Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT)

Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT)

Nersisyan belə bir mənfi reputasiyaya malik PUA-ların dünya liderliyinə iddialı olmasının səbəblərini açıqlamayıb. Hazırda bir çox inkşaf etmiş ölkələr müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının yaradılması və istismarı istiqamətində ciddi addımlar atır. Belə bir ənənə müharibə şəraitində olan və ya müəyyən daxili münaqişələrdə iştirak edən ölkələr üçün xüsusilə aktualdır. Ermənistan Hərbi Sənaye Kompleksi (HSK) də PUA sahəsində Azərbaycandan aşkar geriliyini aradan qaldırmaq, adını texnoloji cəhətdən inkişaf etmiş ölkələr sırasına yazdırmaq üçün PUA istehsalına ciddi diqqət yetirmək məcburiyyətindədir. Bu da başadüşüləndir. Təbii ki, 616 milyon dollar müdafiə büdcəsi ilə ermənilər həm ordunu saxlamaq, həm də aviasiya və ya zirehli vasitə istehsal etmək imkanından mərhumdur. Daha öncə də xatırlatdığım kimi, Ermənistan HSK-nın hədəflərinə çatmaq üçün ən qısa və yaxın yol kimi PUA istehsalını seçib. Bu metodla Ermənistanın yeni hakimiyyəti özünün İsrail PUA-larının fərqli modellərinin yerli istehsalını bir neçə il qabaq başlayan Azərbaycandan heç də geri qalmadığını nümayiş etdirməyə çalışır. Lakin bilirik ki, PUA layihələndirilməsi, PUA istehsalı, PUA yığılması, PUA sınağı, TTX təyinatı və tətbiqi fərqli proseslərdir, həmçinin kifayət qədər ciddi maddi-texniki və intellektual yatırım tələb edir.

Artıq bir çox ölkələrin Silahlı Qüvvələrində PUA və onların fərqli təyinatlar üzrə tətbiqi 20 ilə yaxındır ki, adi hala çevrilib. Lakin Ermənistan HSK hələ də əvvəlki nəslə aid PUA-ların sadəcə yığılmasını ciddi bir nailiyyət kimi qələmə verməyə çalışır. Əslində başqa çıxış yolu da yoxdur. Ərazisini işğal etdiyi Azərbaycanla 3-4 dəfə aşağı müdafiə büdcəsi ilə paritet saxlamaq və silahlanma yarışında iştirak etmək elə də asan deyil. Bir tərəfdən Azərbaycan həm özünün strateji tərəfdaşlarının - İsrail, Türkiyə və Pakistanın, digər tərəfdən isə Ermənistanın strateji tərəfdaşlarının - Rusiya və Belarusun demək olar ki, istənilən müdafiə məhsullarını, həmçinin bəzi Avropa və NATO ölkələrinin məhdud preyskurantını əldə etmək imkanına malikdir. Sadalanan ölkələr arasında Ermənistana daha çox silah ötürən Rusiya isə həm özünün iqtisadi problemləri, həm də İrəvanın “eyni zamanda bir neçə stulda oturmaq” niyyətindən dolayı artıq kredit və ya əvəzsiz yardımlar ayırmaqda əvvəlki qədər istəkli görünmür.

Silah əldə etmək üçün çox sayda ölkə və ya şirkət mövcuddur, lakin bunun üçün Ermənistanın zəruri maliyyə qaynaqları mövcud deyil. Daxili istehsalı canlandırmaq görüntüsünü yaratmaqdan başqa çarəsi qalmayan Ermənistan texoloji cəhətdən mürəkkəb olan komplekslərin istehsalı üçün real potensiala da malik deyil. Buna görə də həm Azərbaycanla arasında yaranan PUA fərqini azaltmaq, həm Ermənistan ordusunun tələbatını ödəmək, həm də texnoloji inkişaf etmiş ölkə imici yaratmaq üçün məhz bu sahənin inkişaf etdirilməsini prioritet olaraq seçib. Əslində, işğalçı ölkə olsa da bu seçim doğrudur və alternativi yoxdur. Çünki Ermənistanın mürəkkəb hərbi texnika və komplekslər hazırlayacaq qədər potensialı hələlik mövcud deyil. PUA məsələsində isə vəziyyət fərqlidir. Erməni mütəxəssislərin Rusiya ilə münasibətlərinin daha isti zamanında rusiyalı hərçilərlə birgə keçirdikləri təlimlər, təcrübə mübadiləsi, təhlillər zamanı müəyyən təcrübə əldə etdiyi şübhəsizdir. Bir çox erməni PUA modelləri Rusiya, az bir hissəsi isə xarici görünüşünə görə İsrail modellərini xatırladır.

Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib.

Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Krunk-25-1”, “Krunk-25-2”, “Azniv” və X-55 (ARMİ-55) PUA-larına da sahibdir. Artıq BEEB-1800, BEEB-3000, BEEB-3200, S-1, “Cut” kimi aparatların da sınaqlarının başa çatdığı və silahlanmaya qəbul edildiyi barədə məlumatlar mövcuddur.

Ermənistanın istehsal etdiyi PUA-lar arasında 5-10 kiloqram çəki ilə kiçik sinif dronlara aid “Photobot”, “Supercam S-300M”, “Supercam S-350”, “Hreeş” və “Baze” tipli aparatlar mövcuddur.

İlk dəfə yerli PUA “Krunk” adı ilə 2011-ci il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən hərbi parad zamanı ictimaiyyətə təqdim edildi. “Krunk” ailəsi 3 modeldə istehsal edilir.

“Krunk-25-1”

İddialara görə, "Krunk 25-1-2" PUA-sı optik alətlərlə yeni bir turel əldə edib. Quraşdırılan səsboğucu boruların isə böyük ehtimalla daha güclü mühərrikin tətbiq edilməsilə əlaqədar olduğu bildirilir.

Daha böyük “Krunk 25-1” PUA-sı 3.8 metr uzunluğa, 4.32 m qanad açılımına malikdir və 20 kq faydalı yük daşıyır. Kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqəyə qədər, fəaliyyət radiusu 150 km, videosiqnalın komanda məntəqəsinə ötürülmə məsafəsi isə 100 km-dir.

İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 4000 metrdir.

“Krunk-25-2”

“Krunk 25-2” 15 kq faydalı yük daşıyır. Aparatın əsas parametrləri “Krunk 25-1” ilə çox yaxımdır: kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqədir. Fəaliyyət radiusu isə videosiqnalın ötürülməsi məsafəsinin 100 km-lik göstəricisinə qədər azaldılıb. İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 3500 metrdir.

“Azniv”

“Azniv” PUA-sının qanad sonluqlarındakı fərqini nəzər almasaq, “Krunk-25-2” ilə eyni olduğunu iddia edə bilərik.

Beləliklə, “Krunk-25-1” və “Krunk-25-2” bir-birindən xarici gürünüşünə görə az da olsa fərqlənir. Diqqət yetirsək görərik ki, burun hissəsinin forması fərqlidir, yəni ilkin versiyada burunda yerləşən pərləri, ikinci versiyada füzelyajın arxasına keçiriblər, lakin TTX-ları dəyişməyib. “Krunk-25-2” və “Azniv” isə həm görünüşünə, həm də TTX-sına görə eyni PUA-lardır, yeganə fərqi sonuncunun qanad sonluqlarının nisbətən yuxarıya doğru qatlanan formada olmasından ibarətdir.

Əslində çox zəif göstəricilərə malik uçuş zolağından buraxılan PUA-nın paradda “erməni mühəndis dühasının mücüzəsi” kimi təqdim edilməsi gözlənilən idi. Buna artıq çoxları alışıb. Bəlkə də yeri deyil, lakin yazmaq məcburiyyətindəyəm. Məsələn, ermənilər Kim Kardaşyanın və Anna Avakcanovanın harada, kiminlə və neçə dəfə yatmasından asılı olmayaraq qadının soyunmasını fəxrlə “model fəaliyyəti” adlandırırlar, biz isə eyni fəaliyyəti qınayaraq əxlaqsızlıq adlandırırıq. Əslində hər iki tərəfin bu sahədə fəaliyyət prinsipləri və məqsədləri eynidir, yalnız biz əxlaqsızlığı ermənilər qədər “modern” üslubda təqdim edə bilmirik. Müxtəlif sərgilərdə “Krunk” PUA-larının təqdimatı da yuxarıda deyilənlərdən heç nəyi ilə fərqlənmir.

Krunk, yoxsa RQ-2 “Pioneer”

Ermənistanın yeni PUA-sı 2011-ci ildən istehsal edilir, onun görüntülərini digər analoqları ilə müqayisə etdikdə isə ortaya maraqlı faktlar çıxır.

