Əliyev, Putin, Nazarbayev bir arada...

Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Forumda iştirak edir.
Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.
İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin təşəbbüsün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb. “Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir”.
Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar. Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkiblər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildiriblər. Bununla da forumun birinci hissəsi başa çatıb.
Yenisabah.az