"Gürcü polisi bizi vəhşicəsinə döydü, iki nəfəri günahsız yerə həbs etdi..."

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Təkəli kəndinin üç gənc sakini aprelin 17-də polis özbaşnalığının qurbanı olub. Marneuli rayon Şulaver Polis Bölməsinin beş əməkdaşı Şaumyan qəsəbəsinin inzibati ərazisində Təkəli kənd sakinləri Elçin Aslanovu, Musa Namazovu və Namaz Namazovu heç bir səbəb olmadan vəhşicəsinə döyüb, sürüyərək maşına mindirib, sonra bölməyə gətirərək, orada təkrar döyüb, daha sonra isə Elçin Aslanov və Musa Namazovu saxta ittihamla (polisə müqavimət) həbs ediblər.
Digər şəxs - Namaz Namazovu isə Marneuli Polis İdarəsində bir gün qanunsuz saxladıqdan sonra aprelin 18-də azad ediblər. Bu hadisə ilə bağlı polis tərəfindən vəhşicəsinə döyülən Namaz Namazov mətbuat üçün açıqlama yayıb. O bildirib ki, özünün və digər iki gəncin milliyətcə gürcü olan polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı operativ olaraq Gürcüstanın Baş Naziri Mamuka Baxtadzeyə, Ombudsman Nino Lomcariyaya, Daxili İşlər Naziri Giorgi Qaxariyaya, Baş Prokuror Şalva Tadumadzeyə və Gürcüstan Parlamentinin Vitse-Spikeri Giorgi Volskiyə şikayət verilib.
Namaz Namazov qeyd edib ki, onu milliyətcə gürcü olan polis əməkdaşları döyüb və milli kimliyini təhqir edərək ona “tatrebi” (“eşşək tatar”) deyiblər. Onun fikrincə, bu məsləyə görə şikayətinin Gürcüstanda obyektiv araşdırılması şübhəlidir. Ona görə də, insidentlə bağlı Azərbaycan Respublikasının Prezienti İlham Əliyevə də rəsmi müraciət göndərib. Rəsmi müraciətin sürəti eyni zamanda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya, Milli Məclisin deputatları Fərəc Quliyevə və Qüdrət Həsənquliyevə də ünvanlanıb.
N.Namazov bildirib ki, ona, həmçinin digər Təkəli kənd sakinləri Elçin Aslanov və Musa Namazova qarşı zorakılığın tətbiq edilməsi, saxta ittiham irəli sürülməsi, milli kimliklərinin təhqir edilməsinə Azərbaycan Respublikasında da hüquqi qiymət verilməlidir. Çünki bu, faktiki olaraq, Gürcüstanda azərbaycanlıların milli diskriminasiyasıdır.
Namaz Namazovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətdə deyilir:
“Möhtərəm Prezident İlham Əliyev,
Yazaraq nəzərinizə çatdırıram ki, Gürcüstanda azərbaycanlı olduğum üçün Gürcüstan Daxili İşlər Nazirlyinin polis əməkdaşları tərəfindən həm milli diskriminasiyaya, həm də fiziki zorakılığa məruz qalmışam. Məni və iki nəfər Marneuli bələdiyyəsi Təkəli kənd sakinini Marneuli bələdiyyəsi Şulaver Polis Bölməsinin milliyətcə gürcü olan polis əməkdaşları vəşicəsinə döyüblər, məni bir gün Marneuli rayon Polis idarəsində saxlayıblar, digər iki nəfəri - Elçin Aslanovu və Musa Namazovu isə saxta ittihamla həbs ediblər.
Bildirirəm ki, 17 aprel 2019-cu il tarixdə mən Marneuli bələdiyyəsi Şaumyan qəsəbəsi inzibati ərazisində yerləşən otaracaqda iş başında idim. Həmin ərazidə sahibkarın qoyun sürüsünü otararaq çobanlıq edirəm. Qeyd edim ki, 17 aprel 2019-cu il tarixdə təxminən saat 17:30 radələrində həmin ərazidə Təkəli kənd sakini Elçin Aslanova özümə məxsus 10 ədəd qoyunu satarkən ağ rəngli “Volskwagen-Passat” markalı maşında gələn beş nəfər mülki geyimli şəxs (sonradan məlum oldu ki, polis əməkdaşlarıdır) Elçin Aslanovun içində olduğu, Musa Namazovun idarə etdiyi “Mersedes Sprinter” yük minibusunu saxladıblar və onları maşından düşürüb döyməyə başlayıblar. Onlara deyiblər ki, siz qoyunları oğurlamısınız. Mən bunları eşdiridim və tez onların olduğu yerə gəldim, gördüm ki, beş nəfər mülki geyimli şəxsdən ikisi (üzdən tanıya bilərəm) Gürcüstan vətəndaşları, Təkəli kənd sakinləri, azərbaycanlı Elçin Aslanovu və Musa Namazovu vəhşicəsinə döyürlər. Gördüm ki, Musa Namazovun başına vurdular, sonradan sinə nahiyəsinə ağır zərbə endirdilər, daha sona başını maşının ön hissəsinə vurdular və yerə yıxıb, yerdə döyməyə başladılar. Elçin Aslanovu da yerə yıxıb təpikləməyə, arada ayağa qaldırıb başına və üz nahiyəsinə vurmağa başladılar. Mən dərhal yaxınlaşdım və soruşdum ki, bunları niyə döyürsünüz, siz kimsiniz? Onları özlərini təqdim etmədilər, mənə dedilər ki, qoyunları bu şəxslər oğurlayıblar. Mən isə bildirdim ki, qoyunları mən satmışam və mənim qoyunlarımdır, onlar oğurlamayıblar. Maşının qapısını açıb 10 ədəd qoyunu çölə buraxdım və dedim ki, nisyə satmışam, başqa vaxt da nağd pula sata bilərəm. Bunu dediyim vaxt onlardan biri məni tutdu, digəri isə başıma yumruq vurdu, nətəcədə, aldığım ağır zərbədən yıxıldım. Həmin iki nəfər yıxlmağıma baxmayaraq, məni yerdə döyməyə başladılar, böyürlərimə, ayaqlarıma, başıma təpiklə vurmağa başladılar. Daha sonra məni sürüyərək maşına mindirdilər və milliyətimi təhqir etməyə başladılar, hər iki şəxs mənə təkrar-təkrar “tatrebi, sənə göstərərcəyik” deməyə başladılar. Təhqir etdiklərini görüb mən də onlara təhqiramiz sözlər dedim. Biri mənim boğaz nahiyəmdən əlinin arxası ilə vurdu. Ondan sonra nə olduğu yadımda deyil. Bir daha Şulaver Polis Bölməsində özümə gəldim. Gördüm ki, məni divana uzadıblar, özümü çox pis hiss edirdim. Polis əməkdaşlarından biri (üzdən tanıya bilərəm) üzümə su vururdu, əski parçası ilə kompress edirdilər, mənə həmçinin “Mouloks” mədə dərmanı içirməyə cəhd edirdi. Bu zaman əməkdaşlardan biri polis bölməsinin içindəki xidməti kameranın önünü kəsmişdi və məni döyən həmin şəxslərdən biri yenidən gəldi alın nahiyəmdən yumruqla vurdu. Mənə bildirdi ki, səni həbsə atıb başına min oyun açdıracağam.
Qeyd edim ki, polis bölməsində olduğumuz zaman qanunsuz olaraq mobil telefonlarımız əlimizdən alındı, yaxın qohumlarımıza zəng etməyə imkan vermədilər, hətta mənim təcili yardım çağırmaq istəyimi rədd etdilər. Bu hadisə 17 aprel 2019-cu il tarixdə təxminən 21.00 radələrində olub. Mən polis bölməsində olarkən, mənimlə birlikdə qanunsuz olaraq zor tətbiq etməklə bölməyə gətirilən Elçin Aslanova və Musa Namazova sodalı su içirdilər, baş nahiyələrində olan əziklərə kompress qoydular. Onları razı salmağa çalışdılar ki, sizi həbs etməyəcəyik, bizdən heç bir yerə şikayət etməyin, barışaq, siz evinizə gedin.
Təxminən 23.00-24.00 arası məni, Elçin Aslanovu və Musa Namazovu Marneuli Polis idarəsinə apardılar. 3-cü mərtəbədə müstəntiqlərdən biri hər üçümüzdən ayrı-ayrılıqda ifadə almağa başladı. Mən ifadə verən zaman hadisənin baş verməsi, bizi mülki geyimli polis əməkdaşlarının döyməsi, milli kimliyimizi təhqir edərək bizə “tatrebi” (“eşşək tatar”, “eşşək türk”) deməsi, zorla Şulaver Polis Bölməsinə gətirilməyimiz barədə bütün faktları qeyd etmişəm.
Daha sonra Elçin Aslanov və Musa Namazovu şərləyərək, barələrində qanunsuz ittiham tərtib edərək guya polisə müqavimət göstərdikləri üçün qanunsuz olaraq həbs etdilər. Halbuki, Şulaver Polis Bölməsinin polis əməkdaşları özlərini təqdim etmədən, mülki geyimdə gələrək özləri bizi vəhçicəsinə döymüş, bizi “tatrebi” deyərək təhqir etmiş, daha sonra zorla polis bölməsinə gətirmişdilər. Məni 17 aprel 2019-ci il tarixdən 18 aprel 2019-cu il tarixədək, saat 17.00 radələrinə qədər Marneuli Polis İdarəsinin 2-ci mərtəbəsində saxladılar. Bu vaxt ərzində bütün qanunları pozaraq, nə valideynlərimə, nə də vəkilə zəng etməyə heç bir halda imkan vermədilər. Mənə nə su verdilər, nə də yemək, hətta tualetdən istifadə etməyi də qadağan etdilər. Məni 18.04.2019-cu il tarixdə təxminən saat 18.00-da qanunsuz həbsdən azad etdilər və idarədən çıxan kimi atam Namazov Mansurla görüşdüm və evimizə qayıtdım.
Cənab Prezident İlham Əliyev,
Dünyada yaşayan azərbaycanlarının lideri olaraq, Azərbaycan Respublikasının dövlət başçısı kimi Sizdən xahiş edirəm ki, Marneuli bələdiyyəsi Şulaver Polis Bölməsində mənim və daha iki nəfər azərbaycanlının üzləşdiyimiz polis özbaşınalığı, bizə qarşı fiziki güc tətbiqetmə, vəhşicəsinə döymə, milli kimliyimizi təhqiretmə faktı ilə bağlı xüsusi istintaqın başladılmasına, bu işin Gürcüstan hüquq-muhafizə orqanlarında araşdırılmasına və hüquqi qiymət verilməsinə, bu prosesin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində adi hala çevirilməməsinə təsir etməyinizi xahiş edirəm.
Milliyətcə gürcü polis əməkdaşlarının belə özbaşınalığı yerli azərbaycanlı əhali arasında Gücüstan dövlətinə qarşı nifrət hissi oyada, milli zəmində münaqişənin yaranmasına səbəb ola bilər. Mənim və iki nəfər şəxsin başına gələn hadisə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı milli təxribat və insan azadlığına qəsddir”.
Əldə etdiyimiz məlumata görə, Marneuli rayonu Təkəli kənd sakinləri, azərbaycanlı gənclər Elçin Aslanov və Musa Namazovla bağlı Marneuli Məhkəməsinin qərarı ilə Güürcüstan Cinayət Məcəlləsinin polisə müqavimət maddəsi ilə barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Namaz Namazovun şikayəti əsasında Gürcüstan Parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsində və Gürcüstan Baş Prokurorluğunda insidentlə bağlı ciddi araşdırma başlayıb.
Virtualaz.org