Ermənilərdən VƏHŞİLİK: Axundun gözlərini çıxarıb, qulaqlarını və burnunu kəsdilər - REPORTAJ (FOTOLAR)

Ermənilərdən VƏHŞİLİK: Axundun gözlərini çıxarıb, qulaqlarını və burnunu kəsdilər - REPORTAJ (FOTOLAR)

"Bizim kişilərimiz elə qorxaq deyildi ki, məsciddə gizlənsin"


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri "Gənc Jurnalistlər” Klubunun üzvləri Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda regional konfransda iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş edildikdən sonra tədbirin iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin məzarları və Şamaxı Cümə məscidini ziyarət ediblər.

2017-ci ildə çəkilmiş "Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub.

Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir.

Seyid Əzim Şirvani adına Şamaxı şəhər Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixi-maddi və mənəvi mədəniyyəti , xalq sənətkarlığı və s. ilə bağlı fond əşyaları yer alıb. Maraqlı məqam odur ki, tarixi qədim olan əşyalarla yanaşı məkanda yeni eksponatlara da rast gəlinir.

Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir bu məzarlarda uyuyur

Seyid Əzim Şirvani 1835-ci il 9 iyul Şamaxıda anadan olmuşdur. O 1869-cu ildə yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər müəllimlik etmişdir. Müxtəlif Şərq mənbələrindən tərcümələr etmiş şairin əsas yaradıcılığını isə qəzəlləri ilə yanaşı maarifçi və tənqidi-satirik şeirləri təşkil edir.

Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də vəfat etmişdir.

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Onun yaradıcılıq həvəsini artıran və ona müəllimlik edən isə Seyid Əzim Şirvani olmuşdur. Sabir Azərbaycan ədəbiyyatı və mətbuatı üçün dəyərli olan şairlərdən biridir.

1911-ci il iyulun 12-də vəfat edən şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanlığı"nda dəfn olunub.

Bizim kişilərimiz elə qorxaq deyildi ki, məsciddə gizlənsin

Şamaxı Cümə məscidi Cənubi Qafqazda Dərbənd Cümə məscidindən sonra ən qədim məbəd hesab olunur. 743-744-cü illərdə inşa edilən məscid tarixin hər üzünü görüb, bu günlərə gəlib çıxmışdır. Ərəblərin Azərbaycana gəlişinin ilk dövrlərində inşa edilən bu müqəddəs ocaq Şirvanşahların yeddi yüz illik səltənətinə, monqolların Şamaxını dağıtmasına, daxili çəkişmələrə, rusların axınlarına, ermənilərin törətdiyi vəhşiliklərə şahidlik etmişdir. Hətta Şamaxı tarixində baş verən dəhşətli zəlzələlər də məscidi tarixdən silə bilməmişdir. Məscid müxtəlif şəxslər tərəfindən müxtəlif zamanlarda bərpa olunub. Son bərpa işləri isə 2010-2013-cü illərdə aparılıb.

Məscidin imamı olan Mərəhməd Mustafayev konfrans iştirakçılarına məbədin tarixindən söz açmaqla yanaşı, məbədin həyətindəki yeraltı şəhər və məscidlə onları tanış edib.

İmam qeyd edib ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı qətlə yetirilmiş minlərlə insan arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlərdə olub:

"Onlardan axund olan Hacı Cəfərqulu isə xüsusi qəddarlıqla öldürülüb. Ermənilər əvvəlcə onun saqqalını bir-bir yolduqdan sonra, dişlərini sındırıb, gözlərini çıxarıb, qulaqlarını və burnunu kəsiblər".

Məscidə gələn turistlərdən söz açan Mərəhməd Mustafayev bildirib ki, bir gün turistlərdən biri məsciddə ermənilərdən gizlənən azərbaycanlı kişilərin yandırılmasının doğruluğunu ondan soruşub. O isə cavabında belə bir halın olmamasını, kişilərin vuruşduğunu bildirib.

"Bizim kişilərimiz elə qorxaq deyildi ki, məsciddə gizlənsin. Kişilərimiz həmin vaxtlarda vuruşurdu. Ermənilərdən xilas olmaq üçün isə müqəddəs məscidə sığınan 2000 nəfər qadın, uşaq və yaşlılar olmuşdur. Onlar məscidin müqəddəs olduğu üçün buraya yığışıblar, ermənilər isə buna əhəmiyyət verməyərək onları diri-diri yandırmış, məscidi darmadağın etmişdir. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən basdırıblar".

Qeyd edək ki, komissiya üzvləri 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə yandırılmış evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümüklərinin aşkar edilməsini bildiriblər.

Hicranə İsmayılova

Fotolar: Abbas Əliyev

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Açar sözlər
Heydər Əliyev , Ələkbər Sabir , Abbas Əliyev , Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi , Bakı Dövlət Universiteti , Bilik Fondu , Şamaxı Şəhər Incəsənət Təhsili Mərkəzi , Şamaxı Rayon Icra 13 Hakimiyyəti , Azərbaycan , Şamaxı , Şirvan , Dərbənd
Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər