"İçərişəhərlə bağlı məsələdə süni ajiotaj var" – Ekspert


Təəssüf edirəm ki, bu cür məsələlərdə cavabdeh qurumların operativ reaksiyası yox dərəcəsindədir. Xüsusən, Bakı Şəhər İcra Hakimiyyəti, Nazirlə Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin administrasiyası nədənsə belə hallara çox ləng reaksiya verirlər. Bu da söz-söhbətin artmasına, diskussiyaların genişlənməsinə gətirib çıxarır. Əslində zaman-zaman İçərişəhərdə qanunsuz tikililər də olub, hansısa başqa hallar da baş verib. Amma mənim bildiyim qədər son günlərdə yayılan qala divarının uçurdulması fotosu lap köhnə fotolardan biridir.

Bunu Teleqraf.com-a açıqlamasında şəhər təsərrüfatı üzrə mütəxəssis, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sahib Məmmədov bildirib.

O qeyd edib ki, bundan başqa bir obyektin tikintisinin fotosu yayılıb:

“Xatırlayıram ki, bir il, il yarım bundan əvvəl də o fotonu yayıb ətrafında müzakirə qurmuşdular. Əlbəttə, mən abidənin tarixi, mədəni, yaxud arxitektur əhəmiyyət daşıyıb-daşımamasından asılı olmayaraq,həmin tikililərə istənilən vaxt ziyan vurulanda cəmiyyətin buna reaksiya verməsinə normal baxıram. Amma indi gəlin baxaq görək, bu ajiotaj nə ilə bağlıdır. İçərişəhər elə yerdir ki, orada həmişə bərpa işləri gedir. Təəssüf ki, divarın dibində bəzi iaşə müəssisələri də salıblar. Bilirsiniz, elə yerlərdə belə obyektlərin olması pis deyil. Çünki turistik yerdir. Amma onlar möhkəm özül üzərində olmamalı, müvəqqəti konstruksiyalar şəklində olmalı, yaxud taxtadan hazırlanmalıdır. Digər daşınmaz əmlaklar kimi yerə bərkidilməməlidir və sair. Xüsusən qala divarına bitişik olmamalı, qala divarı konstruksiyasına xələl gətirməməlidir. Bütün bunlar hamısı qaydalarla, normativ hüquqi aktlarla müəyyənləşdirilib.

Bəzən təəssüf ki, bu normativlərdən kənara çıxmalar olur. Mən görürəm ki, orda dəmir konstruksiyalı hansısa iaşə obyektləri tikirlər. Əslində bu da olmalı deyil. Amma bütün bunlara baxmayaraq, qala divarının uçurdulması ətrafında bir süni ajiotaj da hiss olunur. Mən bu məqamı da xüsusi qeyd etmək istəyirəm ki, əhalinin qanunsuz tikili, yaşıllıqların qırılması, abidələrin sökülməsi kimi hallara reaksiya verməsi çox normaldır. Amma bəzən bunun ətrafında süni ajiotaj yaradırlar. Məsələn, mən dəfələrlə şahid olmuşam ki, sonra ermənilər bunu bizimkilərə istinad edib verirlər. Deyirlər ki, bu xalq öz mədəniyyətinə, öz abidəsinə belə yanaşırsa, demək özgə mədəniyyətlərə, özgə abidələrə görün, necə vəhşiliklə yanaşar. Bax, başlayıb belə sözlər yazırlar, belə mövqe formalaşdırırlar. Yəni, sui-istifadə edirlər. Ancaq əlbəttə, bu o demək deyil ki, cəmiyyət hansısa qanunsuz hərəkət görürsə, ona reaksiya verməməldir. Lakin bununla bağlı sanki kampaniya təşkil edilib. Açığı, burda bir sinxronluq da hiss olunur”.

S.Məmmədov qeyd edib ki, İçərişəhərlə bağlı fotolar yayılan ilk gündən onun əslində köhnə foto olduğu qənaətinə gəlib:

“Bu hal nə vaxtsa baş verib. Bilirsiniz, nə gizlədək, qala divarlarının bir hissəsi vaxtilə uçub dağılmış hissə olub, sonradan hörülüb. O hörgünü – mişar daşlarını aşkar görmək olur. Hansısa konstruksiya hissəsi çökə, yenidən bərpa edilə bilər. Bir var belə bərpa işləri, bir də var söküb dağıdıb yerində nəsə tikmək. Əlbəttə, ikinci çox pis haldır. Zaman-zaman belə hallar baş verib. Mən də saytlarda gördüm, təkzib veriblər ki, belə bir hal baş verməyib. Amma yenə o fikrə qayıdıram ki, burda süni ajiotaj elementi də var. Bir nəfər məsələni ortaya atıb, lazımı orqanlar vaxtında reaksiya verməyib və bunun ətrafında böyük ajiotaj yaradılıb. Məqsəd də kimlərinsə Azərbaycan xalqının vəhşi obrazını yaratmasıdır”.


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər