İrana qarşı müharibə qaçınılmaza doğru gedir?

İrana qarşı müharibə qaçınılmaza doğru gedir?

Politoloq: “İran əhalisi gözləyir ki, haçansa ABŞ-ın regiondakı əlaltısı, canişini olacaqlar”

“İranın yaratdığı nüvə silahı İranın qonşuları üçün təhlükə olmazdan əvvəl, elə İranın özü üçün təhlükədir”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu İranın nüvə sazişini qismən dayandırmasını PİA.az-a şərh edərkən bildirib.

Martın 8-də Avropa dövlətləri faşizm üzərində qələbəni bayram edərkən İran prezidenti Həsən Ruhani ABŞ-ın İran neftinin ixracına qarşı tətbiq etdiyi sanksiyalar ucbatından “nüvə sazişi”ni qismən dayadırdıqlarını və Avropa dşvlətlərinin ABŞ sanksiyalarına qarşı çıxmayacaqları halda, İranın nüvə sınaqlarını bərpa edəcəyini açıqladı. Ruhani bununla bağlı Avropa dövlətlərinə 60 gün vaxt verdiklərini bildirdi.

Ruhani bildirib ki, “biz öhdəlikləri pozan və müharibəni başladan ilk tərəf olmayacağıq, lakin heç kəs qarşısında da təslim olmayacağıq, hər bir təcavüzkara layiqli cavabı verəcəyik”.

İran prezidentinin bu ultimatiumuna ilk cavab İsraildən gəldi. Baş nazir Binyamin Netanyahu İrana nüvə silahı əldə etmək imkanı verməyəcəklərini bildirib: “İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”, deyəİsrail hökumətinin başçısı vurğulayıb.

Ruhaninin bəyanatına ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq etməklə cavab verib. Eyni zamanda İranın nüvə proqramının məhdudlaşdırılması haqqında müqavilənin bəzi bəndlərinə əməl etməyəcəyini bəyan etməsindən dərhal sonra ABŞ növbəti addımını atıb. Rəsmi Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarına gəlib. Bu təyyarələr “Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. “Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir. Təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı “Barksdley” hərbi bazasından çıxıb.

Avropa Birliyi isə İranı gərginliyi artırmamağa çağırıb: “İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”, deyə Avropa Birliyinin bəyanatında bildirilib.

Məsələ ilə bağlı Moskvaya səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya xarici naziri Sergey Lavrov arasında keçirilən görüşdən sonra Rusiya diplomatiyasının rəhbəri İranla bağlı yaranmış vəziyyəti qəbul edilməz adlandırıb. Lavrov həmçinin yaxın zamanda Rusiyada yüksək səviyyəli Rusiya-İran-Azərbaycan sammitinin keçiriləcəyinin anonsunu da verib.

İran ətrafında yaranmış vəziyyəti PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Müharibə olacağı təqdirdə, qaçqın düşən azərbaycanlıların yarısı Türkiyəyə gedəcək, digər yarısı da bizə gələcək”.

ABŞ-ın sanksiyalarının bir o qədər də təsirli olmadığını vurğulayan Mübariz Əhmədoğlu hesab edir ki, vəziyyət o yerə gəlib çatıb ki, İran sonucu addımlarıını atır:

“Ümumiyyətlə, istənilən dövlətə, o cümlədən də İrana qarşı iqtisadi sanksiyanın tətbiqi düzgün addım deyil. ABŞ yeri gəldi, gəlmədi, hər dövlətə iqtisadi sanksiya tətbiq edir və bu sanksiyaların danəticəsi də yoxdur. Amma bu sanksiyalar siyasətdən kənar, dinc insanların həyat şəraitinə mənfi təsir göstərir. Yəni tamamilə günahsız insanlar bu sanksiyalardan əzab çəkir.

Sanksiyanın ən çox tətbiqi altında olan dövlət hal-hazırda Rusiyadır. Görürük ki, Rusiya inkişaf edir. İndi Türkiyə də ABŞ-dan qaçır. Yəni bu, zərərli siyasətdir. Amma qaldı ki, İran kontekstində 2 dənə vacib məsələ var. Biri İranın daxilində əmələ gələn məsələdir.

İran 40 il əvvəl İslam inqilabı edib və 40 ildir ki, ABŞ-ı öz düşməni elan edib. Yəni bu müddət ərzində İran özünün daxili iqtisadiyyatını, qeyri-neft iqtisadiyyatını niyə görə qurmayıb? Baxın əsas sual budur.

Əslində, istər İran tərəfi, istərsə də ABŞ tərəfi ilkin mərhələdə bir-birinə düşmənçilik edəndə məqsəd başqa bir şey idi. Yəni o zaman ABŞ üçün İranla münasibətlərdə İsrailin təhlükəsizliyi məsələsi yox idi. Əsas məsələ şah dönəmindən sonra tamamilə pozulan ikili münasibətlər idi. Onlar arasında gizli danışıqlar gedirdi.

Mübariz Əhmədoğlu: “İsrail İranın nefti və pulu hesabına ərəblərin torpaqlarınıını işğal etmişdi”.

ABŞ istəyirdi ki, İran regionda onun əlaltısı olsun. Məsələn, ABŞ istəsə, İran lap Türkiyəni və ya ərəbləri vursun. Onsuz da İsrail İranın nefti və pulu hesabına ərəblərin torpaqlarınıını işğal etmişdi. O vaxt İran ərəblərə qarşı hücum edən İsrailə tam iqtisadi dəstək vermişdi. Əgər o vaxtı İranın dəstəyi olmasaydı, İsrail ərəblərin o boyda torpağını işğal edə bilməzdi.

İndi də ABŞ həmin günləri arzulayır. İranda da, yeri gəlmişkən, qeyri-neft iqtisadiyyatının qurulmamasının əsas səbəbi odur ki, iranlılar özlərini əziyyətə salmaq istəmirlər. Onlar da hazırlaşırlar ki, haçansa ABŞ-ın regiondakı əlaltısı, canişini olacaqlar.

Məsələyə İranın daxilindən baxanda ikinci kontekst faciəvi nəticələr verə bilər. İran bu yaxınlarda nisbətən modern sualtı qayığını suya buraxdı. Bildiyimiz kimi, həmin sualtı qayıq partladı. Nüvə silahını istehsal etmək və saxlamaq Yaponiya kimi dövlətə müyəssər olmur. SSRİ-də 1986-1988-ci illərdə Çernobl dağıldı. Ola bilər ki, SSRİ taxıl istehsal edə bilmirdi, həmçinin SSRİ-də bir çox məhsullar çatışmırdı. Amma SSRİ kosmosa gündə bir kosmik gəmi göndərirdi və yaxud da atom elektrik stansiyası tikirdi, atom sualtı qayıq istehsal edirdi. SSRİ belə şeylərdə nəhəng idi. Amma 1986-cı ildə Çernoblda atom elektrik stansiyası partladı və SSRİ qarşısını ala bilmədi. Yaxud da Yaponiyada 4-5 il bundan əvvəl Fukuşimada böyük bir qəza baş verdi.

Nüvə silahı ilə davranış böyük bir elmi potensial tələb edir. Hansı ki, gərək bütün sahələr üzrə həmin dövlətdə elm inkişaf etmiş olsun. Bu halda nüvə silahı saxlamaq mümkündür. Nüvə silahı yaratmaq nisbətən asandır, lakin sonradan bu nüvə silahının partlamasının qarşısını almaq çətin məsələdir. İran, məncə, nüvə silahı yarada bilər. Amma inanın ki, İranın yaratmaq istədiyi nüvə silahı İranın qonşuları üçün təhlükə olmazdan əvvəl, elə İranın özü üçün təhlükədir.

Mübariz Əhmədoğlu: “İranın yaratmaq istədiyi nüvə silahı İranın qonşuları üçün təhlükə olmazdan əvvəl, elə İranın özü üçün təhlükədir”

ABŞ-ın strateqlərinin İranla bağlı siyasəti də bunun üzərində qurulub. Onlar 40 ildir İranı eyni qaydada idarə edirlər və İranda qeyri-neft iqtisadiyyatının qurulmasına, elmin inkişafına, İranda mədəniyyətin inkişafına imkan vermirlər. Görünür, vəziyyət o yerə gəlib çatıb ki, İran sonucu addımlarıını atır.

İran nüvə silahı yaratmağa başlasa, hesab edin ki, artıq Qərbdə İrandakı indiki rejim üçün uzağı 10-15 ömür qoyacaqlar. Oradan İsrailə tapşıracaqlar ki, virus ötürsünlər, bununla da, İranın nüvə bombası öz içində partlayıb dövləti məhv etsin. İran mollaları, alimləri indi hal-hazırda deyirlər ki, İranda su yoxdur, guya Amerika, İsrail və Səudiyyə Ərəbistanı göydəki buludları qaçırır, ona görə də İranda quraqlıqdır.

Əgər İran alimləri öz dediklərinə inanırlarsa, deməli, sabah uranı zənginləşdirəndə də Amerika alimləri elə edəcəklər ki, bu zənginləşmə İranın əleyhinə işləsin”.

Bu arada Amerikanın İrana getdikcə artan təhdidləri fonunda Pentaqon Qətərdəki Əl-Udeyd aviabazasına iki B-52H “Stratofortress” strateji nüvə bombardmançısını göndərib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya hərbi qaynaqları “İnterfaks”ı məlumatlandırıb.

Həmin təyyarələr nüvə başlıqlı qanadlı raketlər və aviabombalar daşıyır. Agentliyi məlumatlandıran mənbənin bildirdiyinə görə həmin ərəfədə daha iki belə təyyarə Əl-Udeyd bazasına enmişdi. Təyyarələr ABŞ-ın Luiziana ştatındakı Barksdeyl aviabazasından qalxıb.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Fars körfəzi regionuna “Avraam Linkoln” təyyarədaşıyanının və bombardmançıların operativ qrupunun göndərildiyini açıqlayıb. Daha sonra Pentaqon bildirib ki, İran Birləşmiş Ştatların Yaxın Şərq regionundakı maraqlarına qarşı nəsə təxribat hazırlayır. Regiona qüvvələrin cəmləşdirilməsi də bu planla bağlıdır və əgər İran belə cəhd etsə ABŞ-ın cavabı çox amansız olacaq.

Mübariz Əhmədoğlu: “Ancaq İran iqtisadi cəhətdən real güclü dövlət olsa, Amerika və İsrail ona qarşı müharibə elan edər”.

Baş verənlər fonunda bölgədə müharibə riskinin artması faktını dəyərləndirən Mübariz Əhmədoğlu hesab edir ki, ABŞ-ın və İsrailin əsas məqsədi İranı idarə etməkdir. Politoloq hesab edir ki, müharibə ancaq o şəraitdə ola bilər ki, sanksiyalara baxmayaraq, İran iqtisadiyyatı gücləbsin. Bunu ABŞ və İsrail özlərinə doğrudan təhlükə olaraq görə bilərlər:

“Hal-hazırda Amerika və İsrailin siyasəti İranı indiki qaydada idarə etməkdir, o cümlədən, müharibə anlayışı da onun bir tərkib hissəsidir. Mütəxəssislərin hesablamalarına görə, İran öz əlaltılarını, Suriyanı, Yəməni, Hizbullahı və HƏMASı silahlandırmaq üçün təxminən 15-16 milyard dollar pul ayırır. Bu İran kimi bir ölkə üçün böyük puldur. İranda hazırda inflyasiya tüğyan edir. İndi təsəvvür edin ki, 15-16 milyard dollar İranın daxilinə qayıdır və İranda sənaye istehsalı inkişaf edir, əhali öz biznesini və iqtisadiyyatını qurur. Beləliklə, İran iqtisadi cəhətdən güclənir.

Çini hamı güclü hesab edir, amma heç kim demir ki, Çinin qırıcı təyyarəsi var, yoxsa nüvə silahı var? Çin ona görə dünyanın ən güclüsüdür ki, iqtisadiyyatı artır və bununla da, Amerika iqtisadiyyatının nəfəsini kəsir.

Yəni İrana imkan verməyəcəklər ki, əsl güclü dövlət olsun. Əsl güclü dövlət silaha malik olmaq deyil, əsl güclü dövlət qat-qat güclü iqtisadiyyata malik olan dövlətdir. Məsələn, Amerika və Çin belə dövlətlərdir. Amma İranın bu cür dövlət olmasına imkan verilməyəcək.

Ona görə, lazım olsa, müharibə də edəcəklər. Əgər görsələr ki, İran öz iqtisadiyyatını qurmağa çalışır, o halda İrana qarşı müharibə elan edəcəklər. Amma nə qədər ki, İran silah istehsal edir, hələ ki, İranı müharibə ilə hədələyəcəklər, məcbur edəcəklər ki, İran Türkiyəyə, Azərbaycana qarşı atəş açsın. Ancaq İran iqtisadi cəhətdən real güclü dövlət olsa, Amerika və İsrail ona qarşı müharibə elan edər. Bu cür ritorika və sözlərlə İranı vadar edəcəklər ki, hansısa bir müsəlman dövlətinə qarşı müharibəyə başlatsın.

Mübariz Əhmədoğlu: “Əsl güclü dövlət silaha malik olmaq deyil, əsl güclü dövlət qat-qat güclü iqtisadiyyata malik olan dövlətdir”.

İranda bir qədər nüvə materialları var. Müharibə anlayışı genişdir. Təbii ki, İranı vura bilərlər. Əgər Tehran yaxınlığnda yerləşən nüvə obyektlərini vuracaqlarsa, heç olmasa, 1 həftəyə İranın şimalına, yəni bizə tərəf də radiasiya yayıla bilər. Buna görə, İranla bağlı müharibə çox böyük bir texnogen fəlakətə çevrilə bilər. Humanitar parametrlərlə düşünəndə, doğrudan da, əhalinin böyük əksəriyyəti, təxminən 50%-dən çoxu azərbaycanlılardır. Müharibə olacağı təqdirdə, qaçqın düşən azərbaycanlıların yarısı Türkiyəyə gedəcək, digər yarısı da bizə gələcək.

Biz isə hələ indi bir az güclənə bilmişik. Əgər oradan qaçqın düşən qardaşlarımız gəlsə, onlardan imtina edə bilmərik. Lakin bunun nəticəsində, Azərbaycanın da iqtisadiyyatı çökə bilər. Türkiyə böyük dövlətdir, onsuz da Suriyadan da qaçqın qəbul edib və bu, ona heç mənfi təsir də göstərməyib. Amma bizə o qədər qaçqın gəlsə, dövlətimizin iqtisadi gücü xeyli zəifləyə bilər.

Ona görə də, İranda müharibənin olması həm radiasiya baxımından, həm də insan axını baxımından bizim üçün arzuolunmazdır. Allah eləməsin ki, İrana qarşı müharibə olsun. Ümid edirəm ki, indi İranın başında dayananlar da ağıllı siyasət aparar və real dövlət qurarlar”.

Fatimə ƏLİYEVA
pia.az