İlham Əliyev Pekində Putinlə görüşdü

İlham Əliyev Pekində  Putinlə görüşdü

PekinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Metbuat.az xəbər verir ki, Vladimir Putin ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: "Sizi görməyimə çox şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam".

Azərbaycan Prezidenti İlham Əliyev isə bu görüşün əlaqələrimizin inkişafına ciddi təkan verəcəyini bildirib:

"Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç! Yenidən görüşməyimizə çox şadam.Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik.

Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir.

Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun".

Prezident Vladimir Putin : Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Ilham Əliyev , Vladimir Putin , Pekin Xəbərləri Class , Rusiya Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Azərbaycan Respublikası , Rusiya , Pekin , Rusiya Federasiyası
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər