"Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans məruzələrin dinlənilməsi ilə davam edir

"Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans məruzələrin dinlənilməsi ilə davam edir

Bakı, 26 aprel, Şahnaz Abdullayeva, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd davamlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin yeniləşməsində və inkişafında elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri təbliğ etməkdir.

Konfransı açan akademiyanın rektoru, professor Hüseyn Qaraşov Dayanıqlı İnkişaf Məqsədlərindən, ölkəmizdə bu məqsədlərə nail olmaq üçün həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamların əhəmiyyətindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov “Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi və nəzəri-fəlsəfi mahiyyəti”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Davamlı inkişaf və ətraf mühitin mühafizəsi”, AMEA-nın İqtisadiyyat İnstitutunun sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, professor Tərbiz Əliyev “Davamlı iqtisadiyyatda klasterlərin rolu”, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, BMT-nin Qlobal Saziş Proqramının Azərbaycan üzrə nümayəndəsi, fəlsəfə doktoru Xəyalə Məmmədova “BMT qlobal saziş: dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzusunda məruzələrlə çıxış ediblər.

Beynəlxalq konfransda 5 ölkənin və Azərbaycanın 29 elm və təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər.

Açar sözlər
Xəyalə Məmmədova , Hüseyn Qaraşov , Heydər Əliyev , Tərbiz Əliyev , Ilham Əliyev , Sakit Hüseynov , Islam Mustafayev , Şahnaz Abdullayeva , Azərbaycan Əmək Və Sosial Münasibətlər Akademiyası , Həmkarlar Ittifaqı , Bmt , Azərbaycan Milli Elmlər Akademiyası , Azərbaycan Memarlıq Və Inşaat Universiteti , Azərbaycan Su Təsərrüfatı Işçiləri Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi , Bakı , Azərbaycan
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər