün mütləq şəkildə öz rıçaqlarından istifadə etməli, marağı büdcədən deyil, nəşrdən yana olmalıdır.


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər