Əfvlə azadlığa çıxan gəncləri yenidən həbsə kimlər həvəsləndirir?

Əfvlə azadlığa çıxan gəncləri yenidən həbsə kimlər həvəsləndirir?

Elçin Mirzəbəyli: “Onlar bunu konkret məqsədlər və təlimat əsasında edirlər”; Mirvari Qəhrəmanlı: “Bu, düşünülmüş şəkildə gedən bir prosesdir”

Novruz əfvi ilə azadlığa çıxan siyasi məhbuslardan əvvəlcə Bayram Məmmədovun 30 sutka inzibati cəza alması, ardınca digər fəal Qiyas İbrahimovun Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb dindirilməsi ciddi müzakirələr doğurub. Bu istiqamətdə çoxsaylı mövqelər səslənməkdədir.

50-dən çox siyasi məhbusun azad olunduğu son əfv sərəncamının ölkə daxilində və xaricində müəyyən dairələri ciddi narahat etdiyi bildirilir. Məhz əfvə kölgə salmaq üçün bu cür situasiyanın əvvəlcədən təşkil olunduğu ehtimal edilir. Burada hakimiyyətdaxili bəzi qrupların əlinin olduğu yönündə də iddialar var. Artıq “Human Rights Watch” və “Amnesty İnternational” kimi nüfuzlu beynəlxalq qurumlar B.Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı bəyanat qəbul ediblər. Siyasi şərhçilər bu cür bəyanatların son əfv sərəncamından sonra daha da istiləşən Azərbaycan-Qərb münasibətlərinə kölgə sala biləcəyindən narahatlıq doğuran açıqlamalar verirlər.

Gənc fəalların yenidən həbsə həvəslənməsi təbii suallar doğurur. B.Məmmədov və Q.İbrahimovun partiya mənsubiyyətləri olmadığı üçün əlbəttə ki, sosial bazaları da yoxdur. Amma sanki indi onlar “iki lider” kimi ortaya çıxıblar, diqqəti özlərinə cəlb etmək üçün “yarışırlar”.

Politoloq Elçin Mirzəbəyli adıçəkilən şəxslərin cinayət məsuliyyətinə yol verdiklərini söylədi: “Söhbət adıçəkilən şəxslərin kimliyindən, onlara olan münasibətdən, az yaxud çox siyasi potensiala malik olmasından deyil, konkret Azərbaycan vətəndaşının qanunvericiliyin tələblərinə əməl etməsindən gedir. Hüquqi baxımdan adıçəkilən şəxslər inzibati qanun pozuntusuna yol veriblər və buna görə də məsuliyyət daşımalıdırlar. Bu şəxslərin əfvdən sonra aşırı aqressiya nümayiş etdirmələrinə gəldikdə isə düşünürəm ki, onlar bunu konkret məqsədlər və təlimat əsasında edirlər. Bu, açıq-aşkar görünür. Mən hakimiyyət daxilində - əgər varsa - hansısa qrupun, yaxud qrupların məqsədyönlü şəkildə dövlətin maraqlarına zidd addımlar atmaq qədər cəsarətli olduğunu düşünmürəm. Əks təqdirdə, buna olduqca sərt reaksiyanın verildiyinin şahidi olardıq. Məsələ orasındadır ki, hər iki şəxs davranışlarında qanunvericiliyin tələblərini pozan və inzibati məsuliyyət yaradan hərəkətlərə yol veriblər. Onların əfv olunması, yaxud hansısa təşkilatın ehtimal olunan reaksiyası əsas vermir ki, bu və ya digər hüquq pozuntusu görməzdən gəlinsin. Digər tərəfdən, Azərbaycan prezidenti əfv sərəncamını da hansısa beynəlxalq təşkilatın verəcəyi reaksiyaya görə imzalamayıb. Ölkəmizdə mütəmadi olaraq əfv sərəncamları imzalanır, amnistiya ilə bağlı qanunvericilik aktları qəbul edilir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı səslənən iddialarda həqiqətlərin ola biləcəyini düşünür: “Aprelin 3-də, nəhayət, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun uzun müddətdir baş tutmayan iclası keçirildi. İclasda da o məsələ qaldırıldı ki, əfvlə azadlığa çıxan gənclərə qarşı planlı şəkildə düşünülmüş hadisə nə ilə əlaqədardır. Bu istiqamətdə müxtəlif fikirlər bildirildi. Hüquq müdafiəçiləri siyasi məhbusların azad olunması yolunda addımlarını daim atırlar, hökumətlə dialoqa getməyə çalışırlar. Ölkədə bu istiqamətdə ciddi proseslərin getdiyini də söyləmək olar. Amma çox təəssüflər olsun ki, həm də ölkədə təəccüblü proseslər cərəyan edir. Hökumət daxildə gedən bu prosesləri tənzimləməyə çalışmalıdır. Bayram barədə tələm-tələsik qərarın verilməsi, ardınca Qiyasın evi qarşısında təşkil olunan şou, yaxud da o gənclərdən birinə yönləndirilən hazırlanmış sualların verilməsi və həbsdən çıxıb hələ adaptasiya olunmayan birisinin bu suallara cavab verməsi həm hakimiyyət daxilində müəyyən qrupların, həm də ölkə xaricindəki bəzi dairələrin fəaliyyətinin nəticələridir. Bu, düşünülmüş şəkildə gedən bir prosesdir. Burada Azərbaycanda demokratik proseslərin getməsinə mane olmaq istəyən qruplar ciddi fəaliyyət göstərirlər. Hökumət xaricdən daha çox daxildəki bu qüvvələrlə bağlı addımlar atmalıdır. İşçi Qrupunun son iclasında bu məsələlərdən danışaraq ölkəmizin imicinə zərbə olduğunu söylədim. Qarabağ ətrafında gedən proseslərə bunun təsirləri olmamış deyil. Bu baş verənlər QHT-lərə, xüsusilə hüquq müdafiəçilərinə qarşı yürüdülən siyasətin nəticəsidir. Ölkədə müstəqil QHT-lərin sıradan çıxarılması bu cür qüvvələrin ortaya çıxması ilə nəticələndi. Hökumət daxildəki qruplaşmaların qarşısını almalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Açar sözlər
Mirvari Qəhrəmanlı , Bayram Məmmədov , Cavanşir Abbas , Elçin Mirzəbəyli , Yeni Müsavat , Bakı Şəhər Baş Polis Idarəsi , Insan Haqları Üzrə Birgə Işçi Qrupu , Azərbaycan , Qarabağ
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər