"Əgər bu kəndin azad edilməsi 3 ay da geciksəydi, Gəncənin taleyi sual altında olardı"

"Əgər bu kəndin azad edilməsi 3 ay da geciksəydi, Gəncənin taleyi sual altında olardı"

Çaykənd əməliyyatından 28-ci il keçib. Bu dəfə əməliyyat haqqında deyil, onun nəticələri barədə fikrinizi bilmək istərdik. Əməliyyat bizə nə verdi və nə aldı? Tarixi əhəmiyyəti nədən ibarət idi?


Moderator.az bu suallarla həmin əməliyyatın iştirakçısı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıla müraciət edib.


“28 il əvvəl keçmiş Xanlar (indiki Göy-göl) rayonunun Çaykənd kəndi erməni yaraqlılarından, terrorçularından azad edilib. Bu barədə ilk dəfə 2011-ci ilin aprel – may aylarında, əməliyyatdan 20 il sonra “Unudulmuş qələbə” adlı bir neçə məqaləm “Mediaforum”saytında işıq üzü gördü və bundan sonra ölkə mediası məndən bir xeyli müsahibələr aldı və hesab edirəm ki, Çaykəndin azad edilməsi haqqında Azərbaycan oxucusu artıq müəyyən qədər informasiyaya, dəqiq məlumatlara malikdir. İndi əməliyyatın necə keçirilməsi barədə deyil, onun tarixi əhəmiyyəti barədə verdiyiniz suala əvvəllər ətraflı olmasa da qismən cavab versəm də, Qarabağ münaqişəsinin indiki mərhələsində - açığı bu mərhələni Azərbaycan üçün olduqca kritik hesab edirəm – müəyyən paralellər aparmaqla sualınıza cavab verməyə çalışacam.

Əvvələn Azərbaycanın ikinci böyük şəhəri Gəncədən 24 kilometr, hava yolu ilə daha az məsafədə yerləşən bu kənd, həm də keçmiş Şaumyan (kənd) rayonu ərazisindən keçməklə Dağlıq Qarabağın ən böyük rayonu Ağdərəyə gedən birbaşa quru yolun, eyni zamanda Kəlbəcər rayonuna Murovdağ istiqamətində Kürəkçay boyu gedən yolun kəsişməsində yerləşir. Yəni, kənd strateji baxımdan olduqca əhəmiyyətli bir coğrafi mövqeyə malikdir. Kənd əhalisi başqa erməni kəndlərindən fərqli olaraq qatı millətçi baxışları ilə fərqlənib, daha çox antiAzərbaycan mövqeyində olub, İrəvanın və Moskvanın xüsusi diqqət mərkəzində saxlanıb, kifayət dərəcədə silahlanmış, 3 minə yaxın əhalisi olub. Zamanında Türkiyədən sultan Əbdülhəmidin dövründə qovularaq Gürcüstanın Borçalı bölgəsində təzəcə məskunlaşan erməniləri 1896-cı ildə çar höküməti yenidən köçürür və Gəncəbasarda, konkret olaraq Gəncə şəhərinin cənub hissəsindəki dağlıq ərazidə yerləşdirir. Həm Çaykənddə, həm Qarabulaqda (Martunaşen) tikilən kilsələrin üzərində də məhz 1896-cı il yazılmışdı.

Əgər bu kəndin azad edilməsi üç ay da geciksəydi, 1991-ci il avqust putçasından sonra Moskva kəndin köçürülməsinə heç cür imkan verməyəcəkdi və yuxarıda qeyd etdiyim mövqeyinə görə artıq Gəncənin taleyi sual altında olardı. Gəncə isə Azərbaycan üçün həyat mənbəyidir. Azərbaycanın, perspektivdə Orta Asiyanın enerji mənbələrinin Avropaya nəqli Gəncədən keçir. Nəzərə alın ki, cəmi 23 ay sonra ermənilər Kəlbəcəri işğal edib, Murov tərəfdən Çaykənd istiqamətində irəliləyirdilər. Əgər Çaykənd ermənilərin əlində olsaydı Kəlbəcərdən çıxan əhali və bizim qoşunlar mühasirədə qalardı. Bu fikir Sizə indi qəribə gələ bilər, amma elə o vaxt Kəlbəcərin, Ağdamın işğal olunacağını kimə desəydin, ona da təəccüblü görünərdi, amma oldu. Dağlıq Qarabağın kəndlərindən fərqli olaraq Çaykənddə silahlılara qarşı əməliyyat keçirilməsi Moskvanın icazəsi və dəstəyi ilə baş tutursa, deməli bura sıradan bir kənd deyildi. Bu kəndin köçürülməməsi üçün o vaxtkı SSRİ Nazirlər Sovetinin sədri, Ermənistanın milli qəhrəmanı Nikolay Rıjkov Moskvadan başda general Şirinkin olmaqla xüsusi komissiya göndərməzdi. SSRİ Alİ Sovetinin İrəvandan seçilmiş deputatı, general-mayor Surkov vertolyotla Ermənistandan gəlib həmin komissiyaya qoşulmazdı.

Bu əməliyyat imkan verdi ki, hələ SSRİ dağılmamış DİN və DTK-nın silahlı qüvvələri Şaumyan (kənd) rayonunun da 4 kəndini azad edib, Şəfəq kəndinin də ermənilər tərəfindən tutulmasının qarşısı alsın. Bunlar 1992-ci ilin yayında artıq yeni yaranmış Azərbaycan Ordusunun bütün Ağcakənd (keçmiş Şaumayan) rayonunun azad etməsinə ən yaxşı töhfələri sayılır. Ümumiyyətlə isə, bu bizim erməni işğalçıları üzərində uğurla həyata keçirdiyimiz döyüşdür və tarixi əhəmiyyətə malik hadisədir.

Bu kənd ermənilər tərəfindən unudulmayıb və“Getaşenskiy podrayon” adı altında qeyd etdiyim yerləri də Dağlıq Qarabağ ərazisinə birləşdirmək məsələsini ATƏT-in Minsk Qrupunun müzakirəsinə çıxarmağı bacarıblar. Bu da onu göstərir ki, Çaykənd düşmən üçün necə bir itkidir.


“Bu əməlyyat bizə nə verdi, nə aldı”- sualınızın birinci hissəsinin əhəmiyyəti barədə yuxarıda qeyd etdim. İkinci hissəsi barədə isə bir kəlmə ilə - heç nə! Yalnız bu əməliyyatı keçirən şəxslər –istər rəhbər heyət, istər döyüşçülər bu gün də layiqli qiymətlərini almayıblar, əksinə, məhrumiyyətlər içərisindədirlər, o cümlədən bəndəniz.

Bəs, Qarabağ münaqişəsində bu əməliyyatdan dərs götürmək olarmı? Çaykəndin azad olunması Moskva ilə yüksək səviyyədə aparılan danışıqların və silahlandırılmış, döyüş ruhu olan heyətin hesabına baş tutdu. Bu gün Qarabağ danışıqlarında bu elementləri - yəni, ilk növbədə Ermənistanın himayədarı Rusiya ilə çevik, köklü maraqlarımıza xələl gətirməyən, amma Moskvanı şirnikləndirən və nəticəsi Qarabağ üçün hesablanmış diplomatiyanı görmürük. Eyni zamanda ikitərəfli danışıqlarda düşmənə qarşı sərt diplomatiya və hərbi müstəvidə gücün göstərilməməsi də müşahidə olunmur. Bu səbəbdən bizim mövqelərimizi hər il zəifləyib və bu gün kritik həddə çatdırılıb. Zaman fərqlidir, amma strateji mahiyyətin düzgün seçilmiş taktiki addımları bütün dövrlər üçün uğur mənbəyi hesab olunur. Nə o strategiya, nə də taktika olmadığından düşmənimiz illərdir ki, rahatdır, hətta hakimiyyət dəyişiklikləri Qarabağ məsələsində kataklizmlər yaratmır. Bu günkü danışıqların predmetində faktiki Qarabağa dair heç bir sənəd müzakirə olunmur, heç bir proses aydınlaşdırılmır. Bu dünən, 24 apreldə Ermənistan xarici işlər naziri Mnasakanyan jurnalistlərə açıqlamasında səslənib. Tez-tez hallanan “humanitar proses” isə düşmən tələsidir, amma təəssüf ki, biz tələyə düşmüş kimiyik. Beynəlxalq münasibətlər sistemində qlobal qarşıdurma və bölgəyə təsir uğrunda gedən proseslərə adekvat siyasət aparılmadığından Azərbaycanın Qarabağ siyasəti böhran həddindədir.


Seymur Əliyev

Açar sözlər
Seymur Əliyev , Ilham Ismayıl , Nikolay Rıjkov , Atət-In Minsk Qrupu , Beynəlxalq Münasibətlər Sistemi , Türkiyə , Azərbaycan , Qarabağ , Gürcüstan , Moskva , Gəncə , Rusiya , Ermənistan , Kəlbəcər , Ağdam , Irəvan , Ağdərə
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər