İrəvandan Şuşa təxribatı - Bakının cavabı gecikmədi

İrəvandan Şuşa təxribatı - Bakının cavabı gecikmədi

İşğalçı ölkənin rəhbəri ərazilərimizdə keçiriləcək mərasimə qatılmazdan öncə Qarabağ separatçılarını hədələdi; Şuşa uğrunda döyüşmüş Yavər Hüseyn: "O yerləri qaytarmağımız üçün fədailər ordusuna ehtiyacımız var...”

Mayın 9-da Azərbaycanın 27 ildir ki, işğal altında olan Şuşa şəhərində Ermənistan rəhbərliyinin və Qarabağ separatçılarının iştirakı ilə "qələbə” tədbirləri keçiriləcək. Ermənistanın eks-prezidenti Serj Sərkisyan hələ iki gün əvvəldən tədbirlərə qatılmaq üçün Qarabağa gəlib.


Separatçı qurumun əvvəlki və indiki oyuncaq "prezidentləri” isə Ermənistanın baş prokuroruna müraciət ediblər. "Yeni Müsavat” bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Arkadiy Qukasyan və Bako Saakyan Ermənistanın keçmiş prezidenti, Qarabağ klanının rəhbərlərindən biri Robert Köçəryanın həbsdən azad olunmasını xahiş ediblər. Bununla da Qarabağ separatçıları Qarabağ klanını müdafiə ilə bağlı növbəti addımını atıb. Lakin Ermənistan prokurorluğundan məsələnin bu qurumun səlahiyyətində olmadığı haqda cavab gəlib. 1 mart hadisələrində günahlandırılaraq həbs edilmiş keçmiş baş nazir müavini Armen Gevorkyanı isə məhkəmə mayın 7-də azadlığa buraxaraq, Qarabağa yollanmasına icazə verib.


Ermənistanın baş naziri Nikol Paşinyanın reaksiyası isə özünü gözlətməyib. O, Dağlıq Qarabağın indiki və keçmiş qondarma liderlərinin Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib.


Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb. "Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə, heç kim bunu edə bilməz - Ermənistan müstəqil, suveren ölkədir” - o, Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib.


Paşinyanın sözlərinə görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən "milli birlik” məsələsi də baş tutan deyil. Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə, belələri ilə milli birlikdən söhbət gedə bilməz".


N.Paşinyan özünü Qarabağ klanının lideri kimi gözə soxan və separatçılara arxalanıb onun hakimiyyətinə meydan oxuyan Sərkisyan haqda da sərt danışıb. "Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm” - Paşinyan qeyd edib.


Ermənistanın həbsdə olan eks-prezidenti Robert Köçəryan isə həbsxanadan donquldanıb. Aydın şəkildə görünür ki, R.Köçəryan və onu müdafiə edənlər növbəti revanşa hazırlaşırlar. İstisna deyil ki, bu qüvvələrin arxasında hansısa güc mərkəzləri dayanır və Paşinyan da bunu bildiyindən Köçəryanın həbsdən buraxılmasına risk etmir.


Şuşadakı tədbirlərdə N.Paşinyan da iştirak edəcək. Lakin maraqlıdır ki, işğalçı ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Şuşanın işğal edilməsinin 27-ci ildönümü ilə bağlı mayın 9-da təşkil etdiyi tədbirlərə dəvət almayıb (Moderator.az). Ermənistan mətbuatı bu haqda L.Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresinin mətbuat katibi Arman Musinyana istinadla məlumat yayıb. Ter-Petrosyanın düşməni olan Serjik Sərkisyan Qarabağda olsa da, onun Şuşanın işğalı ilə bağlı "rəsmi” tədbirlərə qatılıb-qatılmayacağı dəqiq deyil. Hər halda, Paşinyanın son xəbərdarlığının ardınca Qarabağ separatçılarının Sərkisyanı yuxarı başa keçirməsi İrəvana meydan oxuma kimi qəbul olunacaq.


*****


Dünən Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma "qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir: "Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli ”Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir. Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir".


Rəsmi Bakı bəyan edib: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.


*****


"Mən sülh danışıqlarına inanmıram”. Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib (ONA). O bildirib ki, hər il verilən vədlər, yalanlar 27 ildir davam edir: "Mən beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk Qrupunun, istər ABŞ-ın boş vədləri, bir neçə sifətli siyasətləri barədə artıq danışmaq istəmirəm. Hamı bilir ki, bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, o dövlətlər haqq sözünü demir”.


İcra başçısı qeyd edib ki, Ali Baş Komandanın bir kəlmə əmri lazımdır: "Əgər o, əmr edərsə, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək”.


Keçmiş döyüşçü, Şuşa özünümüdafiə ərazi taborunun qərargah rəisi Yavər Hüseyn "Yeni Müsavat”a açıqlamasında dedi ki, Şuşa mövzusunda 27 il danışmaq çox ağırdır: "Müharibədə ölüm də, itim də var, torpaq da işğal olunur. Ancaq 27 il müddətində işğala dözmək əlbəttə ki, asan məsələ deyil. Mən illər uzunu bu nəticəyə gəlmişəm ki, danışıqla torpağın qaytarılması mümkün deyil. Bu danışıqlar ancaq torpaqların işğalının uzadılmasına xidmət edir. Mən həm də ali təhsilli tarixçiyəm. Tarixən görməmişəm ki, danışıqla torpaq qayıtsın”.


Y.Hüseyn Ermənistan rəhbərliyinin Şuşada keçirilən "qələbə” tədbirlərinə qatılmasına da sərt cavab verilməsini zəruri saydı: "Cavab əlbəttə ki, müharibə, savaş olmalıdır, başqa yolumuz yoxdur. Bəzən deyirlər ki, Rusiya, bütün xristian dünyası erməninin tərəfindədir, buna imkan verməzlər. Amma Cövhər Dudayevin yaxşı bir sözü var idi, deyirdi ki, ən güclü silah əlahəzrət xalqdır. ”10 milyonuq" deyib sinəmizə döyürük, 30-40 milyon da o tayda var, həmçinin Avropada xeyli azərbaycanlılarımız yaşayır. Bunlar səfərbər olunsa, vallah, Avropa da, Rusiya da, elə erməni də bizimlə hesablaşar. Erməninin burnu əzilməyincə, harınlayacaq və üstümüzə gələcək. Necə ki, Ermənistanın müdafiə naziri dedi hələ biz yeni torpaqları ələ keçirəcəyik. Düşmənin qabağından qaçanda təbii ki, daha da azğınlaşacaq, düşmənin üstünə gedərlər".


Keçmiş qərargah rəisi dedi ki, vaxtilə Şuşa uğrunda döyüşmüş silahdaşları bu gün ikinci Qarabağ savaşına qatılmağa hazırdır: "Mən bu sözü ilk dəfə deyirəm. Baxmayaraq ki, qabaqkı kimi gözlərim görmür, fiziki cəhətdən həmin adam deyiləm, amma səhhətimdə bu qədər problemlər olsa da, Qarabağ uğrunda döyüşlərə hazıram. Hesab edirəm ki, bizim o yerləri qaytarmağımız üçün fədailər ordusuna ehtiyacımız var. Ordumuz var, öz yerində. Amma mənim kimi, müharibə keçmiş, müəyyən yaşa çatmış insanlardan söhbət gedir. Mən fədailər sırasında getmək istəyirəm. Ya o torpaqda başımı qoyub ölmək, ya da qazi olmaq istəyirəm. Mən yataqda dünyamı dəyişmək istəmirəm. Bu gün ən böyük arzu-istəyim budur: əldə silah, fədai kimi düşmənin üstünə gedim, ya şəhid olum, ya da torpağımı alım. Mən gedib Şuşaya çata biməyəcəyəmsə də, mənim döyüşçü yoldaşlarım gedəcək. Amma biləcəyəm ki, biz irəliləyirik, torpağımız uğrunda döyüşürük. Vallah, bizim başqa yolumuz yoxdur”.


Y.Hüseyn bir ağrılı məqamı da bölüşdü: "Mənim övladlarım Şuşadan kənarda dünyaya gəliblər. Onlar nə qədər vətənpərvər olsalar belə - özüm haqqımda deyirəm ki, heç kim inciməsin - mən onların davranışından, danışığından da bilirəm ki, mənim qədər vətənpərvər olmaları mümkün deyil. Onlar mənim qədər o torpağa bağlı ola bilməyəcəklər, çünki mən Şuşada doğulmuşam, ömrümün yarıdan çoxunu orada yaşamışam. Mənim kimi Şuşaya bağlı insanlar dünyasını dəyişəndən sonra o torpağın qaytarılması daha da çətinləşir. Ona görə biz getməliyik, biz almalıyıq, balalarımız da yazıqdır, o problemləri onların çiyninə qoymaq olmaz! Neçə ildir kənara çəkilib ağlayırıq. Ağlamaq mənə yaraşmır. Ağlamaqla da iş düzəlmir. Nə qədər canımızda can var, gec deyil. İnşallah, bizim millət qələbə qazanmağa qadirdir, biz bunu bacaracağıq”.


Əminik ki, Şuşa daxil olmaqla, bütün işğaldakı ərazilərimiz bir gün geri qaytarılacaq və bu ərazilərə dönüşümüz baş tutacaq. Ermənistan tərəf dinc tənzimləmə yolunu qəbul etsə, özünü də xilas etmiş olar, Qarabağ ermənilərini də. Paşinyan özü də Ermənistan ordusunun durumunu etiraf edirsə, əlavə şərhə ehtiyac yoxdur..."Yeni Müsavat"