Elman Sadıqov: “2019-un ikinci yarısından yüksək faizli istehlak kreditlərini görməyəcəyik”

Elman Sadıqov: “2019-un ikinci yarısından yüksək faizli istehlak kreditlərini görməyəcəyik”

Məlum olduğu kimi, prezident fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Çox böyük miqyaslı bir proses olduğundan müəyyən problemlərlə də müşayiət olunub. Vətəndaşlarda xeyli suallar var. “Yeni Müsavat” olaraq bütün bunlara Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqovla birgə aydınlıq gətirdik.

- Kredit borcu pensiya kartından çıxarılan vətəndaşların kredit borcları, eləcə də zaminlərin ödədiyi kredit borcları ilə bağlı məsələ necə həll olunacaq?

- Təqaüdlərlə bağlı məsələ aktualdır, bizə də bununla bağlı şikayət məktubları gəlir. Məktubları incələyirik, daha çox hansı məsələlərin vətəndaşlarımızı narahat etdiyini öyrənirik. Məktublarda daha çox o qeyd olunur ki, pensiya kartlarından tutulan məbləğ çox olur. Bu məbləğ təqaüdün 50%-dən çox olmasa da yenə də yerdə qalan məbləğ vətəndaşın dolanışığı üçün yetərli olmur. Aylıq ödənişin çox olması bəzi vətəndaşlarımızı narahat edir. Məhz fərmanın ikinci hissəsi, restruktruzasiya ilə bağlı məsələ bu amil üzərində kökləndi. Bir-iki il deyilmədi, 5 il vaxt verildi və illik 1 faizlə kreditlərin geri qaytarılması üçün vaxt verildi. Burada 17 min manata qədər kreditlərdən söhbət gedir. Nəticədə aylıq ödənişlər kifayət qədər aşağı olacaq.

- Bu kreditlər problemli kredit deyil, ödənilir, daha doğrusu, məcburi şəkildə hər ay bank tərəfindən kartdan çıxarılır, vətəndaşlar gündəlik ehtiyaclarını ödəyə bilmirlər...

- İddia mərhələsində olan, məhkəmədə olan, icra mərhələsində olan kreditlər var. Əgər həmin kreditlər fərmanın əhatə dairəsinə düşürsə, geri çağırılmaqdadır. Hansı halda geri çağırılır? Ancaq o halda ki, vətəndaş banka müraciət edir. Hazırda aylıq ödənişi 200 manat olan kreditlər var ki, onlar da restruktruzasiya oluna bilər. Əgər fərmanın tələblərinə uyğundursa, şərtlərinə cavab verirsə, onlara da baxıla bilər. Daha çox 360 gündən çox ödənilməyən kreditlərdən söhbət gedir. Yəni vətəndaş aylıq 200 manat ödəyə bilmədiyi üçün həmin kreditlər üzrə 28 fevral 2019-cu il tarixə 360 gündən çox ödənişi olmayan vaxtı keçmiş borc yaranmışdır. Həmin borc 5 il müddətinə restrukturizasiya olunduqda aylıq ödəniş kifayət qədər aşağı olacaq. Sizin qeyd etdiyiniz pensiya kartından aybaay tutulan kredit borclarında ödəniş olduğu üçün tam olaraq bu fərmanın əhatə dairəsinə düşmür. Bu kreditlər üzrə məsələlər bankla vətəndaş arasında tənzimlənir.

- Bir də zaminlərin ödədiyi kreditlər var. Kredit götürən şəxs borcunu ödəyə bilməyib və borc zaminin əmək haqqı kartından çıxılır... Bu halda onların kompensasiya alması və ya kreditinin restruktruzasiyası mümkündürmü? Yəni bir tərəfdən problemli kreditdir, digər tərəfdən də aybaay ödənilir...

- Çox sayda zaminlər var ki, krediti ödəyirlər. Xüsusilə də avtomobil kreditlərində belə məsələlər var. Avtomobillərlə bağlı məsələdə vətəndaşların özündə də etinasızlıq var ki, alınan avtomobillər rəsmiləşdirilmir, buna görə də kredit götürən şəxsin adında qalır. Ancaq məbləği başqası ödəyir. İndi isə ödəyən şəxs iddia edir ki, məbləği mən ödəmişəm, ancaq kompensasiyanı başqası alır. Ancaq avtomobil rəsmiləşdirilsəydi, müqavilə olsaydı, bu məsələyə baxmaq olardı. Məsələni bu cür tənzimləmək mümkün deyil. Hansısa bir zamin iddia edir ki, borcu mən ödəmişəm və bunu tənzimləmək, yüz minlərlə vətəndaşa tətbiq etmək mümkün deyil. Nə fiziki, nə texniki baxımdan mümkün deyil. Burada subyektivlik olacaq, hər kəs deyə bilər ki, filankəsin kreditinin, məsələn, 500 manatını mən ödəmişəm. Bir sıra hallarda bir kredit üzrə 2 zamin ödəniş edib. Bu həlli tapılmayan bir məsələyə çevrilər və xaos yaranar. Ona görə də kompensasiya konkret olaraq müqavilə bağlanan şəxsə ödənilir.

“Banklar istəsələr də bundan sonra yüksək həcmdə və yüksək sayda istehlak kreditləri verə bilməyəcəklər”

Ancaq vətəndaşlarımızın hüququ var ki, əgər zamin olaraq kiminsə kreditini özləri ödəyiblərsə, ödəniş çekləri var, müqavilənin onlarda nüsxəsi var, şəxsiyyət vəsiqəsini də əlavə edərək, məhkəməyə müraciət edə bilərlər. Bu məsələ avtomobil kreditlərinə də aiddir. İddia qaldıra bilərlər ki, mən bu vətəndaşın kreditini ödəmişəm, ancaq kompensasiyanı o alıb. Bu yalnız mülki qaydada məhkəmə yolu ilə həll oluna bilər, başqa həll yolu yoxdur. Palata və ya bank tərəfindən zaminin hesabına məbləğin yatırılması çox böyük qarışıqlığa səbəb ola bilər, xaos yarada bilər. Ona görə də bank rəsmi kredit müqaviləsi bağladığı şəxsin hesabına kompensasiya məbləğini köçürür.

- Zaminlərin ödədiyi kredit problemli kredit kimi restruktruzasiya oluna bilərmi?

- Banklar fərdi şəkildə Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələri kimi sosial qruplara, fərmanın əhatə dairəsinə düşsə də, düşməsə də həssas yanaşırlar. Banklar bir çox hallarda bu məsələdə təvazökarlıq edirlər, mətbuatda işıqlandırmırlar, amma güzəştlər olunur. Zaminlər tərəfindən ödənilən vəsaitlərə gəlincə, fərmanda açıq-aşkar qeyd olunub ki, “28 fevral 2019-cu il tarixdə 360 gündən çox gecikməsi olanlar”a şamil edilir. Əgər fərmanda zaminlər tərəfindən ödənilənlər də nəzərə alınaraq, o kreditlər də şamil edilsin yazılsaydı, o zaman bütün ödənilmə mərhələsində olan kreditləri də əhatə edər və bütün kredit portfelinə şamil olunardı. Bu isə artıq idarəolunmaz bir prosesə çevrilərdi. Biz məsələnin mahiyyətinə baxmalıyıq. Mahiyyət odur ki, vətəndaş hər hansı səbəbdən iş yerini itirib, ödəmə qabiliyyətini itirib, müflis olub və bu kredit 360 gündən çox gecikib, ümidsiz borca çevrilib. Vətəndaşın da üzərində bir yükdür, başqa yerdən də kredit götürə bilmir, bankla arasında gərginlik yaranır. Bu, vətəndaşın gərginliyini azaltmaq üçün atılmış addımdır.

- Belə suallar da yaranır ki, cərimə və faizlərin silinməsi ilə bağlı borcu ödəyənlərlə, ödəməyənlər arasında fərq yaranır. Borcunu ödəyənlərə dəbbə pulu və faizlər ödənilmir, ancaq ödəməyənlər üçün silinir...

- Bəli, belə suallar var, ancaq narazılığın olmaması üçün fərmanda birmənalı şəkildə deyildi ki, ödəyən vətəndaşlara da kompensasiya veriləcək. Dövlət deyir ki, devalvasiya nəticəsində vətəndaşa dəyən zərəri birtərəfli şəkildə ödəyirəm, onu 2-3 yerə bölmürəm. Məsələnin mahiyyəti budur. Mən 1907-ci ildən bu günə qədər dünyada baş verən 30-40 böhranı dərin araşdırmışam, səbəblərini, çıxış yollarını, hansı addımların atıldığını öyrənmişəm. Bəziləri böhrandan çıxa bilib, bəzilərində xroniki hal alıb, bəziləri böhrandan sonra daha inkişaf etmiş ölkəyə çevrilib. Bir çox ölkələrdə maliyyə böhranları zamanı devalvasiyalar olur, ancaq mən bu şəkildə devalvasiya zərərini kompensasiya edən, belə bir fərmanın olduğu ölkəni xatırlamıram. Həqiqi mənada yoxdur. Bu qədər əhatəli və birtərəfli şəkildə dövlətin bütün zərəri öz üzərində götürməsi şərtilə məsələnin həlli yalnız bizdədir. Burada məbləğ olaraq 10 min dollara qədər olan kreditlərdən söhbət getsə də say olaraq daha geniş kütləni əhatə edir. Bu cür vətəndaşların sayı dollarla kredit götürənlərin təqribən 92 faizidir. Bu qədər insan bir fərmanda əhatə olunur. Bu qədər əhali kütləsini əhatə etmək, bu qədər zərəri ödəmək, restruktruzasiya üçün də banklara vəsait ayırmaq böyük bir işdir. Banklara 0,1 faizlə vəsait verilir, onlar 0,9 faiz əməliyyat xərclərini də əlavə etməklə , illik cəmi 1 faizlə kreditləri restruktruzasiya edilər. Dünyada illik 1 faizlə 5 il müddətinə kredit verən bir ölkə yoxdur.

- Bu fərman bank sektoruna necə təsir edir?

- Birincisi, çoxlu sayda (söhbət 100 minlərlə məhkəmə işindən gedir) iddia mərhələsində olan, məhkəmə prosesində, icra prosesində olan işlər var idi ki, həm məhkəmə sistemi, həm də bank sektoru bu yükdən azad oldu. İkincisi, kredit portfeli xeyli yüngülləşdi. Bəzən mətbuatda deyirlər ki, istehlak kreditləri gəlirli kreditlərdir, ona görə banklar buna qaçır. Xeyr, belə deyil, banklar əlacsız qaldıqları üçün daha uyğun və rentabelli biznes layihələri az olduqda buna qaçırlar. İstehlak kreditləri gəlirlidir, lakin çox zəhmət və xərc tələb edir, həm hüquqşünas, həm problemli kreditlərlə məşğul olan işçi sayı çox olmalıdır. Kreditin sayı çoxdur, məbləğ azdır. Banklar bu yükdən azad olundu. Bankların müştəri bazası genişləndi, ölkə üzrə 900 mindən çox kreditdən söhbət gedir. Onların bir çoxları bağlandı, azaldı və restruktruzasiya olundu. Kredit portfeli hiss olunacaq qədər sağlamlaşdı.

Digər tərəfdən, həm alınan kompensasiya, həm də restruktruzasiya prosesi üçün Mərkəzi Bankdan daxil olacaq vəsaitlər banklarda əlavə vəsaitlərin formalaşmasına səbəb oldu, likvidlik artdı. Banklarda yeni sağlam kreditlərin verilməsi üçün mənbə yarandı ki, sonrakı mərhələdə istər kiçik və ota sahibkarlıq, istərsə də, böyük biznes layihələri üçün bu yaranmış şansdan istifadə etmək olar. Sahibkarlar yaxşı və əsaslandırılmış biznes layihələr təqdim edə bilərlər. Buyurub banklara müraciət etsinlər, mən əminəm ki, banklar da bu vəsaitləri real sektora, yaxşı biznes layihələrinə yönləndirmək istəyirlər. Bu həm hökumətin tövsiyəsidir, Palatanın və bankların üstünlük verdiyi məsələdir.

Sektorda əsassız fikir yaranıb ki, istehlak kreditləri daha gəlirli olduğu üçün banklar ona üstünlük verir, bu doğru deyil. İstehlak kreditləri də verilməlidir, bunsuz mümkün deyil. Bəzi banklarda 70 faiz korporativ müştərilərdir, 30 faiz istehlak kreditləri, bəzi banklarda isə daha çox istehlak kreditləridir. Ümumilikdə isə istehlak kreditləri ilə bağlı da banklar dərslərini aldılar. İstehlak kreditləşməsində öncəki 25-30-35 faiz dönəmi geridə qaldı. Artıq banklar 18-20 faiz arasında kredit təklif edirlər. Bu fərman banklara ucuz maliyyətli vəsaitlər verdi, likvidliyi yüksəldi, kredit portfelləri sağlamlaşdı. Kreditləri bağlanan bir çox vətəndaşlar potensial müştəriyə çevrildilər.

- Necə etmək lazımdır ki, banklar əvvəlki səhvlərə yol verməsinlər?

- Artıq banklar istəsələr də bundan sonra yüksək həcmdə və yüksək sayda istehlak kreditləri verə bilməyəcəklər. Çünki Palatanın qoyduğu qaydalara görə, vətəndaşın bütün banklar üzrə götürdüyü kreditin aylıq ödənişlərinin cəmi aylıq rəsmi gəlirinin 50 faizindən çox ola bilməz. Əgər vətəndaşın 500 manat gəliri varsa, onun bütün banklar üzrə götürdüyü kreditlərin aylıq ödənişlərinin cəmi 250 manatdan çox ola bilməz. Banklar kredit verərkən Azərbaycan kredit bürosundan çıxarış əldə edirlər, vətəndaşın digər banklardakı kreditləri hesablandıqdan sonra istehlak kreditləri verilir.

- Banklar vətəndaşlardan 1-7 faiz arasında əmanətləri götürüb, 25-30 faizlə digər vətəndaşlara kredit verirlər. Aradakı 4 dəfədən artıq fərqin bir iqtisadi izahı varmı?

- Banklar bu gün 7-8 faizlə depozit qəbul edirlər. O da sirr deyil ki, banklara təqdim olunan biznes layihələrinin sayı azdır, real sektor kreditləşmədə qeyri-aktivlik göstərir. Kredit almaq istəyən şəxslərdə isə nə əsaslandırılmış layihə var, nə hesabatlılıq var. Banklar 2014-cü ilə qədər olan prosesləri unutmaq istəyirlər. Rəsmi olmayan gəlirlər əvvəllər nəzərə alınırdısa, indi qətiyyən nəzərə alınmır. Hökumət kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə aparır. Əsas tələb real hesabatlılığın və əsaslandırılmış biznes layihənin olmasıdır. Banklar cəlb etdikləri 10 milyon manat depozitə görə, vətəndaşa illik 7 faizlə 700 min manat faiz gəliri verməlidirlər. Biznes kreditləri olmadığına görə və kreditlərin sayı az olduğuna görə, həmin xərcləri bağlamaq üçün banklar nisbətən yüksək faizlə daha çox istehlak kreditləri verməyə məcbur olurlar. Ancaq bu yaxşı hal deyil. Dəfələrlə MBNP-ın, Mərkəzi Bankın və Banklar Assosiasiyasının da vurğuladığı kimi, bu məsələdə müəyyən addımlar atılacaq. Müəyyən planlar da var. Sözügedən fərman da imkan verir ki, banklar faizləri aşağı salsınlar. Hazırda tendensiya buna doğru gedir, yüksək faizlərin ömrü 1-2 aya bitir. 2019-cu ilin ikinci yarısından etibarən biz istehlak kreditlərində nominal faiz dərəcələrini 18-20 faiz arasında görəcəyik. Ancaq müddət uzandıqca risk artır, risk artdıqca faiz artır və burada bir neçə illik kreditlər üçün nisbətən 20-22 faiz ola bilər. Ancaq yaxşı hazırlanmış rentabelli biznes layihələri olarsa, orada faiz dərəcələri 13-14-15 faiz ətrafında ola bilər. Bankların köhnə müştəriləri üçün faiz dərəcələri bundan da aşağı ola bilər. Elə layihə var ki, onun “cash flow”su (nağd vəsaitlərin dövriyyəsi) daha yüksək olur. Banklar faiz dərəcələrini hesablayarkən bunu da nəzərə almalıdırlar. Əminliklə deyirəm ki, ilin ikinci yarısından etibarən istehlak kreditlərində aktivləşmə olsa da yüksək faizli istehlak kreditlərini görməyəcəyik. Artıq bir sıra banklar müştərilərinə ilkin 19-20 faizlə istehlak kreditləri təklif edirlər və bu proses başlayıb.

İqtisadiyyat xəbərləri
Cia.az digər xəbərlər