"Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır və..." - Növbəti "Lavrov" nağılı...

"Lavrov kartı" ilə Dağlıq Qarabağın taleyinə baxanda onun gələcəyinin daha qaranlıq olduğunu, gün kimi aydın görmək olur.
Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqin nəhayət ki, son illər mediada "Lavrov planı" adı altında səslənən Rusiyanın Dağlıq Qarabağ "sandığı"nı açıb "pambığı"nı yerə tökdü. Sözsüz ki, Rusiyanın Güney Qafqazdakı geosiyasi marağı hamıya aydın idi, ancaq Qarabağ düyününün bu qədər vaxt ərzində çözülməməsinin əsl səbəbini Kremlin düşünən beyni sayılan Duqin bu dəfə incəliyinə qədər açıq-aşkar etiraf etdi.
Baxın, Duqinin fikrincə, Rusiyanın Xarici işlər idarəsinin rəhbəri Sergey Lavrovun, həmçinin, bu ölkənin prezidenti Putinin də dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni qaytarır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılaraq Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi öz evlərinə dönür.
Doğrudur, Duqin Rusiyanın dəstəklədiyi "Lavrov planı"nın gerçəkləşəcəyi təqdirdə Dağlıq Qarabağın heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində olabiləcəyini dilə gətirmir. Amma ermənilərin bu bölgədə azərbaycanlılarla müqayisədə əsas söz sahibi olacaqlarını və bu planın gələcəkdə ermənilərin xeyrinə hesablandığını anlamamaq mümkün deyil.
Çünki "Lavrov kartı" ilə Dağlıq Qarabağın taleyinə baxanda onun gələcəyinin daha qaranlıq olduğunu, gün kimi aydın görmək olur. Yəni, indiki halda acından ölməsinə baxmayaraq sağa-sola at oynadan Ermənistanın iqtisadi vəziyyəti dirçəldikdən sonra yerdə qalan iki - Kəlbəcər və Laçın rayonlarını, həmçinin Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qaytarılmasına razılıq verməsinə kimsə təminat verə bilərmi? Əlbəttə də ki yox! Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Duqin söhbət əsnasında ermənilərin indi arxasında dayanan konkret qüvvənin olmadığını desə də, amma bunun ardınca Rusiyanın özünü Dağlıq Qarabağın erməni icmasının qarantı saydığını və onların bu bölgədə azad, təhlükəsiz yaşaması üçün məsuliyyət daşıdığını - deyir.
Yeri gəlmişkən, bax bu sualın cavabını bilmək maralı olardı; Azərbaycanın ərazisində yaşayan və onun hüquqi vətəndaşı olan hansısa separatçı etnik qrupa eyni soydan olmayan digər xalq və ya ölkə hansı haqla qarant dura bilir? Azərbaycanın özünə nə olub ki, başqası onun vətəndaşına qarant dursun? Məgər Rusiya Çeçenstanı darmadağın edəndə çeçen xalqının təhlükəsizliyinə kimsə qarant durdumu? Əslində, Duqin bu ifadəsi ilə Rusiyanın Qarabağdakı erməni separatistlərinə qarant durduğunu etiraf edir.
Çünki, əgər Rusiya həqiqətən də Azərbaycanın suveren dövlət olmasında maraqlıdırsa, o zaman niyə onun daxili işinə qarışır və Qarabağın erməni icmasının təhlükəsizliyinə qarant durur? Yoxsa, Dağlıq Qarabağda yaşayan haylar "ruslaşıb" və ya Rusiya vətəndaşı olub rəsmi Bakının bundan xəbəri yoxdur? Qarabağ ermənilərinə qahmar çıxan Moskva bəs nədən Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun azad olunmasını heç yadına belə salmır?
Duqin - "İstəyimiz odur ki, bu ərazilər bizimlə düşmən münasibətlərdə olan Qərb dövlətlərinin nəzarətinə keçməsin. Bizə neytral, mehriban qonşuluq münasibətlərində olduğumuz Güney Qafqaz gərəkdir. Bizə hətta Rusiya yönümlü Azərbaycan yox, Azərbaycan yönümlü Azərbaycan maraqlıdır. Azərbaycanın möhkəmlənməsi, bu, bizim Türkiyə və İranla əlaqələrimizin möhkəmlənməsinə imkan yaradar"- deyir.
Əlbəttə cənab Duqin, Azərbaycan bütün qonşu dövlətlərlə əlaqələrin qurulmasında hamıdan daha çox maraqlıdır, amma bunun qarşısını sizin geosiyasi maraqlarınız yox, məhz erməniyönümlü ədalətsiz siyasətiniz bağlayır. Sözsüz ki, Azərbaycan Güney Qafqazda Rusiyanın maraqlarını nəzərə almadan ABŞ-ın və ya NATO-nun hərbi bazalarının yerləşdirilməsinin mümkün olmadığını yaxşı anlayır. Ancaq Rusiya nədənsə elə özünün də rəsmən tanıdığı Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistan hərbi bazalarına 30 ilə yaxındır ki, göz yumur, üstəlik belə bir işğalçı dövlətlə hərtərəfli, xüsusən də hərbi müttəfiqlik edir.
Bu üzdən də sizin - "Biz Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır" - deməyiniz heç də səmimi görünmür.
Əslində Duqin bu siyasi gedişləri ilə sadəcə Azərbaycanı "qılıqlayır" və Qarabağ "sandığ"ından yerə tökdüyü "pambıq"la rəsmi Bakının başını kəsmək istəyir.
Bunun ardınca, Duqin Azərbaycanın bir vaxtlar GUAM ölkəsi olmasının Ermənistan üçün üstünlük təşkil etdiyini və ermənilərin buna ümid edərək, Rusiya ilə Gürcüstan və Ukraynanın arası pozulduğu kimi güya Azərbaycanın da Rusiya ilə münasibətinin korlanacağı təqdirdə Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə hayların mövqeyini müdafiə etməsinə güman etmələrini qeyd edir və belə bir planın Abxaziya, eləcə də Şimali Osetiyada işlədiyini deyərək, Qarabağda keçmədiyini açıq vurğulayır. Hətta buna görə Ermənistanın bütün bu illər ərzində Moskvaya qarşı davamlı etirazlar səsləndirərək Rusiyanın hesabına nəfəs aldıları və Rusiyadan 100 faiz asılı olduqları halda onu şantaj etməkdən də çəkinmədiklərini dilə gətirir.
Amma ki, nə fayda cənab Duqin, təmsil etdiyiniz Rusiya, ermənilərin bütün bu nankorluğunu, həmçinin Ermənistanda cəmiyyətin çox qəliz olduğunu bilə-bilə Dağlıq Qarabağ məsələsində yenə də onlara olan sevgisini azaltmır.
Bir şeyi də nəzərə alın ki, Azərbaycanlılar heç də sizin düşündüyünüz kimi sadəlövh xalq deyil, bu xalqın düşünən beyni və vuran qolları hələ tükənməyib. Sadəcə xalq Rusiyanın Güney Qafqazda öz geosiyasi maraqlarını qorumaqla yanaşı, həm də ermənilərin separatist maraqalarını qoruduğunu yaxşı anlayır. Çünki bu kimi maraqlarda tarixən olduğu kimi qurban həmişə Azərbaycan olub.
Məgər indiyədək erməniləri Güney Qafqaza sürüyüb gətirən, Azərbaycan torpaqlarını onlara peşkəş edən Rusiyanın geosiyasi maraqları olmayıbmı? Nədən Rusiyanın geosiyasi maraqlarına heç olmasa bir dəfə də Ermənistan qurban olmasın, məgər Rusiya öz forpostunun ağzına vurub Gümrüdə bu maraqlarını təmin edə bilməzmi? Əlbəttə edə bilər, görünür Duqinin Qarabağ "sandığ"ında təkcə "pambıq" deyil, başqa şeylərdə var.
Mübariz Azərbaycanlı, müstəqil jurnalist