Həmid Araslı və Nəsimi irsinin tədqiqi

Həmid Araslı və Nəsimi irsinin tədqiqi

Bakı, 2 may, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Bununla əlaqədar ölkəmizdə Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirilir, konfranslar təşkil edilir, mütəfəkkir şairin yaradıcılığı barədə məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Həmid Araslı və Nəsimi irsinin tədqiqi” sərlövhəli məqaləsini təqdim edir.

Akademik Həmid Araslı çoxşaxəli yaradıcılıq istedadına malik elm xadimi olub. O, zəngin ədəbiyyatşünaslıq irsi qoyub gedib. Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Molla Pənah Vaqif yaradıcılığı Həmid Araslı tərəfindən bu gün də elmi dəqiqliyini, aktuallığını mühafizə edə biləcək bir şəkildə tədqiq edilib. Akademik əsərlərində klassik poeziya nümayəndələrimizin həyat və fəaliyyətini araşdıraraq dövrün özünəməxsus mühitini, ənənələrini, mədəniyyətini işıqlandırıb, ədəbiyyatımızı orijinal elmi mülahizələrlə zənginləşdirib. O, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqi sahəsində bir çox ilklərə imza atıb. Belə ki, akademik Saib Təbrizinin Azərbaycan dilində qəzəllərini, Qövsi Təbrizinin naməlum şeirlərini üzə çıxarıb. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının bir çox görkəmli simalarının həyat və yaradıcılığı ilə ətraflı tanışlığa ilk dəfə Həmid Araslının tədqiqatlarında rast gəlirik. Alimin yaradıcılığından söz açarkən onun Nəsimi irsinin tədqiqi və təhlili istiqamətlərində gördüyü böyük işləri xüsusi olaraq qeyd etmək lazımdır. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığında Nəsimi yaradıcılığından ilk dəfə bəhs edən klassik irsimizin fədakar toplayıcısı S.Mümtaz olub. Onun 1926-cı ildə çap edilmiş “Seyid İmadəddin Nəsimi” kitabında filosof şairin Azərbaycan və fars dillərində olan şeirləri yer alıb. Firudin bəy Köçərli isə “Azərbaycan ədəbiyyatı tarixi” əsərində şairin yalnız bir şeirini verib. Sonralar Nəsimi yaradıcılığını araşdırmaq 1942-ci ildə “Fədakar şair” adlı monoqrafiyası ilə məhz Həmid Araslının öhdəsinə düşüb. Bu kitabça ilə kifayətlənməyən alim tədqiqatını bir qədər genişləndirib, 1972-ci ildə “Nəsimi” monoqrafiyasını, 1973-cü ildə isə şairin “Seçilmiş əsərləri”ni kitab halında nəşr etdirib. Qəzənfər Paşayev yazır: “Akademik Həmid Araslı “İmadəddin Nəsimi” əsərində ilk dəfə olaraq şairin həyat və fəaliyyətindən geniş söz açıb, şairin ölümünə təkcə dini baxışlarına görə deyil, siyasi baxışlarına görə də fitva verildiyinə işarə edib... Bu kitabda ilk dəfə olaraq Nəsimi yaradıcılığı ilə bağlı geniş izahlar verilib”.

Azərbaycan ədəbiyyatşünaslığında fundamental əsərlər yaradan Həmid Araslının Nəsimi şəxsiyyətinə və yaradıcılığına həsr edilən tədqiqat işi böyük şairlə bağlı bir çox həqiqətə işıq salır. Araz Dadaşzadə yazırdı: “Fədakar şairimiz Nəsimi də Həmid Araslının sevə-sevə öyrəndiyi və təbliğ etdiyi şairlərdəndir. Nəsiminin 600 illik yubileyi zamanı Həmid müəllimin 8 dildə “İmadəddin Nəsimi” kitabçası çıxıbdır”. Həmin monoqrafiyada Nəsiminin yaşadığı mühit, tarixi şərait haqqında ətraflı məlumat verilir. Akademik şairin poeziyasını onun ilk gənclik illərindən başlayaraq araşdırıb. Əsərdə dahi şairin həyatının müxtəlif mərhələlərinə nəzər salınıb, onun məhəbbət, ictimai-siyasi, əxlaqi-didaktik məzmunlu şeirlərinin geniş şərhi verilib. Həmid Araslının ərəb və fars dillərini bilməsi Nəsimi dili və fəlsəfəsinin dərin qatlarını açmaqda mühüm rol oynayıb. Onun milli mənsubiyyəti, ailəsi, adı, təxəllüsləri və bu təxəllüslərin mənaları haqqında məlumat verərkən akademik Azərbaycan alimləri ilə yanaşı, ərəb tarixçilərinin qeydlərinə də istinad edib. Monoqrafiyadan aydın görünür ki, alim müxtəlif dillərdə olan mənbələrdən, təzkirələrdən müqayisəli şəkildə bəhrələnib, elmi fikir və mülahizələrini əsaslandırıb. Nəsimi irsini dərindən araşdıran Həmid Araslı şairin Azərbaycan, fars, ərəb divanlarına daxil olmayan qəsidə və məsnəvilərinin olduğunu qeyd edərək yazıb: “Onun ana dilində yazılan və dünyanın müxtəlif kitabxanalarında əlyazma şəklində saxlanılan “Divan”larını qarşılaşdırdıqda aydın olur ki, şair son dərəcə mürəkkəb və ziddiyyətli bir yaradıcılıq yolu keçib”.

Həmid Araslının tədqiqat əsərində Nəsiminin həyatı haqqında qələmə aldığı dolğun məlumatları oxuduqca həmin dövrün tarixi şəraiti, ictimai xüsusiyyətləri gözümüzün qarşısında canlanır. O, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərinin ədəbi-mədəni mühitindən, saray və mədrəsələrindən bəhs edib. Nəsiminin gənclik illərinə təsadüf edən Teymurilərin Azərbaycana hücumu zamanı baş verən hadisələri, Şirvanşah İbrahimin əhalini qırğından xilas etmək üçün Teymur ilə ittifaqını izah edib. Bütün bu təfərrüatlar əsəri mətləbdən uzaqlaşdırıb oxucunu yormur, əksinə, şairin fəlsəfəsini, poeziyasını onu formalaşdıran mühit ilə birlikdə qavramağa kömək edir. Əsərdə mənsub olduğu təriqətdən, məsləkdən dönməyən və bu səbəbdən edam edilən, ədəbiyyat tariximizdə sədaqət, mərdlik və şücaət rəmzi kimi iz qoyan Nəsimi yaradıcılığının orijinal cəhətlər, fikir və rəmzlər, ideya-məzmun məziyyətləri doğru-düzgün müəyyənləşdirilib.

Nəsimi ədəbi irsini diqqət və obyektivliklə təhlil edən Həmid Araslı doğru olaraq qeyd edib ki, “Nəsimi adını hətta onun məslək əleyhdarları üçün də ölməz edən əsas amil təkcə şairin öz məsləki uğrunda mərdanə ölümü deyil, bəlkə əsərlərində irəli sürülən insana, insan qüdrətinə, insan yaradıcılığına olan böyük inam və məhəbbətdir, öz mütərəqqi fikirlərini yüksək sənət dili ilə ifadə etmək məharətidir”.

Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı və təbliğatçısı olan Həmid Araslı əsərində Nəsimi irsinə ehtiramla yanaşıb. Geniş erudisiyaya malik alim olan Həmid Araslı Nəsimi şeirinin bədii təhlilini verməklə yanaşı, bu bədiiliyin ifadə edildiyi dilin xüsusiyyətlərinə də toxunub. Buradan belə bir nəticəyə gəlmək olur ki, Həmid Araslı Nəsimi haqqında araşdırmalarını bir neçə istiqamətdə aparıb. O, bir tərəfdən ədəbiyyatşünas alim kimi, Nəsimi poeziyasının təhlilini verib, digər tərəfdən isə şeirlərin dil xüsusiyyətini, burada işlənən sözlərin Azərbaycan dilində olan tarixi inkişafını göstərib, elmi mülahizələrini söyləyib.

Nəsimi poeziyasının dilimizin kamilləşməsindəki əhəmiyyətini izah edən Yusif Seyidov yazırdı: “Nəsimi yaradıcılığı ilə başlanan, Nəsiminin işləyib kamilləşdirdiyi, yüksək səviyyəyə qaldırdığı ədəbi-bədii dil özündən sonrakı poeziya dilinə, bununla da ümumən Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir göstərib”. Maraqlıdır ki, bu fikirləri söyləyərkən Yusif Seyidov məhz Həmid Araslının “İmadəddin Nəsimi” monoqrafiyasına istinad edib və akademikin əsərindən sitat gətirib.

Təsadüfü deyil ki, Həmid Araslı monoqrafiyada Nəsiminin əsərlərini təhlil edərkən onun fars dilində yazdığı “Bəhrül-əsrar” adlı fəlsəfi qəsidəsinin dolğun izahını verib. Ömrünü fədakarcasına elmə, folklor və klassik irsimizin toplanmasına və tədqiqinə həsr edən alimi bu şeir daha çox təsirləndirib. Əmir Xosrov Dəhləvinin “Dəryayi-əbrar” adlı qəsidəsinə cavab olaraq yazılmış bu şeiri akademik digər müəlliflərin nəzirələrindən daha üstün sayıb. Təsadüfi deyil ki, o, öz həyat amalına, əqidəsinə, məslək eşqinə uyğun olaraq qəsidəni belə şərh edib: “Şairə görə, insan hünər dalınca qaçmalıdır. Əsl hünər isə özünü dərk etmək, həqiqətləri düzgün başa düşməkdir. İnsan bədəni elə bir tilsimdir ki, onun min bir sirri vardır. Bu həqiqəti, bu sirləri başa düşən insan isə hamının hörmətinə layiqdir”.

Nəsiminin “Əlif lam” və “Tərs əlifba” əsərlərinin aşıq şeirimizə təsiri folklorşünas alim kimi Həmid Araslının nəzərindən yayınmayıb. O, tədqiqat əsərində Nəsimi şeirinin istər məzmun, istərsə də formasında özünü büruzə verən folklor motivlərini əhatəli izah edib və doğru olaraq vurğulayıb ki, “Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı ilə bağlı olaraq inkişaf etmiş və aşıq yaradıcılığına qüvvətli təsir göstəribdir”.

Tədqiqatlarının çoxcəhətliliyi, əhatəliliyi, əlvanlığı ilə seçilən akademik Həmid Araslı qədim və orta əsrlər ədəbiyyat tariximizin araşdırıcısı, folklorşünas, mətnşünas alim kimi şöhrət qazanıb. Onun qələmə aldığı fundamental monoqrafiyalar, redaktə və tərtib etdiyi, həmçinin nəşrə hazırladığı kitablar ədəbiyyatımızın müvafiq sahəsini işıqlandırıb. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi irsinin toplanmasında, həyat və yaradıcılığının öyrənilməsində Həmid Araslının xidməti danılmaz faktdır. Klassik dövr ədəbi irsimizi Salman Mümtaz, Firudin bəy Köçərli və başqaları kimi toplayan, gələcək nəsillərə çatdıran dəyərli, zəhmətkeş, təəssübkeş alimlərimiz olub. Cəsarətlə deyə bilərik ki, XX əsrin yetişdirdiyi belə ədəbi şəxsiyyətlərdən biri məhz Həmid Araslıdır. Onun əsərlərində qədim zamanlardan başlayaraq ədəbi fikir tariximizin inkişaf meyillərinə, tarixi şəraitin dolğun təhlilinə, görkəmli şairlərimizin həyat və fəaliyyətinə dair ilk dəfə söylənilmiş həqiqətlərə rast gəlirik.

Həmid Araslı böyük Nəsimin poeziyasını, şeirinin dərin fəlsəfi məzmununu, sənətkarlıq xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslıqda yeni cığır açıb. Bu, istər şairin irsinin oxuculara çatdırılması işində, istərsə də nəsimişünaslıqla məşğul olan müasir tədqiqatçıların düzgün istiqamətlənməsində mühüm rol oynayıb.

Mədəniyyət xəbərləri
Azertag.az digər xəbərlər