“Formula-1”: SOCAR Azərbaycan Qran-prisi start götürür - AFİŞA

Sabah Bakıda “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürəcək. ONA-nın məlumatına görə, paytaxtımızda ardıcıl dördüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər. İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə DJ-lər – ukraynalı Ciqan və türkiyəli Mahmut Orhan yekun vuracaq. Onlar “Elektra Events Hall”da baş tutacaq gecə əyləncə proqramda azarkeşləri coşduracaqlar. Aprelin 27-si və 28-i “Formula-1” SOCAR Azərbaycan Qran-prisi üçün əsas günlərdir. Şənbə günü “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün Cessi Ceyin konserti ilə yekunlaşacaq. Sam Smitinin səhhətində yaranan problem səbəbindən son anda paytaxtımıza gəlişi reallaşan britaniyalı məşhur “Bakı Kristal Zalı”nda azarkeşlər qarşısına çıxacaq. Ardınca “Elektra Events Hall”da şou xarakterli tədbirə start veriləcək. Almaniyalı DJ Robin Şultsun da olacağı “Bakı şəhərinin sədaları” adlı gecə əyləncə proqramı səhərədək davam edəcək. Aprelin 28-da “Formula-2”də ikinci yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və amerikalı Kardi Binin konserti nəzərdə tutulub. Yekunda "Lost Frequencies" ləqəbi ilə tanınan belçikalı DJ Feliks De Laet də azarkeşlər qarşısına çıxacaq. Onunla yanaşı, ilk 2 gündə olduğu kimi, venesuelalı DJ Mendoza da öz məharətlərini göstərib, tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək. Bununla yanaşı, Bulvar Azarkeş Zonasından zala və əks istiqamətdə tamaşaçıların daşınması üçün su nəqliyyatı (bərə) da nəzərdə tutulub. Bu mərhələyə də əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Red Bull"un heyətində Maks Ferstappen, Pyer Qasli, "Ferrari"nin heyətində Sebastyan Fettel, Şari Lekler, “Alfa Romeo”nun heyətində Kimi Raykkonen, Antonio Covinassi, “Toro Rosso”nun heyətində Aleksandr Albon, Daniil Kvyat, "Uilyams"ın heyətində Corc Rassel, Robert Kubitsa, "MakLaren"in heyətində Karlos Sayns, Lando Norris, "Haas"ın heyətində Kevin Maqnussen, Roman Qrojan, “Resinq Point”in heyətində Lens Stroll, Serxio Peres, "Reno"nun heyətində Daniel Rikkardo və Niko Hülkenberq sürətini yoxlayacaq. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Qeyd edək ki, martın 17-dən Avstraliyada start götürən mövsümdə 3 mərhələdən sonra pilotların mübarizəsində 68 xalla “Mersedes”in Luis Hamilton liderdir. Onu komanda yoldaşı Valterri Bottas (62 xal) və “Red Bull”dan Maks Ferstappen (39) izləyir. Komanda hesabında isə “Mersedes” 130 xalla birincidir. "Ferrari" 73 xalla ikinci, "Red Bull" 52 xalla üçüncüdür. Bakı Şəhər Halqası Döngə sayı – 20 Dövrə - 51 Əsas yarış günü – 28 aprel Halqanın uzunluğu – 6,003 km Ümumi məsafə - 306,049 km Azərbaycan Qran-prisinin proqramı 25 aprel 12:00. Azarkeş zonalarının qapıları açılır 14:00. 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi 20:00. Trekin qapıları açılır 26 aprel 11:00-11:45. “Formula-2”. Sərbəst yürüş 11:10-11:30. Avtoqraf sessiyası (“Red Bull”) 11:30-11:50. Avtoqraf sessiyası (“Ferrari”) 11:50-12:10. Avtoqraf sessiyası (“Reno”) 13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş 15:00-15:30. “Formula-2”. Sıralama yarışı 17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş 27 aprel 10:20-10:50. “Formula-2”. Pilotların paradı 11:20-11:40. Avtoqraf sessiyası (“Fors İndia”) 12:00-12:20. Avtoqraf sessiyası (“Alfa Romeo”) 12:00-13:05. “Formula-2”. Birinci yarış 11:20-11:40. Avtoqraf sessiyası (“Mercedes”) 14:00-15:00. “Formula-1”. Üçüncü sərbəst yürüş 17:00-18:00. “Formula-1”. Sıralama turu 21:00. Cessi Ceyin konserti 28 aprel 11:20-11:40. Avtoqraf sessiyası (“Uilyams”) 11:40-12:00. Avtoqraf sessiyası (“MakLaren”) 12:00-12:20. Avtoqraf sessiyası (“Haas”) 12:20-12:40. Avtoqraf sessiyası (“Toro Rosso”) 13:10-14:00. “Formula-2”. İkinci yarış 14:30-15:00. Açılış və pilotların paradı 15:54-15:56. Dövlət Himni mərasimi 16:10-18:10. “FORMULA-1”. SOCAR Azərbaycan Qran-prisi 18:10. Podium mərasimi 22:00. Kardi Binin konserti