“Krunk” PUA-larının İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzədiyi məlum olur. Onların Ermənistanın, daha doğrusu Rusiyanın əlinə keçməsi tarixi təxminən 30 il əvvəl baş verib.

RQ-2 “Pioneer”

RQ-2 PUA-larının İsrail tərəfindən Yaxın Şərqdə uğurlu tətbiq edilməsi 1985-ci ildə ABŞ-ın bu vasitələri əldə etməsinə səbəb oldu. 1987-ci ildə ABŞ Dəniz Piyada korpusu, sonra HDQ-nin “Ayova” linkoru, 90-cı ildə isə ABŞ Quru Qüvvələri bu PUA-larla təchiz edildi. 1991-ci ildə 6 ədəd RQ-2 sistemi İraqdakı “Səhrada Fırtına” əməliyyatında 1000 saatdan çox davam edən 300-dən çox döyüş tapşırığını yerinə yetirdi. Əməliyyatlar zamanı 2 ədəd RQ-2 rəqibin zenit artilleriyası tərəfindən məhv edildi. Sonradan Yuqoslaviyada, o cümlədən Bosniya və Kosovada tətbiq edildi. Burada isə 4 ədəd PUA itirildi. Əməliyyatlar zamanı məhv edilən PUA-ların Rusiyaya gətirildiyi ehtimal edilir. Daha sonra ikinci İraq müharibəsində RQ-2-dən təkrar istifadə edildi.

Hazırda ermənilərin milli istehsal kimi qələmə verdikləri “Krunk” ailəsinin RQ-2 “Pioneer” PUA-ları ilə konstruksiya və TTX oxşarlığı kifayət qədərdir, sadəcə ortada 40 illik bir müddət fərqi mövcuddur.

Taktiki-Texniki Xüsusiyyətləri:
- Qanad açılımı - 5.15 m;
- Uzunluğu - 4.27 m;
- Kütləsi - 189 kq;
- Maksimal sürət - 176 km/s;
- Uçuş məsafəsi - 185 km
- Uçuş müddəti - 5 saat
- Praktiki uçuş yüksəkliyi - 4572 m.

Ermənilər eyni PUA-nı 3 müxtəlif adla təqdim etməklə müdafiə sənayesinin, digər sahələrdə olduğu kimi, daha geniş imkanlara malik olduğunu göstərməyə cəhd edirlər. Fərqlərin burun hissədə və qanad sonluqlarında olması, erməni mühəndislərinin fantaziyasının məhdudluğundan xəbər verir. Maraqlıdır ki, artıq 10 ildir istehsal edilən bu PUA ailəsini, hələ də ermənilərdən başqa heç kim istifadə etməyə risk etməyib.

X-55, yoxsa Ptero-5E

İki il sonra 2 kilometr yüksəklikdə altı saat qala bilən, 130 km/saat sürətə malik kiçik ölçülü X-55 kəşfiyyat təyinatlı taktiki pilotsuz vasitə təqdim edildi. İstehsalçı maksimal əlaqə məsafəsinin 100 km, lakin uçuşun 500-600 km məsafədə avtomatik rejimdə həyata keçirilə biləcəyini iddia etsə də, real tətbiqdə bunun saxta və reklam xarakterli məlumat olduğu ortaya çıxıb. Bu PUA-nın əvvəlki “Krunk”lardan real fərqi paraşütlə enməsi və uçuş meydançasına ehtiyac duymamasından ibarət idi. Bu PUA-ların digər fərqli cəhəti motosikl mühhərikinin və onun səsboğucularının analoji variantından istifadə etməsidir.

X-55
“Ptero-5E”

“Ptero-5E” və X-55 kimi təqdim edilən eyni PUA-nın fotolarına baxdıqda belə təəssürat yaranır ki, erməni mühəndislər rus PUA-sından fərqlənmə nişanlarını və bütün rəngli elementləri boyamaqla “yeni” yerli PUA yaratdıqlarını düşünüblər. Lakin hər iki fotoda təzyiq balonunun belə eyni rəngdə və eyni tipdə olması da diqqətdən yayına bilməz.

X-55 PUA-larının Rusiyanın “AFM-Servers” şirkətindən əldə edilən “Ptero-5” aparatları ilə eyni olduğunu təsdiq etmək üçün heç də bu sahədə mütəxəssis olmağa ehtiyac yoxdur.

İKT xəbərləri
Ordu.az digər xəbərlər