“İçərişəhər”də QHT-mətbuat birgə monitorinqi? - “Nə dinləyən, nə də işi dayandıran olub”


“İçərişəhər”də QHT-mətbuat birgə monitorinqi? - “Nə dinləyən, nə də işi dayandıran olub”

“İçərişəhər”də Qala divarları boyunca kafe-restoran tikilməsi ilə bağlı müzakirələr davam edir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmi açıqlamasında tikintinin divara bitişik aparılmadığı, divardan 10-15 sm məsafədə həyata keçirildiyi bildirilir. Bu gün isə "İçərişəhər"dəki tikinti ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat kofransında da təmir işlərinin tikinti mahiyyəti kəsb edilmədiyi, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarət olduğu vurğulanıb. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımovun sözlərinə görə, təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə "İçərişəhər"in, nə də Qala divarlarının görünüşünə xələl gətirir. Söhbət nə Qala divarlarının uçurulmasından, nə də divar boyunca tikinti işlərinin aparılmasından gedir.

Ekspertlər isə bildirir ki, problem Qala divarının görünməz hala düşməsidir. Çünki divarlar sərbəst qalmalıdır ki, turistlər onu rahat görə bilsin.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova “İçərişəhər”də gedən tikinti işi ilə bağlı rəsmilərin gətirdiyi istənilən arqumentin əsassız olduğunu deyib:

“Ümumiyyətlə, tarixi abidə və qoruqların nə içərisində, nə də ətrafında hər hansı tikinti işinin aparılması düzgündür. Orada lazım olan obyektlər və “İçərişəhər”in öz binaları var. Həmin binalardan birini restoran və ya kafe kimi istifadə etmək olardı. Bundan əlavə tikinti işi aparılan yerlə Qala divarı arasındakı məsafə çox azdır. Orada heç 1 metr məsafə yoxdur. Təhlükəsizlik və abidəyə çıxış normal təmin olunmayıb. Həmçinin konstruksiya Qala divarından da hündürdür. Bir sözlə, divar örtülüb. Qala divarlarının tarixi XII-XV əsrlərə aiddir və Azərbaycanın rəsmi qoruğu statusunu alıb. Qoruğun nəinki daxilində, ətrafında müntəzəm tikinti və qazma işləri aparmaq olmaz. Hətta orada aparılan tikinti materailları belə öz zamanına uyğun olmalıdır. Bir sözlə, heç bir arqumentə ehtiyac yoxdur və verilən cavablar da əsassızdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərinin vəzifəsi ilk növbədə abidənin içərisində olanları qorumaq, sıradan çıxmış tarixi inciləri restavrasiya etmək, yaxşılaşdırmaqdır. Amma tarixi abidələrimiz kommersiya strukturu kimi istifadə olunur. Qala divarları ətrafdan ona bitişik bina və tikililərdən təmizlənməli olduğu halda buna əməl olunmur. Məsələ ictimailəşsə də, yenə dirənir və özlərini haqlı göstərməyə çalışırlar”.

Aytəkin İmranova qeyd edib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ətrafında salınan yeni tikililərə görə bir neçə il əvvəl UNESCO tərəfindən təhlükəli abidələr sırasına daxil edilib:

“Sonradan bir qədər restavrasiya işləri aparıldı və qoruq təhlükəli abidələr siyahısından çıxarıldı. Qoruğun hər bir elementi tarixdir. Onun bütün konfiqurasiyası, yolları, döngələri, eyvanları, ab-havası belə hiss olunmalıdır. Turist “İçərişəhər”dən bir qədər aralı restoran və kafelərdə zəruri ehtiyaclarını ödəyə bilər”.

O əlavə edib ki, yaranmış vəziyyətlə bağlı QHT-mətbuat birgə kampaniyası və ya monitorinqin təşkili də effekt verməyəcək:

“İllər öncə də “İçərişəhər”də aparılan tikinti işləri ilə bağlı səsimizi qaldırmışıq. Amma nə dinləyən, nə də işi dayandıran olub. Hər şey mümkündür. İctimai debatlar, tədbirlər, müzakirələr, foto və monitorinqlər lazımdır. Biz bu kimi tədbirləri vaxtında etmişik. Bakının tarixi çox ciddi itkilərə məruz qalıb. Yeni aşkar olunan tarixi abidələrimiz barədə isə araşdırmalar, tədqiqat işləri aparılmır. Əksinə üstünü bağlıyıb yeni yol çəkilir. Məmurlarımızın tarixi şüurunda problem var. Gözləri doymur. Sanki bu tarixi abidələr onlara nə vaxtsa həvalə olunub. Düşünmürlər ki, bu məsuliyyətdir, istədikləri kimi rəftar edirlər. Azərbaycan bu gün tədqiq olunsa, min illər tarixi olan şəhərləri, mədəniyyəti ortaya çıxar. Amma tariximiz gizlədilir. Bir sözlə, özümüz özümüzə düşmən kəsilmişik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 379