Dövlət başçısının regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

Dövlət başçısının regionlara hər səfəri xalqa xidmətin təzahürüdür

İlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir"

Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən real addımlardır.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Qobustan rayonuna səfəri də bu tərkibdəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında iştirak edən dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Bu səmimiyyət, bir daha belə bir reallığa işıq saldı ki, Cənab İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu bu tapşırığın - "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir" - real həyatda ifadəsidir. Rayon sakinlərinin bildirdiyi kimi, Prezidentin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, onlarla ünsiyyət yaratması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi onları sevindirir. Məhz bunun nəticəsidir ki, son on beş ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə, onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız dəfələrlə artmış, ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır.

Verilən vədlər, real nəticələr...

Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amil hesab edir.

Belə ki, sözügedən səfər çərçivəsində Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı zamanı bildirib ki, xalçaçılıq elə sənətdir ki, Azərbaycan xalqının istedadını dünyaya göstərir: "Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. "Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir".

Yüksək standartlara cavab verən müasir tibb ocağı

Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Qobustana səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının açılışı zamanı ölkə başçısı bildirib ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir: "Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir".

Dövlət başçısı, həmçinin, bu il altı milyona yaxın insanın dövlət xətti ilə müayinədən keçəcəyini də bildiridi: "Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır. Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı və diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır".

Səfər çərçivəsində, dövlət başçısı, həmçinin, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun açılışını da edib.

Mükəmməl iqtisadi təhlillərə söykənən iqtisadi proqram

Bir sözlə, güclü iqtisadi təhlillərə söykənən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarını Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və elmi əsaslara söykənən iqtisadi proqram adlandırmaq olar. Ölkə başçısının son 16 il ərzində bölgələrə davamlı şəkildə səfərlər etməsi və hər dəfə yerli sakinlərlə görüşü, bir daha təsdiq edir ki, ölkə vətəndaşları öz Prezidentinə daima inanır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçirilməsi üçün bütün tədbirlərin görüləcəyinə əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur. Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamalarına səbəb olur.

RƏFİQƏ KAMALQIZI

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər