Gürcü fəallar Keşikçidağda: Azərbaycan QHT-ləri haradadır?


Gürcü fəallar Keşikçidağda: Azərbaycan QHT-ləri haradadır?

Gürcüstanda ictimai sektor fəalları Keşikçidağ monastr kompleksi ilə bağlı Azərbaycana mesaj vermək məqsədilə aksiya keçirib.

Ancaq maraqlıdır ki, Azərbaycanda qeyri-hökumət təşkilatları son günlər baş verən proseslər fonunda o qədər də fəallıq göstərmirlər. QHT rəhbərlərinin, ictimai fəalların Keşikçidağa getməsi, yaxud məsələnin gürcü tərəfi ilə müzakirəsi mümkün görünür.

“Ortaq Dəyərlər” İctimai Birliyininin sədri Aqil Camal məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan QHT-ləri sərhəd bölgəsində və ya digər yerdə hər hansı kütləvi aksiya keçirməyib:

“Doğrudur, Azərbaycan QHT-ləri sərhəd bölgəsində və ya digər yerdə hər hansı kütləvi aksiya keçirməyib. Amma məsələlərin gündəmə gəldiyi ilk gündən demək olar ki, əksər QHT rəhbərləri, o cümlədən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri olaraq mən dövlət maraqlarımızdan irəli gələn mövqeyimizi ifadə etmişik. Və bu reaksiyalar bu gün də davam edir. Hesab edirəm ki, qonşu Gürcüstanın müəyyən dairələri tərəfindən qaynaqlanan yersiz və əsassız iddaları davam etdirildikcə, Azərbaycanın ictimai sektorunun, istər QHT, istər medianın reaksiyası adekvat olacaq. Azərbaycanın ictimai sektor təmsilçiləri məsələlərə soyuq başla, təmkinlə yanaşır. Hesab edirik ki, qonşu Gürcüstan və Azərbaycan ən azı 100 ildir eyni taleni yaşayan dövlətlərdir. Ötən əsrin əvvəlində birlikdə müstəqilliyimizi qazandıq, sonra rus işğalı nəticəsində onu itirdik. Əsrin sonunda Tiflisdə və Bakıda Sovet ordusunun qətliamı ilə üzləşdik. Müstəqilliyimizi qazandıq, amma hər iki dövlət separatizm, ərazilərin işğalı ilə üzləşdi. Sonrakı dönəmdə də sıx əməkdaşlıq çərçivəsində Avroatlantik məkana inteqrasiya xəttini tutaraq birgə addımladıq. Çoxsaylı layihələrdə tərəfdaş olduq. Azərbaycan hər zaman Gürcüstanı strateji tərəfdaşı olaraq gördü və bu tərəfdaşlıq yanaşmasına uyğun davrandı. Bu gün Azərbaycan ictimai sektoru hesab edir ki, bütün bunlar Gürcüstan ictimaiyyəti tərəfindən də nəzərdən keçirilməlidir. Və məsələlərə düzgün yanaşma olmalıdır. Hesab edirəm ki, Gürcüstanın ictimai qurumları ilə əlaqələri olan Azərbaycan QHT-ləri aktivlik göstərməli, birgə tədbirlər keçirilməlidir. Bütün bunlarla yanaşı, milli və dövlət maraqlarımız tələb etdiyi səviyyədə ölkəmizin mənafeyinin müdafiəsi bizlər üçün ən ümdə vəzifədir”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastr kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirməsi iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, Gürcüstan hökumətinin Azərbaycana qarşı təxribatçı hərəkətlərə mane olmaması ciddi təhlükəli nəticələrə gətirib çıxara bilər. Xatırladaq ki, fəallar əl-ələ tutaraq monastr kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıb. Fəalların bildirdiyinə görə, onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastr kompleksinə gəliblər. Gürcü sərhədçiləri aksiya iştirakçılarına mane olmayıb. Aksiyanı "Güc birlikdədir" adlı hərəkat təşkil edib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 166