Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var- Şərh

Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var- Şərh

"Sülhə hazırlaşmağın ən yaxşı yolu müharibəyə hazır olmaqdır"

Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin son görüşündə bir sıra razılaşmaların əldə olunmasına baxmayaraq işğalçı dövlət xislətindən əl çəkməyərək ölkəmizə qarşı əsassız ittihamlar yağdırmaqda davam edir. Məsələ orasındadır ki, belə ittihamlar Baş nazir Nikol Paşinyandan tutmuş Ermənistanın bütün dövlət qurumlarının rəhbərləri tərəfindən səsləndirillir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan danışıqlar yolu ilə torpaqları geri qaytarmaq niyyətində deyil. Millət vəkili Tahir Kərimli qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar gedir. Xarici işlər nazirləri arasında müəyyən razılaşmalar var ki, xalq diplomatası adı altında jurnalistlər qarşıqlıqlı səfərlər etsinlər, xalqlar arasında sülh yaradılsın və sair: "Bəzən arqument gətirirlər ki, Almaniya ilə SSRİ də bir-biri ilə barışdı. Məsələ orasındadır ki, faşizmi öz yuvasına qədər qovdular, onu təslim aktına imza etdirdilər, sonra sülh razılaşması əldə olundu. Ermənistanla Azərbaycan arasında davam edən müharibədə isə bu qədər insan qırılıb, şəhidlər verilib, belə halda hansı sülh danışığından söhbət gedə bilər?" Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi bütün beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hücuma keçib: "Ermənistanda heç bir barışıq amili müşahidə olunmur. Belə halda xalqı sülhə, təslimçiliyə hazırlamaq heç cür başa düşülən deyil. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan tərəfi heç bir halda torpaqlarını güzəştə getməyəcək. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas prinsip kimi əldə rəhbər tutulur. Ermənilər isə açıq şəkildə bəyan edir ki, bacarırsınızsa gəlin torpaqlarınızı alın. Bir qarış da torpaq verməyəcəyik. Bizi qorxaqlıqda ittiham edirlər. Ermənilər arasında bizə qarşı bir faiz də meyl yoxdursa, hansı sülh danışıqlarına gedirik?". Millət vəkili əlavə edib ki, sülhə hazırlaşmağın ən yaxşı yolu müharibəyə hazır olmaqdır: "Bu baxımdan hesab edirəm ki, bu konsepsiyanı dəyişmək lazımdır. Heç olmasa Xarici İşlər Nazirliyi bəyanat verməlidir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunduqdan sonra bu istiqamətdə hansısa addım atmaq olar. Eyni zamanda, Dağlıq Qarabağın birbaşa Azərbaycanın tərkibində olması müddəaları qəbul olunmalıdır. Birbaşa bəyan edilməlidir ki, Azərbaycan unitar dövlətdir, onun ərazisində ikinci erməni dövlətin yaradılması qeyri-mümkündür. Hazırda tərəflər arasında aparılan danışıqlar xalqı əməlli-başlı çaşdırıb". Millət vəkili, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd edib ki, Azərbaycanda heç bir vəzifəli şəxs indiyə qədər ərazi bütövlüyümüz bərpa olunmadan sülh danışıqlarına getməyib və bundan sonra da getməyəcək. Hər zaman bəyan etmişik ki, Dağlıq Qarabağ probleminin həlli məqsədilə sülh danışıqları ola bilər. Amma, bir şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınmış çərçivə daxilində olmalıdır: "Məlumdur ki, Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var. Bu məsələ nəzərə alınmdan şüarlarla, emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmağa dəyməz. Real siyasətdən xəbərdar olan adam hər bir sözünə dəyər verməlidir". V.Ələsgərov xatırladıb ki, 6-10 aprel tarixində Qətərin paytaxtı Dohada Parlamentlərarası İttifaqın Assambleyası keçirilib: "Orada Azərbaycanın nümayəndə heyəti də iştirak edirdi. Assambleyada komitələrin müzakirəsinə "Sülh, təhlükəsizlik və qanunun aliliyi üçün təhsilin inkişafı işində parlamentlərin rolu" və "Münaqişələrdə iştirak edən muzdluların sülhə və insan hüquqlarına təsiri" mövzuları çıxarılmışdı. Bu məsəllər Dağlıq Qarabağ münaqişəsindən bir az uzaq görünsə də, Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirdi. Çünki muzdlulardan söhbət gedirsə, biz bilirik ki, Dağlıq Qarabağda Ermənistan qoşunlarından başqa muzdurlar da iştirak edirlər. Azərbaycan tərəfinin təkidi ilə komitənin təklif etdiyi mövzunun adına və mətninə "ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı" məsələsinin salınmasına nail olundu. Baxmayaraq ki, Ermənistan tərəfi 9 təkliflə çıxış etmişdi və həmin təkliflərdə bu və ya digər yolla "xalqların öz müqəddəratını müəyyən etmək haqqı" ifadəsi keçirdi. Lakin, ermənilərin 9 təklifindən heç biri qəbul olunmadı. Bu isə o deməkdir ki, Azərbaycan tərəfinin apardığı xarici siyasət, keçirdiyi görüşlər beynəlxalq aləmda ölkəmizin mövqeyini gücləndirib. Hər yerdə, hər bir görüşdə hər bir sənəddə biz öz mövqeyimizi ifadə edirik və Azərbaycan ərazi bütövlüyünün təmin olunması məsələsində dövlətin mövqeyini müdafiə edirik".

Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin bütün fikirləri və çıxışlarına nəzər yetirdikdə görürük ki, həm daxildə, həm xaricdə, həm beynəlxalq çıxışlarda cənab prezidentin çıxışının birinci cümləsi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Müharibə, sülh, xalq diplomatiyası yollarının hansı ilə olursa olsun. Bu mövqe birmənalı şəkildə dəyişməz olaraq qalır: "Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Lakin, Azərbaycanın həmin təşkilatlarla əməkdaşlığına kölgə salmaq istəyən qüvvələr ortaya çıxıb. Proseslərdən, aparılan danışıqlardan xəbəri olmayanlar yeri gəldi-gəlmədi bəyanatlar verirlər. İndiyə qədər görülməyib ki, onlar Dağlıq Qarabağ, ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlər, Xocalı soyqırmı ilə bağlı bir məsələyə toxunsunlar. Onlar tamamilə fərqli məsələləri ortaya atmaqla məşğuldurlar. Həmişə olduğu kimi beynəlxalq təşkilatlarla Azərbaycanın müzakirələri başlayan zaman daxildən olan və ayrı-ayrı xarici qüvvələrə işləyən qruplar, xaricdə oturanlar hərəkətə keçirlər. Hesab edirəm ki, bu Azərbaycanda gedən, prezident tərəfindən aparılan islahatların nəticəsidir. Hazıra hər bir sahədə islahatlar gedir ki, bu da həmin qüvvələri narahat edir. Odur ki, bu islahatlara kölgə salmaqdan ötrü müxtəlif bəhanələr aparırlar. Hətta özlərinə xəsarət yetirirlər ki, günahı iqtidarın üstünə atsınlar. Həmçinin sərbəst toplaşmaq azadlığından sui-istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Düşünürlər ki, aksiyalar zamanı hər hansı xoşagəlməz hadisə baş versin ki, bundan iqtidara qarşı istifadə etsinlər".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər