"Danışıqlarda nə baş verirsə, bunu real şəkildə Azərbaycan ictimaiyyətinə çatdırmaq lazımdır"

"Danışıqlarda nə baş verirsə, bunu real şəkildə Azərbaycan ictimaiyyətinə çatdırmaq lazımdır"

"Açıq şəkildə deyilməlidir ki, Ermənistan bizim bu şərtlərimizdən imtina etdi..."

Aprelin 15-də Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskvada keçirilən görüş, bu görüşün ardınca xcarici işlər naziri Elmar Məmmədyarovun verdiyi bəyanat ictimaiyyət tərəfindən maraqla qarşılandı.

Moderator.az olaraq bu görüşlə bağlı sual doğuran məqamları aydınlaşdırmaq məqsədi ilə sabiq xarici işlər naziri Tofiq Zülfüqarova müraciət etdik.


- Tofiq bəy, XİN rəhbərlərinin 15 aprel tarixli görüşü ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə bu görüş həqiqətən də Ermənistanın mövqeyində hər hansı dəyişikliyin baş verməsi kimi dəyərləndirilə bilərmi?


- Ermənistanın dövlət başçısının mövqeyi onu göstərir ki, onlar real danışıqlara hazır deyillər. Hamı anlayır ki, ilk növbədə işğal edilmiş ərazilərin azad edilməsi istiqamətində real addımlar atılmalıdır. Ermənilər bu danışıqlardan imtina edir. Erməni tərəfi və Lavrov belə bir görüntü yaratmağa çalışır ki, guya danışıqlar bərpa olunub, Ermənistan konstruktiv danışıqlara gedir və s.


- Demək belə çıxır ki, danışıqlar imitasiya xarakteri daşıyır?


- Danışıqlar imitasiya xarakteri daşıdığı şübhəsizdir. İmitasiyanı yaratmaq üçün əsas məsələlərə münasibət açıqlanmır. Biz bəyanatlara baxsaq görərik ki, orada müəyyən məsələlərin müzakirə olunması vurğulanır. E.Məmmədyarov qeyd edir ki, Azərbaycan bu danışıqlarda işağldakı ərazilərin azad edilməsi və problemin mərhələli şəkildə həlli ilə bağlı öz mövqeyini çatdırırb. Lakin Ermənistanın bu mövqeyə münasibəti açıqlanmır. Biz başa düşürük ki, orada bu mövqeyə mənfi münasibət sərgilənib. Bunu deməməklə illüziya, belə bir görüntü yaranır ki, guya orada danışıqlar gedir və hər şey sanki qaydasındadır.


- Azərbaycan imitasiya prosesini ifşa etmək üçün hansı addımlar atmalıdır?


- Hesab edirəm ki, imitasiya prosesini ləğv etmək üçün Ermənistanın mövqeyi hər bir görüşdən sonra tam şəkildə açıqlanmalıdır. Azərbaycan ictiamiyyətinə bununla bağlı məlumat verilməlidir. Qeyd edilməlidir ki, biz tələb edirik ki, torpaqlar azad olunsun, amma ermənilər buna getmir. O zaman bu danışıqların real mahiyyəti bəlli olacaq.


- Sizcə Azərbaycan tərəfi danışıqlarda iştirak etməlidirmi? Yoxa imitasiya xarakterli bu danışıqlarda iştirak etməyin heç bir mənası yoxdur?


- Biz bu danışıqlarda iştirak etməliyik. Bundan təbliğati məsələlərdə istifadə etməliyik. Amma təbliğati şəkildə istifadə edərkən düzgün siqnalları ictimaiyyətə göndərməyi bacarmalıyıq. Hesab edirəm ki, verilən bəyanatların əsas nöqsanları bundan ibarətdir. Bu cür bəyanatlar verərkən qeyd olunmalıdır ki, Ermənistanın mövqeyi dəyişməyib. Yaxud Ermənistan torpaqların azad edilməsinin müzakirəsindən imtina edir. Necə ki, Paşinyan vaxtilə bunu bəyan etmişdi. Humanitar məsələlərin, eləcə də jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı deyilənlər də göstərir ki, əsas məsələlər müzakirə olunmur. Buna səbəb isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Buna görə də bunlardan diqqəti yayındırmaq üçün təbliğati məsələlər ortaya atılır.


- Danışıqların əhəmiyyətsiz olduğunu isbatlayan daha hansı məqamlar var?


- Girovların azad edilməsi məsələsi də öz həllini tapmır. Bunun özü də Ermənistanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Biz başa düşməliyik ki, danışıqlar torpaqların azad edilməsinə gətirib çıxarmayacaq. Biz danışıqlarda təbliğati məsələlərdə istifadə etmək üçün iştirak etdiyimizi unutmamlıyıq. Üçüncü, biz bu danışqılardan təbliğati baxımdan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq. Imitasiya xarakterli cəhdlərə qarşı mübarizə aparmalıyıq. Danışıqlarda nə baş verirsə, bunu real şəkildə Azərbaycan ictimaiyyətinə çatdırmaq lazımdır. Açıq şəkildə deməliyik ki, biz bu məsələləri Ermənistan tərəfinin qarşısına qoyduq və onlar bundan imtina etdilər. Onların bu məsələləri müzakiə etmək niyyətləri yoxdur.


- Sizcə Ermənistanın mövqeyində heç bir dəyişikliyin olmaması reallığı niyə Azərbaycan ictimaiyyətinə açıq şəkildə çatdırılmır?


- Bununla bağlı müxtəlif fikirlər, müxtəlif fərziyyələr səslənə bilər. Bu məsələdə hər kəsin öz qənaəti var. Lakin biz çalışmalıyıq ki, hadisələr Azərbaycanın maraqları fonunda inkişaf etsin.


- Bu görüşün Rusiyanın vasitəçiliyi ilə keçirildiyi vurğulanır. Rusiya həqiqətən də Qarabağ probleminin həllində maraqlıdırmı?


- Ermənistanın bir müddət əvvəl sələndirdiyi açıqlamalar danışıqlar prosesinin demək olar ki, ləğvinə gətirib çıxardı. Ermənistan tərəfi əslində verdiyi son bəyanatlardan da imtina etməyib. Mən Ermənistanın “torpaqları sülhə dəyişən deyilik” bəyanatını nəzərdə tuturam. Bu, nə deməkdir? Bu o deməkdir ki, biz müharibə aparırıq, amma torpaqları qaytarmayacayıq. Bu bəyanatlardan sonra Ermənistanın mövqeyi ciddi tənqid edildi. Rusiyadakı ermənipərəst qüvvələrə, hansı ki, bunlar “üçüncü qüvvə” kimi xarakterizə olunur, bu qüvvələr Ermənistanı bu zərbədən uzaqlaşdırmaq, danışıqlar illüziyasının bərpasına çalışdılar. Ermənipərəst qüvvələr istəyirlər ki, Ermənistanı yol verdiyi səhvlərə görə üzləşdiyi zərbələrdən qorusunlar. Yada salım ki, bununla bağlı həmsədrlər də bəyanat vermişdi. Bu görüş Lavrov səviyyəsində keçirilən görüş idi. Bu da göstərir ki, danışıqlar hansı qüvvələr tərəfindəın təşkil edilib və ortadakı maraqlar nədən ibarətdir. Biz bu danışıqlarda bizə xeyir verən, fayda qazandıran mövqedən çıxış etməliyik.


Seymur ƏLİYEV

Açar sözlər
Elmar Məmmədyarov , Seymur Əliyev , Tofiq Zülfüqarov , Azərbaycan , Qarabağ , Moskva , Rusiya , Ermənistan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər