Ehtiyatda və istefada olan hərbi qulluqçuların bir qrupu ilə görüş keçirilib

Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyatda və istefada olan hərbi qulluqçuların bir qrupu ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev görüşdə çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açıb, ordu quruculuğu sahəsində aparılan islahatlar, qazanılan uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadıqlarını vurğulayaraq, onların bu işdə daha fəal olmalarının vacibliyini qeyd edib.
Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və baxılması üçün bir sıra məsələləri diqqətə çatdırıblar.
Sonda görüş iştirakçıları birgə nahar ediblər.


