Ermənistan 30 illik labirintdə - xilas yolu Azərbaycana aparır

Ermənistan 30 illik labirintdə - xilas yolu Azərbaycana aparır

Düşmən ölkədə hakimiyyət yenilənsə də, siyasət dəyişmədi; Qarabağ konflikti çözülməyincə Paşinyanı Sərkisyanın taleyi, erməni xalqını isə yeni faciələr gözləyir...

İşğalçı Ermənistanda “məxməri inqilab”dan 1 ilə yaxın vaxt ötsə də, erməni xalqı hələ də illüziyalarla yaşayır. Hələ də sadəlövhcəsinə inanır ki, inqilabçı baş nazir Nikol Paşinyan onun bütün dərdlərinə əlac edəcək, inqilab öncəsi verdiyi vədləri tutacaq.

Yəni ermənilər tezliklə onun əli ilə həm Dağlıq Qarabağın işğalının rəsmiləşəcəyini, həm də rifaha qovuşacaqlarını güman edirlər. Hərçənd fərqli düşünənlər də var. Bunu ilk növbədə işğalçı ölkədə indiki baş nazirin apardığı daxili və xarici siyasətdən artan narazılıq təsdiqləyir.

*****

“Nikol Paşinyanın ən zəif tərəfi onun kadr siyasəti olaraq qalmaqda davam edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikir qərbyönlü 1 in.am saytında dünən getmiş baş məqalədə yer alıb.

“Paşinyanın təyin elədiyi kadrların əksəriyyəti nəinki zəruri keyfiyyətlər baxımından öz vəzifələrinə uyğun gəlmir, üstəlik, onlar inqilaba və Paşinyana arxadan zərbə vura bilərlər. Bu, həm inqilab, həm də baş nazir Paşinyan üçün olduqca həlledici bir məqamdır”, - deyə müəllif qeyd edir.

Yazıda indiki hakimiyyətin xarici siyasəti də sərt tənqid edilir:“Paşinyandan əvvəlki hakimiyyətlər rusiya və ya rusiyayönlü siyasət aparırdılar. Ona görə ki, onların legitimliyi yox idi və bu yolla Moskvanın xoşuna gəlib iqtidarda qalırdılar. Hazırkı hakimiyyətin isə legitimlik problemi mövcud deyil, ona yüksək ictimai etimad var. Odur ki, istər Rusiya, istərsə də digər dövlətlər və təşkilatlarla əlaqələri tam fərqli mövqedən, Ermənistanın maraqlarına xidmət eləməklə qurmaq olar. Olar. Ancaq təzə iqtidar bunu eləmir”.

Məqalədə daha sonra deyilir:“Xarici şərtlərlə yanaşı, artıq dünyada Ermənistana münasibət də dəyişib. Dünya yeni Ermənistandan tam başqa yanaşmalar və fərqli siyasət gözləyir. Ermənistan isə dünyadan (Rusiyadan başqa) dəstək tələb edən, bizə xüsusi münasibət tələb mövqelərdən çıxış edir. Biz hələ də nə ikitərəfli əlaqələrlə, nə də bütövlükdə beynəlxalq siyasət səviyyəsində dünyaya nə verə biləcəyimizi müəyyən edə bilməmişik. Dünya Ermənistanın apardığı və qayəsində Rusiyanın dominantlığı dayanan siyasəti izləyir. Əgər biz xarici siyasətin şaxələndirilməsi yönündə real addımlar atmasaq, dünya bizə Rusiyanın satelliti kimi baxmaqda davam edəcək - buradan bizim üçün çıxan bütün neqativ nəticələrlə birgə”.

*****

Əlbəttə ki, “halva halva” deməklə ağız şirin olmur. İşğalçı Ermənistan işğal siyasətini davam etdirdikcə, dünyaya yaxşı nə verə bilər ki? Bu, yumsaq desək, olsa-olsa, özündən müştəbehliyin və özünün olmayan dəyərini qaldırmaq xislətinin təzahürü sayıla bilər.

Ermənilər hələ də anlamaq istəmirlər ki, Ermənistanın suveren və müstəqil siyasət yürütməsi əsla ona başçılıq edə qüvvənin legitim olub-olmaması məsələsinə bağlı deyil, həmin qüvvənin siyasi təfəkkürünə, modern düşüncəsinə bağlı problemdir. Söhbət rəsmi İrəvandan Rusiya ilə ənənəvi vassal əlaqələri zəiflətmək üçün tələb olunan iradədən və bu iradəyə erməni toplumun hazır olub-olmamasından gedir.

Erməni toplumu isə əfsus ki, hələ də iqtidarlı-müxalifətli, QHT-li-medialı həm Rusiyanın əli ilə Azərbaycan torpaqlarının işğalını davam etdirmək, ondan müasir silahlar, ucuz təbii qaz almaq, sərhədlərinin ruslar tərəfindən qorunmasını istəyir, həm də Qərblə yaxınlaşmaq zərurətindən dəm vururlar. Siyasi riyakarlıq yəni.

Təbii ki, bunlar xam xəyallardır. Göründüyü kimi,“legitim və demokrat”Nikol Paşinyan da bu hədəfə nail ola bilmədi və faktiki, o da hakimiyyətdən devirdiyi Sərkisyan kursuna qayıtdı. Ona görə yox ki, istəmədi. Sadəcə, bacarmadı. Bununla da ermənilərin “demokratik yolla” Qarabağı ilhaq edib, rifaha qovuşmaq arzusu çilik-çilik oldu. Demək, inqilabla bağlı əsas ümidlər də basdırılmış hesab oluna bilər. “Məxməri inqilab” bədxah qonşularımızın axırıncı ümidi və şansı idi...

*****

Bu, Azərbaycan üçün də mühüm nəticədir. O anlamda ki, artıq erməni cəmiyyəti Dağlıq Qarabağ problem həll olunmayınca, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr qaydaya salınmayınca, yekun olaraq, blokada rejimi aradan qaldırılmayınca hakimiyyətdə kim olur-olsun, Ermənistanın heç bir inkişaf perspektivinin olmayacağına əmin oldular. Yəni düşmən ölkədə hakimiyyətlər dəyişsə də, daxil və xarici siyasət yerində qalmağa məhkumdur - ta ki, rəsmi İrəvan, erməni toplumu işğal siyasətindən imtina edib, ona aid olmayan torpaqları öz sahibinə qaytarmayınca.

Yeri gəlmişkən, Nikol Paşinyan və komandasına bu yöndə mesajlar onun guya yaxınlaşmağa can atdığı Qərbdən - ABŞ və Avropa Birliyi rəsmilərindən dəfələrlə verilib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ilin oktyabrında İrəvanda səsləndirdiyi məlum bəyanatı, ardınca prezident Donald Trampın Paşinyana baş nazir təyin edilməsi münasibətilə göndərdiyi məktubdakı xəbərdarlığı yada salmaq yetər.

Qısası, işğalçı ölkəni düşdüyü 30 illik labirintdən çıxmağa qoymayan tək səbəb Qarabağ problemi, işğal siyasətidir. Bu ixtilaf çözülməyincə Nikol Paşinyanı Serj Sərkisyanın aqibəti, erməni xalqını isə yeni fəlakətlər gözləyir. Necə deyərlər, erməni xalqı üçün xilas yollarının hamısı Azərbaycana aparır... /musavat

Siyasət xəbərləri
Muxalifet.az digər xəbərlər