“İlqar Məmmədov radikal mövqedə idi, həbsdən çıxan kimi 180 dərəcə fikrini dəyişdi”

“İlqar Məmmədov radikal mövqedə idi, həbsdən çıxan kimi 180 dərəcə fikrini dəyişdi”

“Əli Kərimli antidemokratik seçkidə iki dəfə parlamentə düşüb, indi nə oldu ki, seçkidən imtina edir?”

Müxalifət düşərgəsi illərdir ki, “agent” axtarışındadır. Partiya sədrləri, firqələrin aparıcı fiqurları zaman-zaman bir-birini satqınlıqda, hakimiyyətlə əməkdaşlıqda ittiham edirlər.


Azərbaycan Xalq Hərəkatı içində olanlar qarşılıqlı ittihamlar irəli sürür, Milli Şura ilə REAL Partiyası üzvləri sosial şəbəkələrdə replikalar atırlar.


Bunun psixoloji səbəbləri var, yoxsa gerçəklikdən doğan ittihamlardır? Bu və digər aktual mövzularda suallarımızı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.


- Sərdar bəy, müxalifət niyə həmişə öz içində “agent” axtarır?


- Məşhur ingilis sosioloqu yazır ki, hökumətə konstruktiv mövqedə dayanan müxaliflər satqın kimi görünürlər. Onlar hakimiyyətə qarşı kəskin mövqedə durmurlar. Çar Rusiyasının inqilab dövründə də belə olub.


Çar inqilabçıların tələbini yerinə yetirdi, 3-cü Dumanı çağırdı, torpağı kəndliyə verdi, kəndlilərin mübarizəsini zəiflətmək üçün Pyotr Stolıpinin başçılığı altında aqrar sahədə islahatlar keçirmək üçün onu gətirdilər. Onda radikallara dedilər ki, siz çaxnaşma istəyirsiniz, biz ölkənin xilasını...


Amma terror gedirdi və çarın islahatları həyata keçirməyə imkan olmadı. Tarixdən başqa misal göstərim, Napoleon Almaniyanı tutmaq istəyəndə o dövrün iki nəhəng alman filosofu varıydı - Artur Şopenhauer və Yohan Fixte.


Onlardan yalnız Fixte Napoleonla görüşə getdi. İmperator ondan nə istədiyini soruşanda demişdi ki, Berlinə girmə. O da Berlinə girmədən Almaniyanı tutdu.


Fixte deyirdi ki, heç olmasa Berlini xilas etdim. Şopenhauer isə ona satqın münasibəti bəsləyib bildirmişdi ki, sən Berlini xilas etmək naminə onunla görüşdün, bütün Almaniyanı tutdu, belə bir görüşü özümə yaraşdırmıram. Yəni müxalifətdə də həmişə bu məsələlər olub.


Bəzi liderlər stəkana dolu tərəfdən, bəziləri yarısından baxırlar. Amma hökumət ən kiçik islahata gedirsə, bu da müxalifətə xidmət edir, müxalifətin nailiyyətidir. Digər tərəfdən, radikal müxalifətlə konstruktiv qüvvələrin arasını açmağa çalışırlar. Bu zaman konstruktiv müxalifət qınanır. Ümumiyyətlə, dəyişikliyin üç yolu var: inqilab, küçə hərəkatı və seçki. Biz deyə bilmərik ki, indi bunlardan hansı rasionaldır. Situasiya hansının düzgün olduğunu diqtə etsə, xalq onun arxasınca gedir.


- Bugünkü siyasətdə hansı tərəflər “satqın” kimi görünür?


- Mitinqə gedən seçkiyə gedənə xain deyir, seçkiyə vaxtilə gedənlər indi seçkidən imtina edirlər. Onda hamı xaindir. Bu, siyasi cəhətdən savadsızlıqdır. Elə adamlar var ki, bir müddət siyasətdə olurlar, sonra qeybə çəkilirlər, fasilə verib yenə fəal olurlar.


Sərdar Cəlaloğlu 30 ildir siyasətdədir, kimsə deyə bilməz ki, görünməmiş siyasətçilərdən olmuşam. Amma kimsə biznesə gedir, sonra siyasətə qayıdır. Belə görünür ki, siyasətdə haradansa tapşırıq gözləyir deyə qayıdır.


Mən radikal, sonra konstruktiv olmuşam. Qandi deyirdi ki, fikirlərini dəyişmirsənsə, demək, inkişaf etmirsən. Kimsə məni siyasətə salınmış kimi təqdim edə bilməz. Ancaq gəlin baxaq: İlqar Məmmədov AMİP-də idi, sonra siyasətdən getdi, xarici təşkilatlarda işlədi, sonra qayıdıb REAL yaratdı. Amma Əli Kərimli 40 ildir siyasətdədir, səhvlər edə bilər, amma ardıcıl siyasətdədir. Nemət Pənahlı biznesə getdi, sonra qayıtdı. Bu cür adamları fərqləndirmək lazımdır. Mən demirəm ki, onlar satqındırlar.


Ancaq fəaliyyətin fasiləsinin səbəbini izah etməlidirlər. İlqar Məmmədov radikal mövqedə idi, həbsdən çıxan kimi 180 dərəcə fikrini dəyişdi. Siyasətdə bu sürətlə olmaz axı?!


- Amma özünüz də dediniz ki, radikal vaxtlarınız olub...


- Rəsul Quliyev dövründə radikal mövqedə idik, sonra konstruktiv yol seçdik. Amma qəfil radikallaşma, sonra qəfil loyallaşma, artıq bu davranışlar dalğavari hərəkət edirsə, deməli, arxasında məqsəd var.


Quranda yazır ki, üç nəfər cəhənnəmə gedəcək. Onlardan biri də hökumət pul verməyəndə onu pisləyib, verəndə tərifləyənlərdir. İlqar Məmmədov deyir ki, ölkədə islahat gedir. Müxalifətdə ittihamlar da buna görə meydana çıxır. İlqar Məmmədov demişdi ki, deputat seçilməsəm, radikal yol tutaram. Bu nə yanaşmadır? Hökumət mandat verirsə, yaxşıdır, vermirsə, pisdir? Sən öz yolunu düz get, ardıcıl mübarizə apar. Əgər məqsədin cəmiyyəti dəyişmək yox, mandat almaqdırsa, onda əxlaqi yanılma var. YAP-dan ya nazirlərdən kimsə çıxarılanda müxalifətə qoşulur, tənqid edir. Deməli, sənin əxlaqi yanılman var, bilirdin vəziyyət necədir, danışmırdın, vəzifəsiz qalanda danışırsan.


- Amma bu suala təkrar qayıtmalı oluram, doğrudan da müxalifətdə “agent”lər var, yoxsa sizin təhlil etdiyiniz davranışlar bu şübhələri yaradır?


- Lap deyək ki, “şpiyon” var, əgər sən güclüsənsə nə edə biləcək? Hökumətin müxalifətin içində adamları var. Hətta radikal qüvvələr içində öz adamları var. ADP konstruktiv yol tutub, bizdə niyə agent yerləşdirsin?


Amma kimsə bəyan edir ki, asıb-kəsərəm, hökuməti yıxaram, belə edərəm, onun yanında agent daha çoxdur. Liderlərin çoxu hökumətə “Məşədi ibad” kimi deyir ki, aç qapını, gəlib səni öldürüm. Yaxşı, sən mitinq elə, o da tutmasın, gəlib onu yıxasan?


- Sərdar bəy, mitinq demişkən, Milli Şura ilə REAL inqilab, yoxsa seçki yolu davası aparırlar. Əli Kərimli İlqar Məmmədova deyir ki, xalqı aldatma, seçki mühiti yoxdur...


- Yaxşı, ölkədə seçki mühiti yoxdursa, mitinq mühiti var? Sənə mitinqə icazə verirlər? Seçkidə heç olmasa xalqa sözünü deyirsən. Mən son prezident seçkilərində namizəd olanda partiya üzvlərimiz deyirdilər ki, bizi söyəcəklər, getməyək. Ancaq biz qalib çıxdıq, bir həftə sonra hamı deyirdi ki, nə yaxşı seçkiyə getdik, efirdən sözümüzü xalqa söylədik.


Seçkiyə getmə, boykot elə, mitinqə də icazə verilməsin, onda get evində otur. O mənada İlqar Məmmədovla razıyam ki, seçki mühiti formalaşdırmaq vacibdir. Müxalifət isə deyir ki, atom bombası olsun, gedim həll edim. Birdəfəlik dərk etmək lazımdır ki, kimsə bizə demokratik seçki mühiti verməyəcək. Seçkidə iştirakın iki əsası var: qalib gəlmək üçün və seçkidə iştirak xatirinə iştirak. Bizdə seçkidə iştirak xatirinə iştirak olmalıdır. Nə vaxt gücümüz, pulumuz, arxamızda dünya olacaq, onda qalib gələ bilərik. Əli Kərimli özü antidemokratik seçkidə iştirak edib, iki dəfə parlamentə düşüb, indi nə oldu seçkidən imtina edir?


- Sizə elə gəlmirmi, müxalifətin indiki fəaliyyəti “evcik-evcik” oyununa oxşayır? Ortada heç nə yox, orada REAL-Milli Şura qovğası gedir, burada AXH bir-birini qırır...


- Mən sizinlə razıyam, hədsiz səthi proses gedir. Xalq qoşulmadığı halda bu gün müxalifətin elədikləri evcik-evcik oyununa oxşayır.(musavat.com)

Açar sözlər
Əli Kərimli , Ilqar Məmmədov , Nemət Pənahlı , Rəsul Quliyev , Artur Şopenhauer , Pyotr Stolıpin , Yohan Fixte , Azərbaycan Demokrat Partiyası , Milli Şura Ilə Real Partiyası , Azərbaycan , Almaniya , Berlin , Sərdar , Quran
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər