“İdeyadan biznesə” layihəsi Lənkəranda

“İdeyadan biznesə” layihəsi Lənkəranda

Lənkəran, 26 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 26-da “I2B - İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad, Biləsuvar, Ucar və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.

Tədbirin informativ hissəsində iştirakçılar layihənin konsepsiyası, məqsədi və hədəfləri barədə məlumatlandırılıblar.

Daha sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 13 komanda formalaşdırılıb.

Mentorlar təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçıları müsabiqəyə hazırlayıblar.

Komandalar arasında keçirilən müsabiqədə onlar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

Lənkəran şəhəri üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyənləşib. “See me” layihəsi birinci, “Clever ring” ideyası ikinci, “Hay taksi” layihəsi isə üçüncü olub. Dövlət İdarəçilik Akademiyasının tələbələrinin “Let's codex” layihəsinin isə Bakının ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsinin nəticələri ilə birgə qiymətləndirilməsi qərara alınıb.

Qalib komandalar avqustun sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B - İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.

Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.

Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib tərəfindən gələcək ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Finalçılar və hər region üzrə I yerin qalibləri dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda, investorlara təqdim etmək şansı qazanacaqlar.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz və Lənkəran şəhərləri üzrə qalibləri artıq məlumdur.

Naxçıvan, Zaqatala, Şamaxı və Şəki startap turlarında isə “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

Açar sözlər
Heydər Əliyev , Bağır Əliyev , Microsoft , Rabitə Və Yüksək Texnologiyalar Nazirliyi , Birləşmiş Millətlər Təşkilatı , Gənclər Fondu , Azercell , Dövlət Idarəçilik Akademiyası , Azərbaycan , Bakı , Sumqayıt , Şəki , Azərbaycan Respublikası , Gəncə , Zaqatala , Naxçıvan , Lənkəran , Lerik , Cəlilabad , Astara , Göyçay , Şamaxı , Tovuz , Imişli , Ucar , Sabirabad , Masallı , Biləsuvar , Yardımlı , Maliyyə Dəstəyi
İKT xəbərləri
Azertag.az digər xəbərlər