Heydər Əliyev sosial siyasətin Azərbaycan modelini yaradıb

Heydər Əliyev sosial siyasətin Azərbaycan modelini yaradıb

Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən, işləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli lider Heydər Əliyevin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətləridən olduğunun daha bir göstəricisi idi. "Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır" deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Ulu öndərimizin uğurlu neft strategiyasının nailiyyəti kimi 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması respublikada iqtisadiyyatının inkişafına təkan verməklə, sosial məqsədlərin də uğurla reallaşması üçün mühüm addımların atılmasına imkan yaratdı.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit edilməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.Ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqı məbləğinin artırılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı."Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq", deyə qeyd edən Ulu öndərin təşəbbüsü və tapşırığı əsasında sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi yeni sosial təminat və reabilitasiya məqsədli proqramlara başlanılmaqla xeyli genişləndirildi.

Qısa zaman ərzində respublikada nəinki sosial sabitliyə nail olundu, eyni zamanda, 1990-cı illərdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların dövlət hesabına mənzillərlə, müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların minik avtomobilləri ilə təminatı, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili işlərinə başlanılmaqla, bu işlər ildən-ilə gücləndirildi. Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azadlılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz Heydər Əliyev bu mühüm sənəddən irəli gələn öhdəliklərin ökəmizdə uğurla yerinə yetirilməsi üçün uğurlu dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi - ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yoxsulluğun azaldılmasında mühüm irəlilləyişlərə şərait yaratdı. Ümumilikdə1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasətin formalaşdırılmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olundu.MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin davamlı tərəqqisi naminə əsası qoyulan milli inkişaf strategiyası, o cümlədən uğurlu sosial islahatlar proqramı 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ulu öndərimizin "Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti" kimi qiymətləndirdiyi dövlət müstəqilliyimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə atılan mühüm addımlar, güclü iqtisadiyyatın qurulması, uğurlu xarici siyasət nəticəsində ildən-ilə güclənib. Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan Azərbaycan ötən dövrdə iqtisadiyyatını dünya miqyasında rekord templərlə inkişaf etdirməklə, ümumi daxili məhsulunu 3,3 dəfə, o cümlədən sənaye istehsalını 2,6 dəfə, ixracını 4,7 dəfə, valyuta ehtiyatlarını 24 dəfə artırıb.Biznes mühitinin yaxşılaşdırılması, xarici sərmayədarlar üçün cəlbedici investisiya mühitinin yaradılması milli iqtisadiyyata yarısı xarici sərmayədən ibarət olmaqla təqribən 250 milyard dollar sərmayə qoyulması ilə nəticələnib.2006-cı ildə Dünya Bankının "Doing Business" hesabatında 98-ci yerdə olmuş Azərbaycan aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində bu gün həmin hesabatda 25-ci yerdədir və ən islahatçı 10 ölkə sırasındadır. 2010-cu ildən Yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilən Azərbaycan bu gün dünyada yoxsulluğun 5 faizədək endirilməsinə nail olan 29 ölkədən biridir.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər