Gənc siyasətçidən iddialı sözlər:“Nə  Ərdoğan, nə də Maduro diktator deyil”-VİDEO

Gənc siyasətçidən iddialı sözlər:“Nə  Ərdoğan, nə də Maduro diktator deyil”-VİDEO

Gənc siyasətçidən iddialı sözlər:“Nə Ərdoğan, nə də Maduro diktator deyil”-VİDEO

Tural Abbaslı: “Azərbaycanın maraqlarını təmin eləyən istənilən diktatorla əlbir olmağa hazıram”

Tural Abbaslı Azərbaycan siyasətinin ən gənc nümayəndələrindən biridir. Onun “Qaynar Qazan”da müsahibəyə çağırılması hər zaman gündəmdə olub, amma bir türlü alınmayıb. Buna ən müxtəlif səbəblər olub. Əsas səbəblərdən biri də açığı, Tural bəyin bəzən müxalifət – daha doğrusu, ənənəvi müxalifətin üzərinə yerli-yersiz getməsi olub. Allah var, ənənəvi müxalifətin üzərinə Tural bəy bəzi digər gənclər kimi getməyib, çox aşırıya qaçmayıb, ifrata varmayıb, amma hər halda əsas səbəblərdən biri bu olub. Lakin Tural bəyin siyasi həyatda oynadığı rol açıq-aşkar ortadadır və biz qərara gəldik ki, bu dəfəki qonağımız Tural Abbaslı olsun.

Tural Abbaslı müasir Azərbaycan siyasətinin əsas fiqurlarından biridir. AĞ Partiyanın sədridir. Qarabağ Komitəsində, Azərbaycan Xalq Hərəkatında təmsil olunur, aktiv hərəkətlənmələrin mərkəzində yer alır. Onun da başından sığallanmır, onun da yolu rəvan deyil, amma gündən-günə apardığı siyasətlə daha təmkinli və sağlam təməllərə oturduğu göz önündədir. Bu təmkinli davranışları ilə son zamanlar heç ənənəvi müxalifətin də üzərinə yerimir. Seçimimizdə bu siyasətin də rolu var, nə gizlədim.

Müsahibəni evlərində götürmüşük. Təbii ki, “Qaynar Qazan”ın sabit studiyası yoxdur. Bəzən verdiyimiz fasilələrin səbəbi də budur. Düzənli fəaliyyətimizi həm də ciddi əngəlləyənlər var. Biz bu haqda zaman-zaman məlumat veririk cəmiyyətə, ancaq vermədiklərimiz də var. Ona görə də müsahimizi danışdırmaq üçün lazım olan yeri tapa bilməyimiz də dövrümüzdə ayrıca bir qəhrəmanlıqdır.

Tural Abbaslının evi söküntü sahəsindədir. Evi tapdıq və evə daxil olan kimi anası, tanınmış siyasətçi, Müsavat Partiyasının Divan üzvü Başxanım müəllimənin təqdimatında canlı bir tarixin içinə düşdük sanki. Sən demə, bu ev Hacı Zeynalabidin Tağıyevin birinci həyat yoldaşına tikdirdiyi evmiş. Bu da bir problem. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti bu binanı və binanın qonşuluğunda yer alan digər tikililəri də sökmək niyyətindədir. Anlaşılması o qədər çətindir ki… Hacı Zeynalabidinin tariximizdə oynadığı rol ortadadır. Onunla bağlı, onun tikdirdiyi hər bina bizim şanlı tariximizin səhifələrindəndir. Bu binaları qoruyub-saxlamaq, onları gələcək nəsillərə ərməğan etmək olmazmı? Niyə sökülsün ki, bu binalar? Tural bəylə elə bu mövzu ilə də başladıq.

Gəncdir. Təbii ki, müasir Azərbaycanın standartlarında gəncdir Tural Abbaslı. Müasir Azərbaycanın standartlarında elə mən də gəncəm. Amma Əli Kərimlinin 27 yaşında Dövlət Katibi olduğunu, Pənah Hüseynin 33 yaşında Baş nazir olduğunu – o dövrün bütün vəzifə sahiblərinin 30-40 yaş arasında olduğunu düşünəndə təbii ki, biz qocaların qocasıyıq. Bu amansız sistemdə o da çürüyənlərdən biridir. “Qaynar Qazan”da gənclər olub. Bəxtiyar Hacıyev, Ruslan İzzətli – amma onların heç biri partiya sərdi, müxalifətin atişləməz yollarında cəng edən deyillər. O baxımdan, Tural Abbaslı ilə müsahibə mənim üçün də çox maraqlı idi. Mən də gəncliyimdə bəzən müsahiblərimi zəif görəndə ləzzət alır, onları zəif göstərmək üçün zövq alırdım, amma indi müsahiblərimi zəif görəndə çox ağrıyıram. Bilirəm ki, Azərbaycanın gələcəyi bunlardır. Nə qədər zəifdirlərsə o qədər zəif olacağıq, amma nə qədər güclüdürlərsə o qədər də güclü olacağıq. O baxımdan, Tural bəyin də güclü çıxmasını istəyirdim bu müsahibədən. Çox istəyirdim…

Buna Tural Abbaslı nə qədər nail olub, onu mən deyə bilmərəm. Onu oxucular, tamaşaçılar deyəcəklər. Amma mən onu xeyli təmkinli, səbatlı, ağıllı və yetkin gördüm. Xüsusilə, çətin, tənqidi, hətta bir az da həddini aşan ironiyalı sualların qarşısında dözümlü gördüm. Bu, çox yaxşı haldır, bunu yayının gedişində də dedim. Təmkinli olmaq, dözümlü olmaq indiki siyasətdə çox önəmlidir. Bunu bacara bilirsənsə, uğur qazanmaq ehtimalın var. Dövrümüzün Azərbaycanının hakimiyyəti də, müxalifəti də, hətta qeyri-hökumət sektoru da, vətəndaş cəmiyyəti də çox amansızdır, çox zalımdır. Bizim mühit indi yıxdığını kəsəndir, şər-böhtanla dost-yoldaş olandır, söyüşü çörək yerinə yeyəndir, bu mühitdə baş çıxarmaq çox çətin və məşəqqətlidir. Mən Tural Abbaslını baş çıxaran görürəm və əminəm ki, elə də olacaq. Sona qədər gedəcək və sonu gətirəcəklər bu cavanlar. Allah onları da, bizi də utandırmasın!

Hə, onu az qala unutmuşdum. Tural Abbaslı hələ subaylığın daşını atmayıb. Müsahibədən əvvəl də, müsahibədə də, ondan sonra da bu haqda rəsmi və qeyri-rəsmi danışdıq. Demədi, amma ucundan-qulağından hiss etdim ki, gəlin namizədimiz var, amma bu namizəd Tural bəyi yaman qorxudub. Sər verir sirr vermir. Mən söz verdim ki, bütün siyasi sistemi ayağa qaldırar, elçiliyə gedər, yalvarar-yaxarar, lazım gələrsə döyüşər və qızı alarıq. Tural bəy də söz verdi ki, bu il – 2019-cu il ərzində subaylığın daşını atacaq. Başqa yolu da yox zatən. Millətə xidmət etmək həm də onun üçün dəyərli və faydalı övladlar yetişdirməkdir. Zaman isə ötür. Başxanım müəllimə də o qutlu günü arzulayır. Güman edirəm ki, Tural bəyin namizədini biz də tanıyırıq və güman edirəm ki, gəlinimiz hətta mənim yazdıqlarımı da oxuyacaq. Gəlinbacımız, biləsən ki, hövsələmiz tükəndi, daşı ətəyindən tök, Turalı hizaya gətir və bu il toyunuzu edək. Tural Abbaslının gələn ilə qədər limiti var, biləsən…

Nə manidardır ki, “Qaynar Qazan”da ötən qonağımız Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olmuşdu. İlk prezidentdən sonra sıra Tural Abbaslıya gəldi. Üç dəfədir prezident İlham Əliyevdən “Qaynar Qazan” üçün müsahibə istəmişəm. Mən bütün son açılımların hamısına o zaman inanacağam ki, İlham Əliyevlə “Qaynar Qazan”da müsahibə götürüm. Deməli, Tural Abbaslıdan sonra İlham Əliyev ola bilər “Qaynar Qazan”ın qonağı. Bunun özü də maraqlıdır və bəlkə də bir əlamətdir. Təki bütün əlamətlər xoş olsun…

İndi isə keçək müsahibəyə. “Qaynar Qazan”ın budəfəki müsahibi AĞ Partiyanın sədri, gənc siyasətçi Tural Abbaslıdır.

Əvəz Zeynallı,

“Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz:

Gənc siyasətçidən ittiham:

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Arif Hacılı , Əli Kərimli , Ayaz Mütəllibov , Bəxtiyar Hacıyev , Tural Abbaslı , Pənah Hüseyn , Əvəz Zeynallı , Məhəmməd Hüseyn , Iqbal Ağazadə , Ehtiram Əsgərli , Erkin Qədirli , Bədrəddin Quliyev , Dəniz Baykal , Rüfət Hacıbəyli , Cavid Hacıbəyli , Şəfi Şəfiyev , Elşən Əli , Yaqub Muradov , Elxan Zamanlı , Zamin Babayev , Elmar Nəbiyev , Müdafiə Nazirliyi , Nato , Bakı Şəhər Icra Hakimiyyəti , Müsavat Partiyası , Google , Avropa Birliyi , Nyu York Taym , Atət-In Minsk Qrupu , Bakı Şəhər Baş Polis Idarəsi , Komsomolskaya Pravda , Səbail Rayon Məhkəməsi , Cümhuriyyət Xalq Partiyası , Vaşinqton Post , Türkiyə , Azərbaycan , Bakı , Qarabağ , Abş , Gürcüstan , Türkmənistan , Özbəkistan , Fransa , Gəncə , Rusiya , Ukrayna , Quba , Əfqanıstan , Ermənistan , Çin , Nəsimi , Xocalı , Sabirabad
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər