Eldar Mahmudovun oğlunun şok əməlləri

Eldar Mahmudovun oğlunun şok əməlləri

Mixail Framsev: “Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”

“AGBank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə ifadə verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həmçinin sabiq nazirin köməkçi olmuş Vüqar Mahmudov bir çox pul əməliyyatlarını bu bank vasitəsi ilə həyata keçirib.

Mixail Framsev bildirib ki, Vüqar Mahmudovu təxminən 2011-2012-ci illərdən tanıyır, o, bankın müştərisi olub: “Təxminən 2005-2006-cı illərdə Litva Respublikasında fəaliyyət göstərən “ABLV” bankın əməkdaşları ilə münasibətlərim yaranıb. 2006-cı ildə həmin bank Azərbaycanda nümayəndəlik açdı. Baltikyanı ölkələrdə fəaliyyət göstərən banklar əsasən offşor ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün hesablar açmaqla xidmət göstərirlər. Azərbaycanda da müəyyən iş adamları həmin offşor müəssisələr açmaqla biznes fəaliyyətlərini həyata keçiriblər”.

Mixail Framsev qeyd edib ki, bank işçisi kimi 2010-2012-ci illərdə özünə bir neçə offşor müəssisəsi açıb: “Bu offşor müəssisələri xarici ölkələrdə biznes fəaliyyəti qurmaq üçün almışam. İnternet vasitəsi ilə offşor müəssisələrin açılması və qeydiyyata alınması çox sadədir. “ABLV” bankın offşor müəssisələrin qeydiyyata alınması üçün hüquq firması var və bütün işlərlə həmin firma məşğul olur”.

Bank işçisinin sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun faktiki rəhbərlik etdiyi “Kaspian Kristal” MMC-də “AGBank”ın müş-tərilərindən olub: “Anar Mahmudov və “Kaspian Kristal” MMC-nin direktoru Fuad Hacıyevlə də münasibətlərim var. Onlar mənim bank işçisi kimi geniş əlaqələrə malik olduğumu bilib və bir neçə dəfə xarici ölkələrə pul köçürmək üçün mənə müraciət ediblər.

Onlar xahiş etdilər ki, nağd qaydada pulu onlardan Azərbaycanda qəbul edib, özümün xarici ölkələrdəki bank hesablarımdan onlara verilməsini təmin edim.

Münasibətlərim yaxşı olduğundan və onlara etibar etdiyim üçün təklifləri ilə razılaşdım. Bu məqsədlə sabiq milli təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov bir neçə dəfə mənə zəng edərək müxtəlif məbləğlərdə pul vəsaitlərinin gətiriləcəyini və bu pul vəsaitlərinin hansısa Avropa ölkəsində yerləşən müəssisənin hesabına köçürül-məsini xahiş etdi.

Vüqarla danışandan sonra Fuad Hacıyev mənimlə əlaqə saxladı, göndəriləcək pul vəsaitinin məbləğini, hansı hesaba köçürülməli olduğunu bildirdi. Daha sonra xatirlamadğım bir şəxs pul vəsaitini mənə xidməti otağımda çatdırdı.

Pul vəsaiti deyilən hesaba köçürüləndən sonra Fuad Hacıyevə məlumat verdim. Fuadın bu barədə Vüqar Mahmudova məlumat verib-vermədiyini bilmirəm. Bu pul köçürmə hadisəsi bir neçə dəfə təkrarlanıb. Bu barədə mənə Vüqar Mahmudovdan başqa Fuad Hacıyev və Anar Mahmudov da müraciət edib.

Bu pulların mənbəyi barədə məlumatım yoxdur. Onların dedikləri hesablara pulları özümün offşor müəssisələrimin “ABVL” bankında olan hesabımdan ödəmişəm. Ümumi şəkildə deyə bilərəm ki, Vüqar Mahmudovun bildirməsi ilə mənə Fuad Hacıyev tərəfindən 10 milyon manat pul vəsaiti göndərilib. Ümumilikdə isə Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”.

Bank işçisi deyib ki, 2012-2013-cü illərdə Vüqar Mahmudovun xahişi ilə onun üçün iki offşor müəssisəsi açıb. Qeyd edib ki, həmin müəssisələr vasitəsi ilə xaricə köçürülən pulların sonrakı istifadəsindən məlumatı olmayıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Beynəlxalq Bank 3,8 milyon manatlıq kredit borcuna görə məşhur şirkəti məhkəməyə verib

“Azərbaycan Beynəlxalq Bankı” ASC “AKABE” MMC-ni məhkəməyə verib.

Xəbərə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank 3 milyon 733 min 296 manat kredit borcunun tutulması barədə tələb irəli sürüb.

Daha sonra bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirib ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar razılıq əldə olunub və ümumi borcdan müəyyən ödənişlər edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Beynəlxalq Bankın iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.

Keçmiş polis əməkdaşı məhkəmə zalında həbs edilib

Əli Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Xəbərə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əli Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, Əli Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Əli Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

DTX və polis Zaqatalada əməliyyat keçirib

Xeyli silah-sursat tapılıb

Zaqatalada meşəlik ərazidə silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

“Paşa Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib

“Paşa Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib. "Report"un xəbərinə görə, sığorta şirkəti ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Cavabdeh “Xaliq Faiqoğlu” MMC-dən subroqasiya qaydasında iddiaçı “Paşa Sığorta” ASC-nin xeyrinə, dəymiş ziyana görə 11 816 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini istəyib.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, sığorta şirkəti tərəfindən MMC ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməyib. Qərara əsasən, sənədlər geri qaytarılıb.

Hadisə xəbərləri
Paralel.az digər xəbərlər
Haqlı-haqsız, haqsız-haqlı olanda...

Haqlı-haqsız, haqsız-haqlı olanda...

26-04-2019 20:03 - Paralel.az - Siyasət
Bu barədə üç ilə yaxındır ki, qanunamüvafiq tədbirlərin görülməsi üçün ayrı-ayrı tarixlərdə, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, əmlak məsələləri dövlət komitəsinin sədri cənab Kərəm Həsənovun, baş prokuror cənab Zakir Qaralovun, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına danılmaz rəsmi faktlarla yazıb göndərdiyim mindən artıq ərizə, məktub və şikayət teleqramlarımı Ədliyyə Nazirliyində, Bələdiyyələrlə İş Mərkəzində, Əmlak Məsələləri Dövlət Komitəsində, Baş Prokurorluqda və Prezident Administrasiyasında kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə, rəhbərlikdən gizlədilərək, obyektiv baxılmadan, ötür-ötürə salınaraq, onların cinayət xarakterli saxtakar əməllərinin üstü açıq şəkildə ört-basdır edilərək, bütün haqlı şikayətlərim bu günə kimi də nəticəsiz, tədbirsiz, cavabsız qalıb. Hörmətli Prezident! Sizin adınıza göndərdiyim şikayət ərizələrimdə göstərdiyim və ərizələrimə əlavə etdiyim faktların, şəxsən öz nəzarətiniz altında hərtərəfli araşdırılaraq, Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin, ƏMDK-si yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr 2016-cı il tarixli,160 820 201 868 nömrəli, mənə göndərdiyi cavab məktubunda öz təsdiqini tapan, saxtakar və cinayət xarakterli hərəkətləri barədə, həmçinin həmin cavab məktubundakı məlumatlarla vətəndaş Müslüm Səlimovun ƏMDK-si yanında, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən saxta yolla əldə etdiyi, 21 avqust 2008-ci il tarixli, MH seriyalı 0008590 nömrəli çıxarışda göstərilən məlumatların təşkil etdiyi ziddiyyətli xüsusatların obyektiv araşdırılaraq, onların barəsində, qanunamüvafiq, ciddi tədbirlərin görülməsini bir daha sizdən xahiş edirəm! Hörmətli baş Redaktor! Xahiş edirəm şikayətimi qəzetinizdə ictimailəşdirəsiniz ki, bu saxtakarları hamı tanısın.