“Gənc xilasedici və yanğınsöndürən” respublika yarışının zona birinciliyinin qalibi məlum olub

“Gənc xilasedici və yanğınsöndürən” respublika yarışının zona birinciliyinin qalibi məlum olub

Bakı, 2 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin təbliğindən ibarət olub.

Tədbirin açılışında Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Sadiq Bəkirli, Qəbələ Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin nümayəndələri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Şamaxı rayonu Elxan Rızayev adına Mədrəsə kənd tam orta məktəbi I yeri, Qax şəhəri 2 nömrəli tam orta məktəb-lisey II yeri, Oğuz şəhər 1 nömrəli tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika mərhələsində iştirak etmək hüququ əldə edib.

İdman xəbərləri
Azertag.az digər xəbərlər