Diqqət! Bu gün aprelin biridir

Diqqət! Bu gün aprelin biridir

1 apreldə hansı məşhur aldanıb və yaxud aldadıb? Arif Quliyev: “Məni hələ aldadan olmayıb...”

Bu gün 1 aprel dünyanın bir çox ölkələrində beynəlxalq bayram kimi olmasa da, əyləncə, aldatmaq günü kimi qeyd olunur. Adətən insanlar 1 apreldə bir-birləri ilə zarafatlaşır, təbəssüm yaratmağa çalışırlar. Bəzən bu günü “Gülüş günü”, bəzən də “Axmaqlar günü” adlandırırlar.

Ümumiyyətlə, 1 aprel haqqında müxtəlif versiyalar var. Onlardan biri də budur ki, qədim Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilib və bu bayramı ağılsızların günü adlandırılıb. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar ediblər.

O da məlumdur ki, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda, səfehlər kralı və ya zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf etdiyi bildirilir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi...

Bununla yanaşı, 1 aprel dünyanın bəzi ölkələrində xoşbəxt olmayan gün də hesab olunur. Məsələn, əvvəllər Almaniya və Avstriyada hesab edilirdi ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Səbəb isə budur ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

Lakin hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır. Azərbaycanda da sovet dövründən başlayaraq 1 aprel günü zarafat, gülüş günü kimi qeyd edilir.

Maraqlıdır, bəs məşhurlardan kimlər bu gün aldadıb və yaxud aldanıb? Xalq artisti Rasim Balayev 1 aprel günü heç kəslə zarafatlaşmadığını, bunu bəyənmədiyini bildirdi.

Xalq artisti Arif Quliyev isə adətən başqalarını aldatdığını, lakin özü aldanmadığını dedi: “Əslində bir qədər zarafat etməkdən çəkinirəm, çünki zarafat qəbul edə bilməyənlər, inciyənlər ola bilər. Amma xatırlayıram ki, illər öncə Mingəçevirdə işləyəndə qəzetdə belə bir elan verdirdim ki, ”aprelin 1-i mənim gülüş gecəm keçiriləcək". Məkanın yerini də yazmışdım. İnsanlar həmin gün gəlib gördülər ki, məkan bağlıdır, qapısının üstündə isə belə bir elan var - “Gələrsən, görərsən, gülərsən”. İnsanlar bunu oxuyub, gülüb, getmişdilər (gülür). Mənim özümü isə hələ aldadan olmayıb. Aldatsaydılar, adım Arif Quliyev olmazdı (gülür). Yəni 1 aprel günü tapa bilməyiblər ki, aldatsınlar. Bir dəfə də 1 aprel günü 3 nəfər harasa gedirdik. Taksi sürücüsünə dedim ki, bizi Əhmədli qəsəbəsinə apararsız? Soruşdu ki, “Neçə nəfərsiniz?” Dedim 4 nəfər. Dedi “Necə yəni, axı siz 3 nəfərsiz?”. Dedim bəs özünüzü saymırsız? Siz də axı bizimlə gedirsiz. O gün isə bərk ağrıdığım üçün həkimə getmişdim. Həkim mənə yazılı kağız verib dedi ki, qorxma, ölənə qədər yaşayacaqsan".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Açar sözlər
Rasim Balayev , Arif Quliyev , Isa Məsihi , Yeni Müsavat , Azərbaycan , Almaniya , Avstriya , Rusiya , Mingəçevir , Roma , Konstantin
Mədəniyyət xəbərləri
Musavat.com digər xəbərlər