“Efirlərimizdə kiminsə söyüş söyməsinə görə cərimələnməsi məsələnin ciddi həlli demək deyil...” -

Space TV-nin “Hər səhər” verilişində müğənni Rüfət Axundovun ifa etdiyi mahnının sözlərini söyüşlə ifadə etməsi qalmaqala səbəb olub. Məsələylə bağlı artıq MTRŞ müğənniyə efir qadağası qoyub. Azərbaycan telekanallarına nəzər salsaq görərik ki, son zamanlar Space TV-nin efirində daha çox neqativ hallar baş verir. Məsələn, onlardan biri də telekanalın faciəvi günlərimizdə konsert proqramlarıyla çıxış etməsidir.
“İndiki şəraitdə efirlərdə hər hansı hadisəylə bağlı ayrı-ayrı tədbir görmək qeyri-mümkündür. Ümumi narazılığa, keyfiyyətin aşağı olmasına, idarəçiliyin olduqca zəif olmasına baxmayaraq bizim telekanallarda bunlar hamısı vahid bir ideologiyanın törəməsidir. Bu gün efirlərimizdə kiminsə söyüş söyməsinə görə cərimələnməsi məsələnin ciddi həlli demək deyil. İllərdir bu hadisələr təkrar olunur. Bunların baş verməməsi üçün Azərbaycanda efir siyasəti köklü sürətdə dəyişilməlidir. Əks halda söyüş də söyəcəklər, təhqir də edəcəklər, hoqqadan da çıxacaqlar. Elə süjetlər var ki, heç kim onun ailəsinin içində göstərilməsinə razı olmaz, amma bu boyda millətə onu göstərirlər”.
Vasif Əlihüseyn