"Əvvəlcə rəsədxananın itmiş nüfuzunu bərpa etsin, fəaliyyətsizliklərini aradan qaldırsın..."

“Astrologiyadan danışmaq üçün insanın bu barədə az-çox məlumatı olmalı, arqument səsləndirməlidir. O isə gah deyir “astroloqların dedikləri təsadüfən düz çıxır”, gah deyir cəfəngiyyatdır, gah da “kosmosa orbitdən baxmaqla” öz aləmində əsaslandırılmış fikir deyir”
Bunu Moderator.az-a açıqlamasında astroloq Səbuhi Rəhimli AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilovun müsahibəsində qoroskopu cəfəngiyyat və kimlərinsə gəlir mənbəyi adlandırmasına münasibət bildirərkən deyib. S.Rəhimli N.Cəlilovun bu sahədə bilgisi olmadığını bildirib:
“Rəsədxana direktorunun bu yanaşması zaman-zaman təkrarlanır. Həm də fikir vermişəm ki, hansısa hesablamalarımız dəqiqliklə həyata keçəndə, proqnozlarımız özünü doğruldanda meydana düşüb belə fikirlər səsləndirir. Astrologiyadan danışmaq üçün insanın bu barədə az-çox məlumatı olmalı, arqument səsləndirməlidir. O isə gah deyir “astroloqların dedikləri təsadüfən düz çıxır”, gah deyir cəfəngiyyatdır, gah da “kosmosa orbitdən baxmaqla” öz aləmində əsaslandırılmış fikir deyir. Bu da onu göstərir ki, Namiq müəllimin astrologiya haqqında hətta ibtidai bilgisi belə yoxdur. Göy sferası konkret bir sistemdir. Makro-kosmosun mikro-kosmosa təsiri də inkaredilməzdir. İstər dini, istərsə də elmi baxışdan astrologiyanı təkzib edə biləcək əsaslar yoxdur.
Söhbət təbii ki, şoulaşmamış, çirkaba bulaşmamış, sağlam astrologiyadan gedir. Böyük Britaniyada, ABŞ-da, Sankt-Peterburqda bu sahəni öyrənən universitetlər, akademiyalar var. Almaniyada 4 ildə bir dəfə dünya astroloqları bir araya gəlib alimlərlə müxtəlif aspektlərdə müzakirələr aparır, yekdil nəticələrə gəlirlər. Namiq müəllim isə “yalan” və “cəfəngiyyat” deməklə kifayətlənir. Bu alim görünür yüksək enerjilər fizikasını bilmir, zərrəciklərin və nüvələrin yüksək enerjilərdə spin xarakteristikaları haqqında anlayışa malik deyil. Əgər bunları bilsəydi, görərdi ki, fizikanın bu yeni sahəsi astroloji təsiri izah edir. Maariflənmək, öyrənmək heç vaxt gec deyil. Çox istərdim ki, Namiq müəllim rəsədxananın itmiş nüfuzunu bərpa etsin, fəaliyyətsizliklərini aradan qaldırsın. Onun nə deməyindən asılı olmayaraq astrologiya var və olacaq. Hər dəfə onun atmacalarına cavab verəndə suallar ünvanlayıram və bu vaxta qədər heç birinə cavab verməyib. Hətta mediaya Ramazanın girmə vaxtını yazsanız görərsiniz ki, dəqiq gəlişini onlardan aylarca əvvəl məhz mən çatdırıram”.
Vasif Əlihüseyn