Ermənistanda əsgər anaları etiraza qalxdı: "Tonoyanı vəzifəsindən azad edin"

Ermənistanda əsgər anaları etiraza qalxdı: "Tonoyanı vəzifəsindən azad edin"
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunda sülh dövründə ölən hərbi qulluqçuların anaları hökumət binasının qarşısında yenidən etiraz aksiyası keçiriblər.

Əsgər anaları, indiyədək heç bir şeyin dəyişmədiyini demək üçün Paşinyanın onları qəbul etməsini tələb edirlər.

Aksiya iştirakçılarının sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişsə də, idarəetmə sistemi olduğu kimi qalmaqda davam edir.

Etirazçılar, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın dövründə onun müavini olaraq hərbçilərin öldürülməsindən çox yaxşı məlumatlı olan Davit Tonoyanın, baş prokuror Artur Davtyanın öz vəzifələrində qaldıqlarından şikayətləniblər.

Sülh dövründə ölən erməni hərbi qulluqçuların anaları, bu sistemin dəyişmədən onların övladlarının öldürülməsi ilə bağlı cinayətlərin üstünün açılacağına heç bir ümid etmədiklərini qeyd ediblər. Bütün bunlara görə, indiki Paşinyan hakimiyyətinə də heç bir inam göstərmədiklərini vurğulayıblar.

"İllərdir, ölən hərbi qulluqçuların işləri ilə məşğul olan güc strukturlarının rəhbərləri dəyişmədən cinayət hallarının tam açılacağına ümid etmirik. Günahkarlar cəzalandırılmadıqca, cinayətkarlar ifşa edilmədikcə, ordudakı qətllər olduğu kimi davam edəcək", - deyə erməni əsgər anaları etiraz ediblər.

Onlar Paşinyana müraciət edərək, güc strukturlarının rəhbərlərinin vəzifələrindən çıxarılmasını tələb ediblər.

Etirazçılar Paşinyanın vəd verməsinə baxmayaraq, artıq 10-11 ay keçdiyini, heç bir irəliləyişin olmadığını qeyd ediblər.

"İstintaq komitəsi ilə birgə araşdırılma aparılması üçün komissiya yaradılmalı olsa da, heç bir şey də edilməyib", - deyə qəzəbli aksiya iştirakçıları etirazların davamlı olaraq keçiriləcəyini bildiriblər.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər