Gömrüklə bağlı daha bir qalmaqal: Külçə-çubuq tələbi

Gömrüklə bağlı daha bir qalmaqal: Külçə-çubuq tələbi

Dövlət Gömrük Komitəsi bir sıra kütləvi informasiya vasitələrində qurumla bağlı yayılan ittihamlara cavab verib.

“Yeni Sabah” xəbər verir ki, komitə ittihamları DGK və onun rəhbərliyinin fəaliyyətinə qarşı əsassız, həqiqətə uyğun olmayan məlumat kimi qiymətləndirib.

Açıqlamada qeyd olunur ki, məlumatda əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən "Salehoğlu LTD" MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir.

Komitə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinədək gömrük dəyərinin 10 faizi və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər. Belə ki, Komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin işadamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və s.) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. "Salehoğlu LTD" MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

“Məlumat üçün bildiririk ki, mis və sink əsasında ərintilər (latun) yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar (çubuqlar, digər yivli məmulatlar və s.) hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

Qeyd edək ki, ölkədə aparılan və gömrük xidmətini də əhatə edən islahatların məqsədi gömrük sistemində neqativ halların aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunmasıdır. Gömrük orqanları da fəaliyyətini bu istiqamətdə qurur və ictimai rəy, beynəlxalq ekspertlərin fikirləri bunu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlər uğurla icra edilir. Dövlət Gömrük Komitəsinin inhisarçılığa şərait yaratması və ya yol verməsi ilə bağlı deyilənlər isə, ümumiyyətlə cəfəngiyyatdır və məqsədli şəxslərin təxəyyülünün məhsuludur.

Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən "hazır məhsul"un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı fotolara baxaraq qiymət vermək olar”.

Xatırladaq ki, qeyd olunan materialda monopoliyanın ölkə iqtisadiyyatına ciddi zərbə vurması, orta təbəqəni sıradan çıxartması, azad sahibkarlığa mane olması, süni qiymət artımı yaratması, əhalini hakimiyyətdən narazı salmasının heç kimə sirr olmadığı vurğulanır: “Gəncədə 3 ildir fəaliyyət göstərən Salehoğlu LTD MMC şirkəti əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğuldur. Şirkətinin rəhbəri Cənnətov Tahir Saleh oğlu Qarabağ müharibəsi veteranıdır, 1992-94-cü illərdə döyüşüb, yaralanıb və hazırda əlildir. Şirkətin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu DGK-nın sahibkarlara yaratdığı problemlərlə bağlı açıqlamasında deyib:

“Şirkətimiz digər şirkətlərlə xidməti müqavilə bağlaylb onlara xidmət göstərir. Hazırda AVİSTA MMC şirkəti ilə xidməti müqaviləmiz var və həmin şirkətin məhsullarını alıb əridərək istehsal edib çubuq şəkilində, yəni hazır məhsul formasında onlara qaytarırıq. Və hazır çubuqları özümüz və həmin şirkət ixrac edirik.

Son vaxtlar davamlı olaraq hər konteynerdə 24 ton olmaqla 11 konteyner hazır məhsul ixrac etmişik. Daha dəqiq desək, 10 konteyner ( yəni 240 ton ) hazır məhsul ixrac olunub, 11-ci konteyneri isə saxlayıblar. 6 konteyner məhsul Qərb Ərazi Gömrük İdarəsinin (QƏGİ ) laboratoriyasında yoxlanılıb və qanuna uyğun olaraq dövlət rüsumunu ödəyərək maneəsiz ləngimədən keçib. 4 konteyner isə bizdən asılı olmayan səbəbdən Gömrük laboratoriyasında 3-4 gün gecikdirilir və hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur oluruq. Bunu DGK rəhbərliyi bilərəkdən edir. 

10 gün əvvəl QƏGİ-dən bizə deyiblər ki, sizin məhsullar DGK-nin Laborator Ekspertiza İdarəsində və Elmlər Akademiyasının Bioloji Tədqiqat şöbəsində laborator-müayinə olunacaq və 6 ay sizin məhsullar heç bir maneə olmadan ixrac olunacaq. Ancaq DGK rəhbrəliyi bizə yeni qayda təklir edir. Bizim hazır məhsulları-latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirməyi tələb edir. Axı, biz böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ildə 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu necə külçə kimi sənədləşdirə bilərik?

Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi hökumətin qərarını ayaq altına atır. Öz çirkin məqsədləri üçün.

Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq.

Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir.

Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz.

Bunu DGK qanunsuz olaraq bizdən tələb edir. QIGİ-dan bizə bildiriblər ki, yuxarıdan tələb edirlər ki, hazır məhsulları külçə kimi sənədləşdirin. Mən məsələ ilə bağlı 2 dəfə DGK-da oldum. Məni heç kim qəbul etmədi. Daxili telefonla əlaqə saxladığım şəxs bildirdi ki, biz sizə sübut edəcəyik ki, sizin hazır nəhsul külçədir. Yəni DGK zorla hazır məhsulu külçə kimi sənədləşdirməyi tələb edir. Görünür ki, DGK rəhbərliyi əlvan metalların, hazır məhsulların ixracı ilə bağlı yeni monopoliya yaratmaq istəyir”.

 

Yenisabah.az
İqtisadiyyat xəbərləri
Yenisabah.az digər xəbərlər