"Hər kəs münaqişənin tezliklə həll edilməsinə töhfə verməlidir" MÖVQE - ÖZƏL

"Hər kəs münaqişənin tezliklə həll edilməsinə töhfə verməlidir"  MÖVQE - ÖZƏL

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Xankəndində və Şuşada olması, təşkil olunmuş müxtəlif tədbirlərdə iştirak etməsi beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu eyni zamanda mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyətin çox ağır olduğunu deyən deputat söyləyib ki, indiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir: “Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb. Ermənistanın indiki bu acınacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusi ilə Qarabağ məsələsində bir olduğunu dünyaya nümayiş etdirir. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər. Ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Hazırda erməni əsirliyində olan yüzlərlə Azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir”.

R. Əliyev söyləyib ki, ilk növbədə müxalifətdə olanlar, xaricdə mövcud hakimiyyət əleyhinə kampaniyalar təşkil edənlər Azərbaycanın bütün azərbaycanlıların vətəni olduğunu başa düşməlidir .

Deputat qeyd edib ki, Azərbaycan hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf etmiş ölkələrdən birinə çevrilib: “Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda bir sıra fikir ayrılıqlarını bir kənara qoyub cənab Prezident ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə məsələ olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir”.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər