Türkiyə ilə ABŞ arasında yaşanan gərginliklər NATO ilə münasibətlərə də öz təsirini göstərir. Ancaq bir neçə gün öncə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Türkiyə NATO üzvü olaraq ittifaqdakı mövqeyini gücləndirmək üçün addımlar atmağa davam edəcək:
““S-400” və “F-35” məsələsi kontekstində Türkiyənin NATO-dakı mövqeyinin müzakirəsi ilə bağlı şərhləri qəbul etməyimiz mümkün deyil. Çünki NATO-da bir ölkənin statusunu təyin edəcək olan tək bir ölkə deyil, bütün NATO üzvü ölkələrdir. Biz orada müşahidəçi deyilik, üzv ölkələrdən biriyik, veriləcək qərarlarda da söz sahibi olan ölkələrdən biriyik. Bu səbəbdən də Türkiyənin NATO-dakı mövqeyinin müzakirə olunmasına icazə vermirik”.
Məsələni Metbuat.az-a şərh edən politoloq Nəzakət Məmmədova deyir ki, NATO-Türkiyə münasibətləri ABŞ-Türkiyə və ABŞ-Avropa Birliyi münasibətlərindəki gərginliyin nəticəsində xeyli geriləyib:
“Çünki Alyans üzvlərinin əksəriyyəti Avropa Birliyi ölkələridir və Birliyin Türkiyəyə münasibəti NATO ilə əlaqələrinə də təsir edir. Türkiyə NATO üzvü olsa da, onun Rusiya, İran ilə yaxın münasibətləri, Rusiyadan S-400, Çindən silah alması təbii ki, NATO-nun narazılığına səbəb olur. Türkiyənin dövlət siyasəti olaraq islam dünyasında liderlik, yeni Osmançılıq ideologiyası da NATO-nu razı salmır.
NATO hər şeydən əvvəl Qərb dəyərlərinə, liberalizmə söykənən hərbi-siyasi ittifaqdır və Türkiyənin bugünku osmançılıq, islamçılıq siyasi-ideoloji və Avrasiyaçılıq geosiyasi xətti NATO ilə dərin ziddiyyətlər yaradır”.
Politoloqun sözlərinə görə, Türkiyə NATO qarşısındakı bütün müttəfiqlik öhdəliklərini qeyd-şərtsiz yerinə yetirir:
“Həm də Türkiyənin NATO-da müttəfiqi olan bəzi ölkələrlə, o cümlədən ABŞ, Almaniya, Hollandiya, Yunanıstanla problemlərinin olmasının təşkilatla əlaqəsi yoxdur. Bu gərginliklər ikitərəfli xarakter daşıyır. Amma şübhəsiz ki, bu, NATO-dakı müttəfiqlik münasibətlərinə kölgə salır.
Sözsüz ki, üzv ölkələr arasında münasibətlərin soyuqlaşması təşkilatdaxili münasibətlərə də müəyyən qədər təsir edir. Türkiyə ilə NATO-dakı müttəfiqləri arasındakı ziddiyyətlərin bir çox səbəbi var: Gəzi parkı hadisələrində nümayişçilərə Qərbin dəstəyi, Suriyada PYD/YPG-nin ABŞ hərbçiləri ilə birgə fəaliyyəti, Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksi alması, Turkiyə-Rusiya-İran üçlüyünün Suriyada oxşar mövqedən çıxış etməsi, FETÖ tərəfdarlarına ABŞ və bəzi Avropa dövlətlərində, xüsusilə Almaniyada sığınacaq verilməsi, referendum zamanı AKP-li siyasətçilərə, nazirlərə Avropadakı türklərlə görüşməyə şərait yaradılmaması, Türkiyənin Qətərə hərbi yardım etməsi, Almaniya Bundestaqının üzvlərini İncirlik bazasına buraxmaması nəticəsində alman kontingentinin İordaniyaya köçürülməsi və s.
Lakin bununla belə, həm NATO, həm də Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər. Türkiyə ordusu öz gücünə görə NATO-da ikinci ən böyük ordudur. Türkiyənin geosiyasi mövqeyi də olduqca strateji, əlverişlidir. Türkiyə həm Avropaya, həm Qara dənizə, həm Yaxın Şərqə, eyni zamanda Rusiyanın cənub sərhədlərinə və İrana çıxışı olan unikal dövlətdir. Belə bir dəyərli müttəfiqi itirmək NATO-nun maraqlarına qətiyyən cavab vermir.
Türkiyənin də Avropaya inteqrasiya etmək, eyni zamanda Osmanlı imperiyasının coğrafi sərhədlərinə daxil olan bəzi ərazilərdə öz nüfuz dairəsini bərpa etmək strategiyası mövcuddur. Bu isə ABŞ-ın dəstəyi olmadan mümkün deyil”.
Nəzakət Məmmədova deyir ki, Rusiyanın təyyarəsinin vurulmasından tutmuş, onun Türkiyədəki səfirinin öldürülməsinə, qeyri-emiqrasiya vizalarının dayandırılmasına qədər baş verən və Ankaraya təzyiq göstərilməsinə hesablanmış bütün addımlar Qərbin adekvat cavab tədbirləridir:
“Buraya PYD/YPG-nin terror təşkilatı kimi tanınmaması, Türkiyədə bu təşkilatın dəfələrlə terror aktı törətməsinə baxmayaraq Qərbin onu İŞİD-ə qarşı mübarizədə istifadə etdiyini bəyan etməsi, Almaniyanın Türkiyəyə silah satışına embarqo çağırışları etməsi, miqrant məsələsindəki razılaşmaların müddəalarına əməl etməyərək problemin bütün ağırlığını Türkiyənin üzərinə atması elə özü təzyiq vasitəsindən başqa bir şey deyil. Çünki bütün bu tədbirlər Türkiyənin daxili vəziyyətinə təsir edir, müəyyən sahələrdəxarici siyasət, təhlükəsizlik və müdafiə qabiliyyətinə təhdidlər yaradır”.
Politoloq Ceyhun Əhmədli isə deyir ki, məsələni başqa cür qoymaq lazımdır:
“Nəzərə alınmalıdır ki, Türkiyə NATO üzvüdür. Bir dövlətin isə üzvü olduğu təşkilatla heç bir problemi ola bilməz. Üstəlik, NATO-da Türkiyə silahlı qüvvələrinin hansı nüfuza sahib olduğunu vədövlət olaraq Türkiyənin bu təşkilatın sıralarında olduqca fəal surətdə iştirak etdiyini bilirik. Deməli, o təşkilatda əsas söz sahiblərindən biri Türkiyədir. Buna görə də “NATO-Türkiyə münasibətləri gərginləşib” demək doğru yanaşma deyil. Söhbət ABŞ-Türkiyə münasibətlərində yaşanan problemlərdən gedir ki, bunun da müvəqqəti xarakter daşıyacağı qənaətindəyəm”.
Politoloq deyir ki, əsas problem Türkiyənin Rusiyadan alacağı S-400 raketdən müdafiə sistemləri ilə bağlıdır: “Aydındır ki, ABŞ bunun qəti əleyhinədir. Burada vacib bir məqam var ki, artıq həmin reketdən müdafiə sistemlərinin alğı-satqı prosesi baş tutub, xırda detallar qalıb ki, yəqin onlar da yaxın vaxtlarda öz həllini tapar. Türkiyə bu raketlərə özünün milli təhlükəsizliyi üçün sahib olmaq istəyir. Bu, təbiidir. Orta Şərq kimi qaynar bir nöqtədə yerləşən qardaş Türkiyə dövləti sərhədlərini bölücü terror təşkilatlarından qorumaq üçün özünün müdafiə potensialını gücləndirmək məcburiyyətindədir. Bunu digər NATO üzvləri də başa düşür, anlayışla qarşılayır. Onu da nəzərə alaq ki, Türkiyə terrorizmə qarşı mübarizədə ABŞ-dan etibarlı dəstəyi ala bilmir. Hətta bir çox hallarda Vaşinqton PYD kimi terrorçu təşkilatı açıq şəkildə silahlandırmaqdan çəkinmir. Bu, əlbəttə ki, Ankarada qıcıq doğurmaya bilməz. Buna görə də əgər ABŞ tərəfi Türkiyə ilə münasibətlərin normallaşmasını ürəkdən arzu edirsə, özü də adekvat addımlar atmalı və PYD-yə dəstək verməkdən çəkinməlidir. Son cümlə olaraq, onu deyim ki, ABŞ-ın Türkiyə ilə strateji müttəfiq olaraq qalacağını düşünürəm. Türkiyə Qərbin bir parçasıdır və istər NATO-nun, istərsə də Avropa İttifaqının şərqə doğru genişlənməsi Türkiyə olmadan mümkün deyil”.
Günay Elşadqızı / METBUAT.AZ