İlham Əliyev: "Azərbaycanda daim dini tolerantlıq hökm sürüb"

İlham Əliyev: "Azərbaycanda daim dini tolerantlıq hökm sürüb"

Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Virtualaz.org bildirir ki, bunu Prezident İlham Əliyev V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı zamanı bildirib.

O bu mötəbər Foruma dünyanın 100-dən çox ölkəsindən 500-dən çox nümayəndənin qatıldığını bildirib.

Dövlətimizin başçısı Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğulayıb.

Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edildiyini bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilən növbəti Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. “Bakı Prosesi”nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb.

Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlətimizin başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib.

Dövlətimizin başçısı Forumun işinə uğurlar arzulayıb və müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Açar sözlər
Ilham Əliyev , Bmt , Azərbaycan , Bakı , Qarabağ , Xəzər
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər