Deputatlar Almaniyaya gedir


Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Laynsvayler şəhərində keçiriləcək seminarda iştirak etmək üçün sabah bu ölkəyə səfərə gedəcəklər.

Teleqraf.com xəbər verir ki, “İqtisadiyyat – münaqişə mənbəyi və ya münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı dövrdə reabilitasiyanın həyata keçirilməsi üçün alət – Avropa tarixindən öyrənilmiş dərslər” mövzusuna həsr edilmiş tədbirdə ATƏT regionunda, o cümlədən Avrasiyada davam edən münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyətinin rolu, nəqliyyat, qaz və neft layihələrinin dövlətlərarası əlaqələrə təsiri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

“Avrasiya məkanında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlər: Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında ATƏT-in iqtisadi və ekoloji ölçülərinin yeni vəzifəsi və oynadığı rol” mövzusuna həsr edilmiş 3-cü sessiyaya Azay Quliyev sədrlik edəcək.

Bununla yanaşı deputatımız “Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizləri, o cümlədən Yeni İpək Yolu layihəsi” mövzusuna həsr edilmiş 5-ci sessiyada məruzə edəcək.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər