Həsən Həsənov Xocalı faciəsi ərəfəsində nədən Mütəllibova dəstək vermirdi?..

“...Ağıllı, istedadlı və iş qabiliyyətli olan bu şəxs nəyi gözləyirdi?..” – Komissiyanın rəyindən...
“Zavallı xalq nəyə görə kiminsə filan yerdə doğulmamasından və ya kiminləsə evlənməməsindən ötrü cavab verməlidir?..”
Bir daha təkrar edirik; deyə bilmərik ki, DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib. Lakin 26-27 il öncə neçə-neçə insanın zəhməti sayəsində tərtib olunmuş və bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan bəzi gizlinlərin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı, hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Bu baxımdan oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də olduğu kimi təqdim etməyə hazırıq. Və xahiş edirik ki, təqdim etdiyimiz sənəddə razılaşmadığınız məqamlar barədə bizə məlumat verməkdən çəkinməyəsiniz...

“Mütəllibov bu salonda bizə bildirdi ki, MDB sənədlərinə imza atmamağı özünə bağışlamayacaq...”
“...Hörmətli millət vəkilləri!
İcazə verin, sözümüzü bir neçə kəlmə ilə yekunlaşdıraq. Aydındır ki, bu gün Xocalı haqqında heç də bütün həqiqət məlum deyil. Və biz hələlik öz fəaliyyətimizi dayandırmırıq. Faktları aydınlaşdırmaq üçün bizim sıx əməkdaşlıq etdiyimiz prokurorluğun istintaq qrupu, zənnimcə, çox və faydalı işləmişdir. Qrup da öz sözünü deyəcəkdir, son nöqtəni isə bir qayda olaraq zaman və həyat özü qoyacaq...
Xocalı genosidinin qurbanlarını daha qaytarmaq mümkün deyil. Biz onların xatirəsi naminə yalnız bu faciəyə bais olmuş kəslərin hərəkətlərinə qiymət verməli və bu faciədən özümüzü üçün, sağ qalanlar üçün sərt, qərəzsiz dərs almalıyıq...
Son 8 ay ərzində dəfələrlə bu sözləri eşitməli olmuşuq: “Xocalı satıldı”. Bu kəlmələr televizor ekranında da eşidilib, qəzet məqalələrinin başlığından da gözümüzə dik baxıb. Bu kəlmələri çoxları – adi adamlar da, məsul vəzifəli şəxslər də bərkdən deyib...
Biz bu işin içində olan adamlar isə həmişə soruşmaq istəmişik: kim satdı, kim aldı? Kimdir o naməlum satıcı, - konkret bir təşkilat, yoxsa konkret bir şəxs?..
Yox. Belə bir faciəni törətməyi bir nəfər heç vaxt bacarmazdı; onun buna nə imkanı vardı, nə də gücü çatardı.
Xeyr. Azərbaycanda öz həmvətənlərinin kütləvi faciəsini törətməyi bacaracaq, yekdil, bir nəfər kimi bu işi bacaracaq bütöv bir təşkilat yoxdur, ola da bilməz. Allaha min şükür...
Əgər bircə dəqiqəliyə təsəvvür etsək ki, belə bir iş baş tutsaydı, elədə dərdimiz nəydi- biz həmin “satıcı”ları aşkar edər və onları xalqın yaddaşından həmişəlik silərdik. Lakin məsələ ondadır ki, bu heç də belə deyil...
Və bu suallara cavab almaq, ən vacib məsələni anlamaq üçün biz hər şeydən əvvəl öz içimizə nəzər salmalıyıq. Xocalı faciəsinin köklərini məhz özümüzdə axtarmalıyıq...
Biz bir yığın sənədi, fərmanları, qərar və qətnamələri tədqiq etmişik. Çoxlarıyla, ən müxtəlif adamlarla söhbətlər etmişik, ünvanımıza gələn xeyli məktubu oxumuşuq, kino, tele, fotomateriallara baxmışıq və öz təəssüratımızı, duyduqlarımızı, ürək sözlərimizi sizinlə bölüşməməyə, sadəcə olaraq, haqqımız yoxdur.
Bəli, biz müharibə vəziyyətindəyik. Bəli, düşmənlərimiz güclü və məkrlidir. Hər şey belədir. Lakin son vaxtlar biz tez-tez yersiz olaraq düşmənlərimizə əsaslanmışıqmı? Həmin qəribə sənədlərə, bu mənasız qətnamələrə, bu cəfəng qərarlara baxın. Fikirlərin bu cür mənasız izahına baxın. Bəs onları kim tərtib edib, kim yazıb? Düşmənmi?..
Baş alıb gedən təsərrüfatsızlığa, dövlət quruculuğu problemlərinə, kadr qarmaqarışıqlığına, baş alıb gedən özbaşınalığa diqqət yetirin. Biz yenə də bu kağızlar arxasında hansısa düzgün dövlət sistemini, hər hansı hakimiyyət strukturunu, hansısa ağıllı vasitə və mexanizmləri aşkar edə bilmədik. Xocalı faciəsi dövlət içində baş verməyib. Bu, yanılmadır. Xocalı faciəsi böyük özfəaliyyət kollektivində, özü də dedikcə orta səviyyəli bir kollektivdə baş verib. Bu faciə əyri güzgülər attraksionunda- eybəcər əkslərin çoxluğu içində orijinalı tapmağın qeyri-mümkün olduğu attraksionda baş verib...
Məgər bizi ağıllı siyasi qərarlar qəbul etmək, ayıq diplomatik addımlar atmaq qabiliyyətindən, lap elə adi məntiq və sağlam düşüncədən düşmənmi məhrum edib? Biz öz məğlubiyyətlərimizin səbəblərini haralarda axtarmamışıq – hətta Mütəllibovun və Yaqub Məmmədovun İran səfərlərini də bura qatmışıq. Bəli, sözsüz ki, belə səfərlər Rusiyanın da, ABŞ-ın da xoşuna gələ bilməzdi, çünki onlar hər ikisi İslam amilinin möhkəmlənməsində maraqlı deyil –bunu uşaq da dərk edir. Lakin Xocalıda ən adi mühəndis-istehkam qurğularını vaxtında tikməyə bizə Rusiya mane olmuşdu? Məgər vertolyotları Zabratdan havaya qaldırıb Xocalıya endirməyi ABŞ qadağan etmişdi?..
Bizim keçmiş prezidentimiz MDB sənədlərini imzalamayanda bilmirdi ki, mərkəz bundan ötrü onun başını sığallamayacaq? Məgər kimlərəsə münasibətin gələcək inkişafını proqnozlaşdırmaq və vəziyyətdən doğan təcili qərarlar qəbul etmək, ordunu genişləndirmək və təchiz etmək, Qarabağdakı yaşayış məntəqələrimizi möhkəmləndirmək, qabaqlayıcı diplomatik tədbirlər görmək olmazdımı? Bəs bunun əvəzində hansı işlər görüldü? Bunun əvəzinə hədər yerə vaxt itirildi. Yenə də mərkəzə boylanmağa başladılar. Və bir dəfə atılan möhkəm addım, prinsipial hərəkət çox kədərli finala gətirib çıxardı: Mütəllibov bu salonda bizə bildirdi ki, MDB sənədlərinə imza atmamağı özünə bağışlamayacaq...

Bilirsinizmi, ağlımıza bizim vəzifəli şəxslərlə bağlı çox qəribə suallar gəlirdi. Məsələn, kadrların açıq-aşkar düşünülmədən yerləşdirilməsi, hansısa strukturların əsaslandırılmadan yaradılması və ya əksinə, ixtisara düşməsi və s. və i.a. Bizə cavab verirdilər: Məgər bilmirsiniz ki, Mütəllibovla Həsənovun(o vaxtkı baş nazir Həsən Həsənov- S.L.) arası sərindir? Məgər xəbəriniz yoxdur ki, Mehdiyev(keç. müdafiə naziri Tacəddin Mehdiyev-S.L.) Kərimovla( keç. Daxili İşlər naziri Tofiq Kərimov-S.L.) yola getmir? Məgər bilmirsiniz ki, o iki nəfər eyni rayondandır, bu biri iki nəfər isə bu yaxınlarda quda olublar? Bilmirik! Heç bilmək də istəmirik! Buyuracaqsınız, istəyirsiz, küsüşün, istəyirsiz, barışın, lap toy çaldırın. Allah xeyir versin. Dövlət siyasətinin buna nə dəxli, işgüzar münasibətlərin buna nə aidiyyatı ola bilər? Ağalar vuruşurlar, çomaq isə nökərin başında sınır. Zavallı xalq nəyə görə kiminsə filan yerdə anadan olmamasından və ya kiminləsə evlənməməsindən ötrü cavab verməlidir? Nəyə görə?!.
Nəhayət, gəlin öz hərəkətlərimizi, öz münasibətlərimizi özümüz aydınlaşdıraq. Niyə baş nazir respublika üçün çox mühüm problemlərin həllində, demək olar ki, iştirak etmirdi? O, Prezidentin xeyrinə işləmək istəmirdi? Onun mövqeyini möhkəmləndirmək istəmirdi? Prezidentin ətrafına toplaşıb sədaqətlə gözünü ona dikənlərdən ağıllı, istedadlı və iş qabiliyyətli olan bu şəxs nəyi gözləyirdi? Öz rəqibinin biabır olmasını, yoxsa istefasınımı? Yoxsa onun yerini tutmaq və yalnız bundan sonra əməlli-başlı əl-qol açmaq, var qüvvə ilə işləmək, hamıya da necə işləməyi göstərməyə ümid edirdi? Biz nə vaxtsa bu sualların açıq və düzgün cavabını özümüzdən soruşacağıqmı?..”
(Davamı var)
Təqdim etdi: Sultan Laçın