"Facebook" Federal Komissiyanın təhqiqatı səbəbindən 5 milyard dollar itirə bilər

"Facebook" Federal Komissiyanın təhqiqatı səbəbindən 5 milyard dollar itirə bilər

Eyni adlı sosial şəbəkəyə malik "Facebook" kompaniyası Ticarət üzrə Federal Komissiyanın təhqiqatı ilə bağlı 2019-cu ildə 3 milyard dollar itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat kompaniyanın rüblük hesabında yer alıb.

Martın 31-dək "Facebook" kompaniyasının ümumi xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 80 faiz - 11,7 milyard dollaradək artıb. Bu məbləğə Ticarət üzrə Federal Komissiyanın təhqiqatı ilə bağlı itirilən 3 milyard dollar da daxil edilib. Təhqiqat sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının marketinq məqsədilə kənar kompaniyalara ötürülməsi ilə bağlı aparılır. Şirkətin məlumatına görə, yekun nəticədə bu məbləğ 5 milyard dollara qədər arta bilər.

Bununla yanaşı, hesabatda "Facebook" kompaniyasının gəlirlərinin artdığı da qeyd olunur. Kompaniya ilk üç ay ərzində təxminən 15 milyard dollar qazanıb, ötən ilin analoji dövründə isə bu göstərici 11,9 milyard dollar idi.

Qeyd edək ki, son aylar ABŞ hökuməti internetlə işləyən kompaniyalar tərəfindən istifadəçilərin şəxsi məlumatlarının toplanmasına və saxlanmasına xüsusi diqqət yetirir. Buna mərkəzində "Facebook" sosial şəbəkəsinin durduğu qalmaqal səbəb olub. Belə ki, 2018-ci ilin martında "The New York Times" qəzeti Böyük Britaniyanın "Cambridge Analytica" kompaniyasının seçicilərin siyasi tərcihinin analiz alqoritmini tərtib etmək üçün 10 milyonlarla "Facebook" istifadəçisinin şəxsi məlumatlarını topladığı barədə məlumat yaymışdı. Təşkilatın sabiq əməkdaşlarının nəşrə verdiyi məlumatlara görə, qurulan alqoritm istifadəçilərin seçiminə təsir göstərmək üçün onlara siyasi reklam göndərilməsini asanlaşdırıb.

Kompaniyanın təsisçisi Mark Sukerberq bu məsələ ilə bağlı artıq Konqresdə iki dəfə dinləmələrdə çıxış edib. Sahibkar amerikalı qanunvericilər qarşısında bundan sonra sosial şəbəkələrin şəxsi informasiya ilə ehtiyatla davranacağı barədə vəd verib.

Milli.Az

İKT xəbərləri
Milli.az digər xəbərlər