Deputatlarımız ATƏT-in tədbirində çıxış edəcəklər

Deputatlarımız ATƏT-in tədbirində çıxış edəcəklər

Milli Məclisinin deputatları - ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili aprelin 28-dən 30-dək Belarusun Minsk şəhərində keçiriləcək İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransında iştirak edəcəklər. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, Belarus Parlamentinin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək və "Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi" mövzusuna həsr edilən konfransda İpək Yoluna Dəstək Qrupuna üzv olan dövlətlərin və digər ATƏT PA ölkələrinin parlament, hökumət və özəl sektor təmsilçiləri, eləcə də beynəlxalq təşkilatların, Belarusdakı diplomatik korpusun və ATƏT regionunda həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin yüksək vəzifəli nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konfransda "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi iqtisadi artım və iştirakçı dövlətlərin investisiya cəlbediciliyinin gücləndirilməsinə təsir edən amil kimi: mövcud problemlər və inkişaf yolları"; "Beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi - "Bir kəmər, bir yol" təşəbbüsünün uğuru üçün əsaslar" və "İştirakçı dövlətlərin humanitar sahədə əməkdaşlığının və turist cəlbediciliyinin artırılması üçün "Bir kəmər, bir yol" təşəbbüsünün potensialından istifadə" mövzularında panel iclasları keçiriləcək. Konfransın yekununda Minsk Bəyannaməsi qəbul olunacaq.

İclasa sədrlik edən Azay Quliyev qrupun fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında, Tahir Mirkişili isə "İştirakçı dövlətlərin humanitar sahədə əməkdaşlığının və turist cəlbediciliyinin artırılması üçün "Bir kəmər, bir yol" təşəbbüsünün potensialından istifadə" mövzusuna həsr edilmiş paneldə çıxış edəcəklər. Konfrans çərçivəsində tədbir iştirakçıları "Böyük daş" Çin-Belarus sənaye parkını da ziyarət edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər