Deputatdan Rasim Musabəyova kinayəli sözlər: “O uşağa məktəb ləvazimatı almaq lazım idi”


Deputatdan Rasim Musabəyova kinayəli sözlər: “O uşağa məktəb ləvazimatı almaq lazım idi”

“"Azneft" meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, o uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi:

“Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi, qoy verdiyimiz puldan ona az da olsa həmin gün azacıq da olsa pul qalaydı”.

Xatırladaq ki, iki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun etirazı və müdaxiləsi ilə "Azneft" meydanının altındakı yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə işindən uzaqlaşdırılıb. Bununla bağlı Rasim Musabəyov sosial şəbəkələrdə özü məlumat verib. Deputatın bu hərəkəti ictimaiyyətdə ciddi etiraz və tənqidlərlə qarşılanıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 23