Daşkənddə narkotiklərlə bağlı keçirilən görüşdə Azərbaycan da təmsil olunur

Daşkənddə narkotiklərlə bağlı keçirilən görüşdə Azərbaycan da təmsil olunur

Daşkənd, 2 may, АZƏRTAC

Daşkənddə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin xətti ilə narkotiklərə nəzarət üzrə 1996-cı ildə imzalanmış regional əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma haqqında Memorandumun tərəfləri olan ekspertlərin 11-ci görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan nümayəndələri iştirak edirlər.

Azərbaycanı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Görüşü Özbəkistan Nazirlər Kabineti yanında Narkotiklərə Nəzarət üzrə İnformasiya-Analitik Mərkəzinin direktoru Olim Narzullaev və BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiyadakı nümayəndəsi Aşita Mittal açaraq bu sahədə görülən işlər haqqında məlumat veriblər.

Sonra iştirakçı dövlətlərin nümayəndələri öz ölkələrində narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, bu sahədə həyata keçirilən layihələr haqqında məlumat veriblər.

Həzi Aslanov çıxışında ölkəmizdə narkotiklərlə mübarizə sahəsində görülən işlər haqqında danışıb. O deyib ki, narkotiklərlə mübarizə Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində mühüm tədbirlər görülür.

H.Aslanov bildirib ki, 2019-2024-cü illərdə narkotiklərin qeyri-qanuni dövriyyəsi və narkomaniya ilə mübarizə üzrə Dövlət Proqramının hazırlanması prosesi artıq başa çatıb və bu, sayca beşinci müvafiq sənəddir. O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə səhiyyə sisteminin yeniləşdirilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Belə ki, 2018-ci ildə Respublika Narkoloji Mərkəzində dünya standartlarına cavab verən yeni müalicə və inzibati korpuslar istifadəyə verilib.

İdarə rəisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib. Bildirib ki, Dağlıq Qarabağın işğalı ilə yanaşı, Ermənistan Azərbaycanın daha 7 rayonunu zəbt edib, ərazilər dağıdılıb. Bu işğal nəticəsində Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi faktiki olaraq nəzarət olunmayan zonaya çevrilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər